“Rizin” kəmərini ölkəmizə gətirən idmançı: O, məni “Çingizxan”, “Rembo” çağırır

“Rizin” kəmərini ölkəmizə gətirən idmançı: O, məni “Çingizxan”, “Rembo” çağırırbackend

31 dekabrda Azərbaycanda bayrama bayram qatan şəxs məhz o oldu. O, MMA üzrə “Rizin” turnirinin yüngül çəkidə dünya çempionu adını qazandı. Yəqin, söhbətin kimdən getdiyini təxmin etdiniz.

Oxu.Az kəməri Azərbaycana gətirmiş Tofiq Musayevdən müsahibə alıb.

30 yaşlı idmançı əvvəlcə özü barədə oxucularımıza məlumat verməklə müsahibəyə başladı.

– Uşaqlığım Qaradağ rayonunun Sahil qəsəbəsində olub. Əslən Gürcüstan azərbaycanlısıyam. İlk vaxtlar – 12 yaşımdan karate ilə məşğul olmuşam. Daha sonra güləş, boks, cüdo, taekvondonu öyrənmişəm. 2011-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam və dörd il sonra oranı bitirib hərbi xidmətə yollanmışam.

Hərbi xidmətdən qayıtdıqdan sonra pankrationda respublika çempionu, beynəlxalq turnirlərin qalibi, Avrasiya çempionu olmuşam, Dünya Kubokunda ikinci yeri tutmuşam. Həmçinin, kunq-fu sanda üzrə dünya çempionu olmuşam. Sadaladığım idman növləri ilə məşğul olduğumdan, MMA-ya marağım vardı. Şükürlər olsun ki, axtardığım idman növündə özümü tapmışam.

– Bu idman növlərini əlcək kimi dəyişməyinizdə səbəb nə olub?

– Bildiyiniz kimi, MMA qarışıq idman növlərinin toplusudur. Əfsuslar olsun ki, Azərbaycanda bu idman növünün bazası, dəqiq proqramı yoxdur. Məsələn, MMA ABŞ-da yaranıb. Orda MMA-ya yazılanda onlar bütün idman növləri ilə məşğul olurlar. Burada kikboks, boks, muay-tay, qrapplinqdən anlayışın olmalıdır.

– MMA üzrə məşhur statistik sayt olan sherdog.com-da 2013-cü ildə ilk peşəkar MMA görüşünə çıxdığınız yazılıb. Bu, nə dərəcədə doğru informasiyadır?

– Mən peşəkarcasına daha əvvəlki tarixlərdən vuruşmuşam. Sadəcə, onlar “Şerdoq”da əks olunmayıb. Biz o vaxt döyüşəndə “Şerdoq” nədir, bilmirdik. O döyüşlərin ora salınması üçün peşəkar menecerlər lazım idi. Biz o döyüşlərə gedəndə sadəcə müəllim heyəti ilə gedirdik.

– MMA idmançılarının əksərinin ləqəbləri olur. Sizdə nə əcəb ləqəb yoxdur?

– Şəxsi məşqçim arada məni “Çingizxan” və ya “Rembo” kimi çağırır. Təbii ki, bunu zarafatla deyir. Mənim ləqəbə ehtiyacım yoxdur. Öz adım da bayrağımızı yüksəltməyə kifayət edir.

– İndiyədək peşəkar MMA-da üç döyüşdə uduzmusunuz. Bunların üçündə də rəqibləriniz rusiyalı idmançılar olub. Belə düşünmək olarmı ki, bu ölkənin təmsilçilərinə qarşı döyüşməkdə çətinlik çəkirsiniz?

– Mən o döyüşlərin ikisində məğlub olmuşam. 2014-cü ilin oktyabrın 31-də Moskvada Aygün Əhmədova ilə döyüşümdə özümü məğlub hesab etmirəm. Həmin döyüşdə barmağım sınsa da, daha çox üstün tərəf mən idim. Döyüş isə üç yox, iki raund davam etdirildi.

Bundan sonra rinq hakimi əlimi yarıyadək qaldırsa da, sonradan hakimlərin şübhəli qərarları ilə qalib rəqibim elan olundu. Bunu “Youtube”da həmin döyüşün videosunda da görə bilərsiniz. Həmin hakim sonradan Bakıda olanda demişdi ki, yan hakimlər dağıstanlı idilər deyə ona daha çox xal verilib.

O döyüşdə mənim haqqıma girmişdilər. Həmin rəqibim heç özü də qələbəyə sevinməmişdi. Mənə də soyunub-geyinmə otağında demişdi ki, mən bu döyüşü udmamışdım. Ona görə də həmin döyüşdə özümü məğlub saymıram.

