Qarabağ yenidən cənnəti-məkan olacaqbackend

Qalibiyyətin, mənəvi ruh yüksəkliyinin doğurduğu hissləri sözlə ifadə etmək həqiqətən asan deyil.

Hər birimiz şəxsi həyatımızda hansısa uğura imza atanda bunun sevincini yalnız doğmalarımızla, yaxın ətrafımızla bölüşürük. Təsəvvür edin, indi isə ölkəmiz sevinc içərisindədir.

Mənsub olduğumuz xalq qalibdir, haqq savaşında qələbə qazanan Dövlətin vətəndaşlarıyıq!

Azərbaycanda artıq elə bir ailə yoxdur ki, üzü gülməsin. Hər evdə alqış edilir. Bu alqış Ali Baş Komandanımıza, Müzəffər Ordumuza, əsgər və zabitlərimizədir. Allah Şəhidlərimizə rəhmət etsin, yaralı həmvətənlərimizə şəfa versin.

Köküm işğaldan azad etdiyimiz Qubadlı rayonundandır. Rəhmətlik atam Qubadlının Mahmudlu kəndində anadan olmuşdu. 2016-cı ildə Bakıda dünyasını dəyişdi. Elm adamı, professor idi.

Özünə görə Bakıda gün-güzəran qurmuşdu, heç kimin, biz övladlarının maddi dəstəyinə də ehtiyacı yox idi. Ən böyük arzusu isə Qubadlıya qayıtmaq, orada yaşamaq idi. Allah dörd il möhlət versəydi, arzusunun gerçəkləşdiyini görərdi. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun qələbəsi imkan verdi ki, atamın vəsiyyətini yerinə yetirim, Qubadlının torpağını onun məzarındakı torpağa qatım, ruhunu sevindirim.

Bu gün füsunkar Qarabağımızın gözəl guşələrindən biri də – Ağdam düşmən tapdağından azad olundu. Torpaqlarımız qarış-qarış erməni işğalından azad edildikcə, milli kimliyimizin və milli qürurumuzun toxunulmazlığını bütün dünyaya sübut edirik. Bu hiss Vətənin, torpaqlarımızın bütövlüyündən, birliyimizdən keçir. Ağdam camaatı arasında xeyli tanışlarım var. Dədə-baba torpaqlarına qovuşmaları münasibətilə onların hər birini ürəkdən təbrik edirəm. Ağdamdan olan dostlarımı isə fərdi qaydada artıq təbrik etmişəm. Onlardan bir çoxunun söylədikləri bilirsiniz nə oldu? Dedilər ki, ərazi minalardan təmizlənsin, doğmalarımızın məzarlarını dini qaydalarımıza uyğun olaraq dədə-baba torpağımıza köçürəcəyik. Ermənilər isə meyitlərini çıxarıb özləri ilə aparırlar. Çünki, bilirlər ki, bu torpaqlar heç vaxt onlarınkı olmayıb, deyil və olmayacaq. Bir də bu torpaqlara qayıtmayacaqlar. Fərq və tarixi ədalətin təntənəsi budur.

Prezident İlham Əliyev xalqımıza bugünkü müraciətində xülya ilə yaşayan Ermənistanın siyasi-hərbi rəhbərliyinə və erməni separatçılarına sonuncu ismarıcını göndərdi:

“İndi yenə mələyə-mələyə, sürünə-sürünə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin… Ona görə əgər erməni faşizmi bir də baş qaldırsa, əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, 10 qatını alacaqlar, 10 qatını və heç kim bizi durdura bilməz”.

Xalqımızı isə qarşıda böyük quruculuq-abadlıq işləri gözləyir. Çünki, Azərbaycan xalqının məramı yaranışından budur. Ali Baş Komandanımız, Prezident İlham Əliyev dünyaya sübut etdi ki, Azərbaycan xalqı öz Milli Qürurunu, Vətənini, torpağını qorumağa qadirdir. Çox keçməz, onu da görərlər ki, Qarabağda erməni vandallığının yerində yenidən cənnəti-məkan yaradılıb. Allah köməyimiz olsun!

Milli Məclisin deputatı

Ülvi Zahid oğlu Quliyev