“Qarabağı yalnız savaş yolu ilə qaytaracağıq” – Deputatbackend

“Biz çox istedadlı xalqıq, fərdlər olaraq gözlənilməz möcüzələrə imza ata bilərik. Sadəcə və nə yazıq ki, bir mühüm nöqsanımız var: hədəfsiz xalqıq”.

Busaat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa koronavirus pandemiyası ilə mübarizədə iki günlek qadağanın cəmiyyətdə yaratdığı vəziyyəti şərh edərkən qeyd edib.

Qarabağı savaş yolu ilə qaytarmaq üçün savaşa hazır olan ordunun vacib olduğunu vurğulayan Fazil Mustafaya görə, ordudan öncə savaşın bütün çiləsini çəkməyə hazır olan xalqın çoxluğu lazımdır:

“”Ali Baş Komandan əmr versin, hamımız döyüşə hazırıq!” ritorikası əlbəttə ki, təbliğat üçün, ruh yüksəkliyi üçün lazımdır, lakin bu ritorikanın altında real məzmun durmalıdır: bu da xalqın mövcud psixoloji durumudur. Bir siyasətçinin əsas vəzifəsi xalqı ekstremal duruma hazırlamaqdır, onun üçün doğru hədəfləri hazırlayıb təqdim etməkdir. Konkret zaman şərtlərində mövcud cəmiyyətə doğru hədəf göstərmək çox vacibdir.

Erməninin yerinə başqası da olsa, öz xoşu ilə qan töküb işğal etdiyi torpaqdan könüllü çıxmaz. Demək ki, zorla, döyərək, savaşaraq, qan tökərək düşməni çıxarmalıyıq. İndi təsəvvür edin ki, Ali Baş Komandan savaşdan öncə xalqın əhval-ruhiyyəsini öyrənmək istəyir ki, qəti qərarını versin. COVİD-19 kod adı altında mülki müdafiə hazırlığını yoxlamaq üçün əməliyyatın başlamasının “həyəcan” komandasını verir. Yəni düşmən bakteroloji silahla hücum edib, insanlar passiv şəkildə evə çəkilməlidirlər, özlərini əleyhqazlarla qorumalıdırlar, müvafiq ordu birlikləri də düşmənin bu hücumunu xüsusi qoruyucu formalar geyərək dəf etməlidirlər. Cəmi ikicə gün passiv dözmə tələb olunur.

İki gün üçün azuqə dağıtma kampına bənzəyən marketlərə baxdıqca dərindən köks ötürürsən ki, biz savaşa başlayan ordumuza çoxluq olaraq ancaq mədəaltı vəzimizlə dəstək verməyi düşünürük. Bir gün təcrid olunma- sanki bir aylıq savaşın məşqi, iki gün təcrid olunma –sanki iki aylıq savaşın məşqidir. İndi necə davranacağıqsa, savaşı da elə aparacağıq. Biz Qarabağı 70 illik Sovet hakimiyyətinin dinc yaşayış məşqində itirdik.

Savaş, hədəfi olan və bu hədəfə doğru yürüyərkən bütün bəhanələri dəftərindən silmiş, mədəaltı vəzinin diqtəsi ilə deyil, ağlının, əxlaqının diqtəsi ilə danışan, yaşayan xalqa söykənərək aparılır. Bu məşqi bir neçə dəfə təkrarlamalıyıq. Biz istedadlı xalqıq, mütləq alınacaq. Sadəcə bu məşqləri heç olmazsa, bu ağır günlərdə boşuna keçirməyək”.

Gülay