– Ardıcıl 14 qələbənin sirri nədədir?

– İlk növbədə bunun səbəbkarı Allah, ikinci yerdə isə məşqçim Ruslan Əfəndiyevdir. Çünki onun verdiyi düzgün rejim, düzgün məşq məni bu yerə gətirib çıxarıb. Ruslan müəllim zalda məşqçi, bayırda valideyndir. Gün ərzində ən çox bu insanı görürəm. Onu görəndə qürurlanıram.

– Demək olarmı ki, belə bir məşqçinin əlinin altına düşdüyünüz üçün bəxtiniz gətirib?

– Təəssüf ki, bəzi məşqçilər idmançılara biznes gözü ilə baxır. Amma Ruslan müəllim elə deyil. Onun pula bir qram da marağı yoxdur…

– Bildiyimə görə, özü kirayədə yaşayır…

– Əfsuslar olsun ki, belədir. Halbuki onun “Bellator”da yarışan Vüqar Kərəmov, Cəmil İbrahimov kimi idmançıları var. Hər ikisi orda qələbə qazanıb. Bildiyiniz kimi, Mehman Məmmədov fevralın 15-də “Eagles” turnirində kəmər üçün döyüşəcək. Tural Rəhimov ACA-da (Absolute Championship Akhmat) yarışır.

Xəzər Rüstəmov, Fərid Babazadə, Aqşin Babayev kimi Azərbaycanı kənarda tanıdan MMA idmançıları var. Nəriman Abbasov onun tələbəsi olmasa da, o da Azərbaycanı xaricdə layiqincə təmsil edir. Mən Azərbaycanın bayrağını qaldıran istənilən idmançıya hörmətlə yanaşıram. Bayraq, gerb bizim qanımız, canımız, namusumuzdur. Onu hər zaman dalğalandırmaq lazımdır.

– Vətənpərvər olduğunuzu bilirəm. Əvvəllər heç erməni idmançılarla qarşılaşmısınız?

– Olub. Bu, həvəskar MMA-da zamanı baş verib. Onlara vaxtından tez – nokautla qalib gəldiyim anlar olub.

– Çempionu olduğunuz Rayzin Döyüş Federasiyasına qoşulmağınız necə oldu?

– Mən bundan qabaq WFCA-da (World Fighting Championship Akhmat) döyüşürdüm. Orda rusiyalılar – Zurab Beterqarayev və Marif Pirayevi məğlub etdim. Mənə görə Pirayevlə döyüş 2018-ci ilin mayın 4-nə Bakı Olimpiya Stadionuna salınmışdı. Bundan sonra kəmər döyüşünə çıxmalı olsam da, mənə zədələnən İmanəli Həmzətxanovun yerinə döyüş təklif olundu. Halbuki döyüşə 12 gün qalmışdı.

Mən də vaxt istədim. Sonradan kəmər döyüşümü uzatdılar deyə Yaponiyada “Rizin”lə müqavilə bağladıq. 2018-ci ilin dekabrın 31-də “Tayson” ləqəbli yapon Nobumitsu Osavanı məğlub etdim. İlk dəfə yapon publikası ilə orda tanış oldum.

Yeri gəlmişkən, həmin gecənin əsas yarışı boksçu Floyd Meyvezerlə kikboksinqçi Tensin Nasukava arasında idi. Hər ikisi öz idmanında məğlubedilməz idi. Amma Meyvezer bu döyüşdə çox asan şəkildə qalib gəldi.

– Əslində, bu döyüş də “Rizin”in dünyanın ən güclü MMA turniri olmasından xəbər verir…

– Təbii ki. Elə mənim kəmər döyüşümdən iki gün əvvəl “Bellator”un rusiyalı qalibi Fyodor Yemelyanenko ilə “Rampeyc” ləqəbli amerikalı Kvinton Ceksonun döyüşü də bu “Rizin”in səviyyəsini göstərir.

Bildiyiniz kimi, “Rizin”lə “Bellator” təşkilatları arasında 2018-ci ildən müqavilə var. “Bellator”un idmançıları gəlib burda döyüşürlər. Mənim qarşılaşdığım “Pitbull” ləqəbli Patriki Freyre də “Bellator”dan gəlmişdi.

– “Rizin”in yüngül çəkidə qalibi oldunuz. Ola bilərmi ki, “Bellator”un bu dərəcədə ən güclüsü ilə qarşılaşasınız?

– Bəli, ola bilər. Artıq dünya reytinqində 13-cü yerdəyəm. Mənim növbəti rəqibim, böyük ehtimalla, ilk “onluq”dan olacaq.

