Şəmkirdə polis qeyri-qanuni şəkildə dini mərasimə müdaxilə edib? – RƏSMİ + FOTObackend

“Bəzi sosial şəbəkələrdə Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının rayonun Morullu kənd sakininə məxsus evə qeyri-qanuni yolla daxil olması, oradakı dini bayraq və şüarların sökülməsi ilə bağlı əsassız, böhtan xarakterli xəbər yayılıb”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında deyib.

O xatırladıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb:

“Əfsuslar olsun ki, bəzi vətəndaşlar öz həyətlərində dini şüar və bayraqlar asaraq Aşura mərasimi təşkil etməklə karantin rejimini kobud surətdə pozmağa cəhd edirlər. Bununla əlaqədar Şəmkir RPŞ-nin əməkdaşları rayon ərazisində mütəmadi reydlər keçirib, sakinlərlə izahedici-maarifləndirici söhbətlər aparıb.

Reyd zamanı rayonun Morullu kəndi ərazisində Mahir Əmraslanova məxsus fərdi yaşayış evində Aşura mərasiminin keçirilməsi ilə əlaqədar hazırlıq işləri görüldüyü, bu məqsədlə dini şüarlar və bayraqlar asıldığı aşkar edilib.

Polis əməkdaşları dərhal mərasimi başlamadan dayandırıb, həmin şüar və bayraqlar sökülüb. Vətəndaş M.Əmiraslanov və onun oğlu Mətləb Əmiraslanov saxlanılaraq RPŞ-yə gətirilərək, onlarla profilaktiki söhbətlər aparılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilərək inzibati qaydada cərimə ediliblər”.