Soçi görüşündən dərhal sonra müharibə? – “Paşinyan 9-cu bənddən imtina edir”

image-1600686637_fef83f6b-c92f-3478-8cf9-0e6ff8f806cc_850backend

“Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün onlayn formatda jurnalistlərin suallarını cavablandırarkən bəzi fikirləri diqqət çəkdi. Nikol təsdiq etdi ki, Soçi görüşünün əsas gündəmindən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır”.

Bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, Soçi görüşündə Ermənistan və Azərbaycan demarkasiya və delimitasiya üzrə komissiya yaradacaqlarına dair sənəd imzalayacaq:

“Rusiyanın Brüssel görüşünə qədər (15 dekabr) Moskvada planlaşdırılan Əliyev-Putin-Paşinyan görüşünün baş tutması üçün əlindən gələni edəcəyi bəlli idi. Hansı ki, bununla kommunikasiya və sərhəd məsələsində ilkin razılaşmalar əldə ediləcək, beləcə Aİ-ni ofsaytda qalacaqdı. Bunu prosesin başlanğıcı hesab etmək olar və yaradılacaq komissiya sərhədin delimitasiyasını, daha sonra demarkasiyasını həyata keçirməlidir. Mübahisəli məsələlərdən biri də anklavlarla bağlıdır. Paşinyan anklav məsələsinin hüquqi əsasının olub-olmamasını gündəmə gətirir. Görünən odur ki, Ermənistan tərəfi komissiyanın yaradılmasına razı olsa da, iddialarından əl çəkmək niyyətində deyil. Soçi görüşünün nəticəsi anklavlar məsələsinin sülh, yoxsa güc yolu ilə həllini də aydınlaşdıracaq.

Politoloq hesab edir ki, kommunikasiyanın açılması qrafikinin görüşün gündəmində olması istisna deyil:

“Hərçənd Paşinyan Zəngəzur dəhlizindən imtina edir. Bildirir ki, Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına Ermənistan qərar verir. İrəvan bununla dəhliz yox, nəqliyyat xətti verə biləcəklərini və gömrük postu qurmaq niyyətini açıqlayır. Ən kritik məqamlardan biri də budur, çünki bu 10 noyabr razılaşmasının 9-cu bəndindən tamamilə imtina edilməsi və Naxçıvanla nəqliyyat əlaqəsinin yaradılması üzrə yeni razılaşmanın imzalanması zərurətini gündəmə gətirir”.

A. Nərimanlının sözlərinə görə, Rusiyanın bunu qəbul edəcəyi ehtimalı azdır:

“Zəngəzur dəhlizi ilə bağlı gündəlik dəyişərsə, Bakı Laçın dəhlizində eyni tələblə çıxış edə bilər. Paşinyan “9 noyabr görüşündən” “əsir” məsələsində razılaşmanın olmadığı üçün imtina etdiyini açıqlayır. Bu o sualı önə çıxarır ki, 26 noyabr görüşünə bu məsələdə razılıq olduğu üçün gəlir?

Mümkündür ki, Moskva humanitar məsələdə növbəti nəticəni əldə etmək üçün vasitəçilik etsin. Lakin Bakının bunu qarşılıqsız etməyəcəyi və bu dəfə dəqiq olmayan mina xəritələri ilə dəyişdirməyəcəyi ehtimalı daha güclüdür.

Paşinyanın mətbuat konfransının ümumi məğzi görüş öncəsi erməni ictimai rəyində mövqelərini gücləndirməyə xidmət edirdi. Amma açıqlamaların motivi Nikolun sərhəd, xüsusilə anklavlar məsələsində və kommunikasiya ilə bağlı problemlər yaratmağa davam edəcəyi fikrini gücləndirir. Mümkündür ki, “məcburetmə əməliyyatları”na yenidən ehtiyac yaransın”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90