– Final görüşü barədə də danışaq. “Pitbull”la sanki birinci raundda kəşfiyyat xarakterli döyüşürdünüz…

– Yox, bundan əvvəlki Coni Keyslə döyüş zamanı başına zərbə vurarkən sağ əlim sınmışdı. Qoluma keyidici iynə vurmuşdular. Mənə demişdilər ki, döyüşdən imtina etsən, kəmərə “Pitbull” sahib çıxacaq. Mən isə dedim ki, həkimlərin əli altında ölməkdənsə, rinqdə ölərəm.

Birinci raundda zərbə vuranda gördüm ki, əlim ağrıyır, hələ iynə tam təsir etməmişdi. Amma əlim tam keyidikdən sonra ikinci raunddan sonra rahat zərbə vurmağa başladım.

– Amma onun məşqçisi də bildirmişdi ki, idmançısı bu döyüşə əli sınıqlı çıxıb…

– Mən bu sözlərə inanmıram. Çünki əli sınıq olan idmançı adamın üstünə elə hücum etməz. Bu, məğlubiyyətə don geyindirmək cəhdi idi. Onun əli mənimlə döyüşəndə qırılmış ola bilər. Çünki onun ilk döyüşü cəmi 13 saniyə çəkmişdi.

– “Rizin” daha çox döyüşləri rinqdə keçirir. Amma MMA deyəndə ağla ilk olaraq səkkiz guşəli oktaqon yada düşür. Sizin üçün hansında çıxış etmək daha rahatdır?

– Elə bir fərqi yoxdur. Bildiyiniz kimi, “Rizin” daha əvvəl 1997-2015-ci illər ərzində “Pride Fighting Championships” adı ilə fəaliyyət göstərib. “Rizin” artıq öz dəst-xətti ilə seçilir. UFC-də yerdə olan rəqibin başına zərbə vurmağa icazə verilmirsə, burda var. Burda qaydalar çox sərtdir.

– UFC ilə “Rizin”in başqa fərqləri hansıdır?

– UFC-də döyüş ayaqqabısı ilə oktaqona çıxmalısan. Həmçinin orda lasinlə döyüşməyə icazə var. Amma “Rizin”də ayaqqabısız olmalısan və yalnız şort geyinib döyüşməlisən.

– Bilirəm ki, oxucuları ən çox bu sual maraqlandırır. Siz Azərbaycanın UFC-də çıxış edən ilk idmançısı ola bilərsinizmi?

– Ola bilər. Mənim “Rizin”də məğlub etdiyim Daron Kruikşank, Damyen Braun, Coni Keys əvvəl UFC-də çıxış edib. Bu üzdən UFC-nin mənə marağı artıb. Onlar özləri bizimlə əlaqə saxlayıb. UFC-nin meneceri Şon Şelbi ilə ilkin danışıqlarımız olub. Amma burda maddi və mənəvi söhbətlər var. Mənim Yaponiyada özüməməxsus publikam formalaşıb.

Çoxları fikirləşir ki, yalnız UFC pik nöqtədir. Mən isə deyərdim ki, təşkilatı bir nömrə edən döyüşçülərdir. Əgər döyüş üslubun maraqlıdırsa, artıq hansı turnirdə yarışmağından asılı olmayaraq, sənə bütün dünya baxacaq. Şəxsi fikrim budur ki, “Rizin”də qalıb qazandığım kəməri müdafiə edim.

– UFC-də çıxış etməyə maraq göstərməməyinizdə Həbib Nurməhəmmədov amili də rol oynayırmı? Eyni çəki kateqoriyasında döyüşürsünüz və UFC-də qələbə qazandıqca, gec-tez onunla qarşılaşmalı olacaqsınız…

– Ən azı müsəlman olduğu üçün ona böyük hörmətim var. Şəxsiyyət kimi bir-birimizi yaxından tanımırıq. Təbii ki, UFC ilə müqavilə bağlasam, artıq o mənim üçün rəqibə çevriləcək. Ümumiyyətlə, həmişə güclü idmançılarla qarşılaşmaq istəmişəm. Çünki hər döyüşçüdən bir təcrübə toplayırsan. Biz yarışdığımız döyüşlərdə Azərbaycanın üzüyünün qaşıyıq.

– Döyüşünüz 31 dekabrda idi və əksər idmansevərlərin gözü sizdə idi. Düşünmürsünüz ki, döyüşünüz daha tez olsaydı, həm ölkə başçısı, həm də Gənclər və İdman Nazirliyi tərəfindən ilin mükafatlandırılanları arasında ola bilərdiniz?

