Şəxsi maraqlar, sapı bizdən baltalar və tez oyuna gətirilən “küsəyənlər”

Şəxsi maraqlar, sapı bizdən baltalar və tez oyuna gətirilən “küsəyənlər”backend

Diqqətlə fikir versək, son günlər böyük canfəşanlıqla, az qala zorla sosial şəbəkələrdə gündəmdə saxlanılan hərbi mövzunun müzakirəsinin arxasında əslində şəxsi ambisiya və bizi istəməyənlərin maraqları, eyni zamanda Ordumuzu gözdən salmağa, ləkə yaxmağa çalışan sapı bizdən baltaların, tez oyuna gətirilən “küsəyənlərin uğurlu fəaliyyətinin” durduğu aydın görünür.

Busaat.az ANN.Az-a istinadən xəbər verir ki, keçmiş hərbi qulluqçu Qəhrəman Mənsimzadə müraciətində ictimailəşdirilməsi yolverilməz olan çoxlu məqamlara toxunur, necə deyərlər “bir ağacın min budağını silkələyir”. Əslində isə onun şəxsi maraqdan, ambisiyadan bəhrələndiyi və qərəzli münasibətdə olduğu da açıq aydın sezilir. Hamını, hər şeyi, hər kəsi pisləyir, özünü elə təqdim edir ki, sanki bundan daha çox canıyanan, bunun qədər zəhmətkeş başqa birisi yoxdur. Sanki o “ağ südün içində yaşayan mələkdir”. Və Q.Mənsimzadənin bu ambisiyasından düşmən və bizi gözügötürməyənlər çox ustalıqla bəhrələnirlər. Halbuki yüzlərlə, minlərlə zabit xarici kurslarda, təhsil müəssisələrində uğurla təhsil alıb, peşəkarlığını artırıb və bu gün də hərbi xidmətini uğurla davam edir. Onların arasında tərxis olunanlar da az deyil. Lakin heç biri “ortalığa atılaraq” düşmən dəyirmanına su tökmür, ordumuza böhtan atmır, hərbi qulluqçularımızın heysiyyatı ilə oynamırlar.

Keçmiş hərbçi Q.Mənsimzadənin ancaq qara rəngdə təqdim etdiyi hərbi təhsilimizə gəlincə, onu deyə bilərəm ki, ölkə rəhbərliyinin qayğısı, eləcə də ölkəmizin iqtisadi gücü nəticəsində əldə edilən uğurlar və hərbi təhsil müəssisələrində yaradılan şərait göz qabağındadır. Belə olmasaydı ilbəil başqa ölkələrin nümayəndələrinin də bizdə hərbi təhsil almasına maraq artmazdı.

Ehtiyatda olan hərbi qulluqçu medallarını, fəxri fərmanlarını qabarıq şəkildə nümayiş etdirməklə yanaşı nədənsə aşağı vəzifəyə təyin edilməsinin səbəbini söyləyəndə çox qeyri-səmimi görünür. Belə ki, onun kimi “yüksək səviyyə və bacarığa” malik bir hərbi qulluqçunun öz xahişi ilə aşağı vəzifəyə təyin edilməsi o qədər də inandırıcı gəlmir. Bildiyim qədəri o, yol verdiyi hansısa bir səhvə görə daha böyük cəza almaqdan yayınmaq məqsədilə raport yazıb. Bu gün isə başqa “uğurları” ilə yanaşı bunu da əlində bayraq edib.

Fikrimcə nə qədər bacarıqlı, savadlı olsa da, nə qədər mükafata layiq görülsə də, tərxis edildikdən sonra döşünə döyərək xidmət etdiyi qurum haqqında sosial şəbəkələrdə iftira və böhtanlarla dolu məlumatlar yaymaq, əldə edilən bu qədər uğurları qaralamağa cəhd etmək hərbi qulluqçu üçün yolverilməzdir, mənəvi haqsızlıqdır.

Əmin olduğum bir nüansı da dilə gətirmək istərdim. Onun bu addımının arxasında şəxsi marağı vardır və nəyəsə nail olmaq istəyir. Fikrimcə bu gün kimlərinsə dəstəyi ilə yazılan konspektləri birnəfəsə, “bədahətən” səsləndirən keçmiş hərbiçi Q.Mənsimzadənin şəxsi ambisiyaları təmin edildikdən və onu oyuna gətirənlər məqsədlərinə nail olduqdan sonra onun “haqq-ədalət mücadiləsi də” bitəcəkdir.

Amma yenə də olan Azərbaycan Ordusuna olacaq, zərbə xidmətini bu gün inamla, cəsarətlə davam edən Azərbaycan hərbçilərinə dəyəcəkdir. Ehtiyatda olan hərbi qulluqçunun bu “cəsarətli” addımından ustalıqla yararlanan düşmənin fəaliyyəti nəticəsində hərbçilərimiz növbəti bir mənəvi sarsıntıdan atlamalı olacaq. Ordumuzun şəxsi heyətinin döyüş meydanında olduğu kimi, belə imtahanlardan da yenə də inamla, uğurla, əzmlə çıxacağına isə qəlbən inanıram və heç bir şübhəm yoxdur.

Eldar Abasətoğlu
Ehtiyatda olan zabit, orta məktəb müəllimi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90