ABŞ-da 2024-cü il prezident seçkiləri yaxınlaşdıqca, diqqət mərkəzinə iki mühüm siyasi şəxsiyyət düşür: hazırkı vitse-prezident Kamala Harris və keçmiş prezident Donald Tramp.
Bu iki siyasi lider arasında keçiriləcək mübarizə ABŞ-nin gələcək siyasi istiqamətini müəyyən edəcək və ölkənin daxili və xarici siyasətində dərin dəyişikliklərə səbəb ola bilər.
Bəs ABŞ-nin yeni prezidenti kim olacaq?
Busaat.az bu mövzuda suallarını politoloq Oqtay Qasımova ünvanlayıb.
Politoloq bildirib ki, Kamala Harris hazırkı vitse-prezident olaraq, Demokrat Partiyasının əsas fiqurlarından biridir:
“Kamala Harris birinci dəfə olaraq ABŞ prezidentliyinə namizədliyini irəli sürməklə tarix yazmağa çalışır. O, sosial ədalət, irqçilik və gender bərabərliyi kimi məsələlərdə güclü mövqeyə sahibdir və bu ona böyük bir seçici dəstəyini təmin edir. Buna baxmayaraq, Harrisin siyasi təcrübəsi və liderlik keyfiyyətləri seçkilərdə həlledici olacaq. O, xüsusən qadın seçicilər və gənclər arasında populyarlıq qazanmağa çalışır. Onun ianə kampaniyasında yetəri qədər gəlir əldə etməsi sübut etdir ki, Trampın qarşısındakı rəqib o qədər də zəif deyil. Belə ki, əgər Baydenin özü namizədliyini versəydi, o zaman Trampın qələbəsi heç bir şübhə doğurmurdu”.
Trampın seçki kampaniyası ilə bağlı fikirlərini bölüşən Oqtay Qasımov qeyd edib ki, onun arqumentləri keçərsiz olmağa başlayıb:
“Donald Tramp isə, dörd illik prezidentlik dövründə çoxsaylı qalmaqallarla yadda qalsa da, yenidən siyasi səhnəyə qayıtmaq üçün ciddi hazırlıqlar görür. Tramp iqtisadiyyat və sərhəd təhlükəsizliyi sahələrində sərt mövqeyi və “Amerika böyükdür” şüarı ilə Respublikaçılar Partiyasının əsas namizədi olaraq qalmaqdadır. Ancaq onun keçmiş prezidentlik dövründə baş vermiş hadisələr və ittihamlar, onun bu dəfəki kampaniyasında ciddi maneə yarada bilər. Qeyd etmək lazımdır ki, Trampın seçki qərargahı da artıq seçki tezisləri üzərində yenidən işləmək məcburiyyətində qalacaq. Belə ki, Baydenlə yarışda Trampın istifadə elədiyi bütün tezislər artıq keçərsizdir və bugün faktik olaraq özünün əleyhinə yönələ bilər”.
Politoloq Kamala Harrisin müəyyən mənada daha üstün olduğunu deyib:
“Yaxınlarda Harrislə Tramp arasında teledebat baş tutacaq. Düşünürəm ki, teledebat seçkilərin nəticələrinə ciddi təsir edəcək. Analiz edəndə görmək olar ki, Kamala Harris debatlarda Trampdan daha üstün olacaq”.