– 31 dekabr mənə uğurlu tarixdir. 2018-ci ildə də Yaponiyada bu tarixdə qələbə qazanmışdım, indi də. Hər iki halda azərbaycanlıları Həmrəylik Günü münasibətilə rinqdə təbrik etmişəm. Bildiyiniz ki, dekabrın 24-ü ölkə başçımız İlham Əliyevin ad günü idi.

Kəmər döyüşümdəki qələbəni ona həsr etdim. Bütün bunlar mənim ürəyimdən gələn bir şey idi. Sualınıza gəlincə, inşallah, mən də nə vaxtsa mükafatlandırılanlar arasında olaram.

– Yapon publikasını sizin üçün Azərbaycan xalqından sonra ən sevimli adlandırmaq olar?

– Mənə “Instagram”da Yaponiyadan yazan çoxdur. Ora gedəndə bizi qarşılayırlar. Hava limanından otelə kimi bizi müşayiət edirlər. Hədiyyə verən kim, şəkil çəkdirən kim. Hətta yapon qadınlardan biri döyüş zamanı üzərində şəklim olan köynəklə ora gəlmişdi. Qalib gələrkən o ağlayırdı.

Qanı qanımdan, canı canımdan olmasa da, bu millətin bizə təəssübkeşliyi, qayğısı məni çox təsirləndirib. Avtoqraf üçün necə növbəyə dayanırdılar. Hazırda Yaponiya telekanallarından birindən dəvət almışıq. Bir də Gürcüstan parlamentinin azərbaycanlı deputatları məni ora tədbirə çağırırlar.

– Sizə kəmərdən başqa, 15 milyon Yaponiya yeni verildi. Bu da bizim pulla təxminən 232 min manat pul edir. Pulunuzu milli valyutaya dəyişmisinizmi?

– 60 gün ərzində bizim başqa təşkilatla müqavilə bağlamağımıza icazə yoxdur. Hazırda dopinq kontroldayam. İstənilən vaxt gəlib məndən dopinq test götürə bilərlər. 60 gün ərzində məndən dopinq tapılmazsa, ondan sonra bu pul bizim şəxsi hesabımıza köçürüləcək. Bu pulun hamısı bizə çatmır. Çünki mənim “Match Maker”im Ukraynadan olan Kirill adlı menecerdir. Ona da bu puldan müəyyən faiz çatacaq.

– Məşqçiniz rusdillidir. Amma siz həm rus, həm də ingilis dilində danışmaqda çətinlik çəkirsiniz. Qələbələr gəldikcə, sizə xarici jurnalistlərdən müsahibə almaq cəhdləri çoxalacaq. Dil biliklərinizi artırmaq barədə heç düşünmüsünüzmü?

– Artıq düşünürük (gülür). Kursa yazılmaq üçün artıq danışıqlar da gedir. Gündə 2-3 dəfə məşq edirik. Aylarla təlim-məşq toplanışlarında oluruq, ailə üzü görmürük. Bu üzdən dil öyrənməyə vaxtımız olmur.

Ola bilər ki, bizi dil bilmədiyimiz üçün qınayasınız. Amma burda vaxt söhbəti var. Boş vaxt tapanda çalışıram ki, bir az elmlə məşğul olum, ingilis-azərbaycanca olan lüğətə baxım. Kursa yazılmaq barədə planlarımız var.

– Hazırda əlinizin durumu necədir?

– İndi həkim nəzarətindəyəm. Hər gün əlimi yoxlatdırıram. Qırığın bitişməsi üçün iş gedir. Şükürlər olsun ki, yavaş-yavaş düzəlir. Həmçinin digər orqanlarımda da problem olub-olmamasını bilmək üçün analiz verirəm.

Yeri gəlmişkən, rəhmətlik atamın həmişə arzusu mənim dünya çempionluğumu görmək olub. Bu gün onun arzusunu həyata keçirdiyim üçün özümlə qürur duyuram. Hər bir övladın arzusu valideynlərinin ümidlərini doğrultmaqdır. Şükürlər olsun ki, bunu bacarmışam.

Son olaraq “Olimpiya” Döyüş Klubunun rəhbəri Eldar İsmayılova döyüşümün “CBC Sport” telekanalı vasitəsilə canlı şəkildə göstərilməsinə çalışdığı üçün təşəkkür edirəm. Həmçinin Oxu.Az rəhbərliyinə və şəxsən sizə də mənim döyüşüm barədə ictimaiyyəti məlumatlandırdığınız üçün minnətdaram.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90