Qalmaqal bitməyən 198 saylı bağçadan daha bir şikayət – FOTO

image-bagca-2-1backend
image-uzb_ads_desk

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sabunçu rayonu, Bakıxanov qəsəbəsində fəaliyyət göstərən 198 saylı körpələr evi–uşaq bağçası haqda iddialar səsləndirilmişdi.

Deyilənlərə görə, bağça üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılması və mənimsənilməsi halları qeydə alınıb.

Sözügedən iddialarda bildirilib ki, ərzaqların bağçadan aparılması prosesi əvəzedici müdir təyin edilən Vəsilə Bayramovanın göstərişi ilə həyata keçirilir. Uşaqların qidalanması üçün nəzərdə tutulan müxtəlif ərzaq məhsulları mütəmadi şəkildə müəssisədən çıxarılıb.

Qalmaqal səngiməyən bağça ilə bağlı bu dəfə də daha ciddi iddialar səsləndirilib.

Busaat.az xəbər verir ki, bu barədə Yeniera.az-a həmin bağçada təhsil alan azyaşlılardan birinin valideyni bildirib.

Valideyn şikayətində qeyd edib ki, may ayının 31-də bağçada təhsil alan uşaqların valideynlərinin “Whatsapp” qrupuna 1 iyun – Beynəlxalq Uşaqlar Günü ilə bağlı səs yazısı göndərilib və valideynlərdən uşaqları üçün vahid köynək almaq üçün 12 manat pul yığılması tələb olunub. “Whatsapp” qrupuna səs yazısını göndərən şəxs isə özünü bağçanın valideyn komitəsinin sədri kimi təqdim edib.

Şikayətçinin sözlərinə görə, o, əvvəldə 12 manatı ödəmək istəməsə də, övladının digər uşaqlardan seçilməməsi üçün məcbur olaraq ödənişi edib. O bildirib ki, dövlət bağçasında bu kimi hallar yolverilməzdir və qanunsuz hesab edilir. Valideyn həmin şəxslə danışaraq bu qərara etiraz edib və müəllim ilə danışmaq istədiyini bildirib. Bu zaman özünü valideyn komitəsinin sədri kimi təqdim edən qadın buna ehtiyac olmadığını, bu təşəbbüsdən bağça rəhbərliyinin və müəllimin xəbərdar olmadığını bildirib. Bu təşəbbüsün onun özü tərəfindən irəli sürüldüyunü iddia edib.

Bundan əlavə, valideyn komitəsinin sədri bağçada uşaqlar üçün piknik təşkil edəcəklərini deyib. Şikayətçi isə qeyd edir ki, onun övladının səhhətində ciddi problemlər var və hər qidadan istifadə edə bilmir.

Bununla bağlı o, bağça rəhbərliyinə məlumat versə də, rəhbərlik bildirib ki, bura dövlət əsaslı bağça olduğundan əlavə qidalar gətirməyə icazə verilmir. Valideyn israrla vurğulayıb ki, piknik zamanı əlavə qidalar gətiriləcək.

Narazı valideyn qeyd edir ki, bunu rəhbərliyə bildirsə də, rəhbərlik “bir gündür, heç nə olası deyil” deyərək məsələdən yayınıb. Bundan əlavə, şikayətçi valideyn komitəsinin sədrinə etiraz etsə də, komitə rəhbəri yenidən onun şəxsi təşəbbüsü olduğunu söyləyərək bu məsələyə heç kimin qarışa bilməyəcəyini kobud şəkildə ifadə edib.

Valideyn məsələnin ictimailəşdirilməsini, 198 saylı bağçada qanunsuzluq və özbaşınalıq hallarına son verilməsini, eyni zamanda aidiyyatı qurumların bu məsələni araşdırmasını istəyib.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu göndərilsə də, sorğumuz cavabsız qaldı.

Materiala dair fotoları təqdim edirik:

image-whatsapp-image-2026-06-13-at-20-04-03-169x300-1image-whatsapp-image-2026-06-13-at-20-04-10-223x300-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki