Son illər Bakının küçələrində elektrik skuterləri sayı nəzərəçarpacaq dərəcədə artıb. Vaxta qənaət, nisbətən aşağı xərc və tıxaclardan yayınmaq imkanı bu nəqliyyat vasitələrini, xüsusilə gənclər arasında getdikcə daha populyar edir.
Busaat.az xəbər verir ki, mikromobilliyin sürətlə genişlənməsi yeni problemləri də üzə çıxarıb. Səkilərdə yüksək sürətlə hərəkət edən skuterlər, qoruyucu vasitələrdən istifadə etməyən sürücülər, yol hərəkəti qaydalarının pozulması və artan qəza riski artıq gündəlik həyatın müşahidə olunan mənzərəsinə çevrilib. Skuterlərin yolun ortasında və ya səkilərdə pərakəndə saxlanılması sürücülər və piyadalar üçün narazılıq doğurur. Səkilərdə sürət həddinin aşılması, bir skuterdə iki nəfərin hərəkət etməsi və azyaşlıların nəzarətsiz istifadəsi qəza riskini artırır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, qaydalara əsasən 14 yaşından aşağı şəxslərin skuterlərlə yollarda hərəkət etməsi yolverilməzdir.
Onun sözlərinə görə, bu məqam mütləq nəzərə alınmalıdır:
“Çünki yol hərəkəti məsuliyətli, diqqətli davranış tələb edir. Ciddi problemlərdən biri odur ki, bəzən birskuterlə bir neçə nəfərin hərəkət etməsinin şahidi oluruq. Qaydalar isə deyir ki, skuterdə onu idarə edən ancaq bir nəfər ola bilər. İkinci adamın orada olmağı təhlükəli, yolverilməzdir. Çünki bu hal skuterin dayanıqlığına təsir gösərir, idarə olunmasını çətinləşdirir. Mümkün qəza hallarında ciddi xəsarətlər ola bilər”.
Ərşad Hüseynov: Qaydalar deyir ki, skuterdə onu idarə edən ancaq bir nəfər ola bilər
Müsahibimizə görə, digər mühüm məqam odur ki, əgər yolun kənarında velosiped cığırı varsa, skuterlər mütləq həmin xətlə hərəkət etməlidir. Digər zolaqlarda onların hərəkəti birmənalı qadağandır:
“Yox əgər yolun kənarında ayrıca cığır yoxdursa, o halda skuterlər “bardyor”a yaxın hərəkətdə olmalıdır. Hərəkət zamanı da mütləq şəkildə yol qaydalarına riayət olunmalıdır. İşıqforun tələbləri skuterlərə də aiddir”.
Qeyd edək ki, Azərbaycanda “Yol hərəkəti haqqında” qanunvericiliyə “kiçik elektrik nəqliyyat vasitəsi” anlayışı əlavə olunub və bu nəqliyyat vasitələrinin hərəkət qaydaları müəyyən edilib. Statistikaya görə, paytaxtda velosiped və elektrikli skuterlər 6,9 milyon dəfədən çox sifariş olunub. Bu müddətdə istifadəçilər 18 milyon km-ə yaxın məsafə qət ediblər. Statistika yalnız kirayə xidmətlərini əks etdirir, şəxsi velosiped və skuterlərdən istifadə bu göstəricilərə daxil deyil. Cari ilin 7 ayı ərzində isə kirayə xidmətində olan velosiped və skuterlər 2 297 405 dəfə sifariş olunub. Hazırda paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 km-ə çatdırılıb. Skuterlərin qiyməti də müxtəlifdir, gücünə, sürətinə və markasına görə dəyişir. Hazırda 500 AZN-dən 2500-3000 AZN-dək skuterlər satılır.









