Sülh sazişindən niyə narazı qaldıq? – Ağrılı səbəbləri

Sülh sazişindən niyə narazı qaldıq? – Ağrılı səbəbləribackend

Savaşın ilk günündə, bir neçə kənd alınanda bu fikirləri səsləndirmişdik: hətta bütün dünya yığılıb, bizi dayandırsa da, Azərbaycan xalqı hədəfinə çatdı, bütün bəşəriyyətə elan etdi ki, daha 30 il, 300 il, 3 min il keçsə də, Qarabağdan vaz keçməyəcək; bütün dünya gördü ki, biz Qarabağ uğrunda, Vətən uğrunda qanımızı tökməyə, şəhid olmağa, canımızı verməyə və əlbəttə ki, öldürməyə hazırıq! Belə xalqa hər zaman hörmət göstərilir.

Ancaq ilk şübhələr, narahatlıqlar arxada qaldı – Azərbaycanın Ordusunu, Ali Baş Komandanını dayandırmaq üçün edilən bütün cəhdlər puça çıxdı: İlham Əliyev sona qədər siyasi iradə və böyük cəsarət nümayiş etdirdi.

Prezident bu gecə xalqa müraciətində də bəzi məsələləri nə vaxtsa özünün açıqlayacağına, bəzilərini isə tarixçilərin yazacağına işarə vurmaqla, əslində heç nəyin görünən kimi olmadığını dedi.

Əlbəttə, heç nə görünən kimi deyil: biz hansı qatda hansı proseslərin getdiyini, nə oyunlardan ölkəmizi onun sükanı arxasında əyləşənin necə çıxardığını heç vaxt detallı şəkildə bilmirik – bəzilərinin üstünə məxfi qrifi vurulur, bəzilərini ümumiyyətlə heç vaxt demək olmaz…

Amma bildiklərimiz də var:

Bu 44 gündə bütün dünyaya Azərbaycan öz gücünü göstərdi. 1921-ci ildə Rusiyanın birbaşa iştirakı ilə bizdən de-fakto qoparılmasının əsası qoyulan, 1923-cü ildə muxtar qurum olaraq yaradılan və hansı şəkildə, necə idarə olunduğunu yaxşı bildiyimiz Dağlıq Qarabağı faktiki olaraq geri aldıq.

Hələ 1 noyabrda Ermənistan Müdafiə Nazirliyi bəyan etmişdi ki, Şuşaya kim hakimdirsə, Qarabağı da o idarə edir və bütün qüvvələri, könüllüləri Şuşaya cəmləmişdi.

Azərbaycan Ordusu Şuşanı da geri aldı!

Azərbaycan Ordusu bu xalqın qürurunu bərpa etdi, mənliyini, şərəfini özünə qaytardı, Xocalı qatilləri üçün Qarabağda divan qurdu və böyük əksəriyyətini cəhənnəmə vasil etdi.

Şuşanın alınmasından sonra artıq Ermənistan da yaxşı bilirdi ki, Qarabağa kim hakimdir – bundan sonra ərazilərimizin hərblə və ya sülhlə alınmasının heç bir önəmi yox idi. Ancaq…

Ancaq əgər onları öz gücümüzlə masa arxasına oturtmuşuqsa, niyə qan tökülməlidir ki?

Sazişin üstünlükləri…

Bu gecə Rusiya və Azərbaycan prezidentlərinin, o cümlədən Ermənistan baş nazirinin imzaladığı Bəyanatdan narazı qalanlar da var.

O narazılar artıq 1991-ci ildən qızışan və torpaqlarımızın işğalı ilə nəticələnən “Dağlıq Qarabağ problemi”nin həllinə qane olmayanlardır.

Əgər Qarabağda yaşayan ermənilərə heç bir status – nə mədəni, nə siyasi, nə ictimail olaraq – verilmirsə (ki, bunu Prezident İlham Əliyev rəsmən bəyan etdi), onda Dağlıq Qarabağ probleminin birdəfəlik çözüldüyünə tam əmin ola bilərik;

Əgər Türkiyə qüvvələri də bu nizamlama prosesinə qatılırsa, narahatlığa heç bir əsas yoxdur;

Əgər Rusiya sülhməramlıları cəmi 1960 canlı qüvvə və heç bir ağır zirehli texnika olmadan gəlirsə, üstəlik, 5 ilin tamam olmasına 6 ay qalmış tərəflərdən biri onların getməsini arzulayacağı təqdirdə, Rusiya sülhməramlıları çıxıb getmək öhdəliyi götürürsə, Azərbaycan hədəfinə çatdı deməkdir.

Bu, tam qələbə, qarşı tərəfin rəsmən hərbi kapitulyasiyasıdır. Bu, hərbi qələbənin diplomatik cəbhədə davam etdirilməsidir.

Ancaq biz razıyıqmı?

Etiraf edirəm ki, hamımızın içində xırdaca da olsa, bir nisgil qalmaqdadır.

Yox, qana susamamışıq, müharibə tərəfdarı olan xalq da deyilik, başkəsən, qaniçən də…

Sadəcə, biz 1923-cü ildə əsası qoyulan və hətta böyük ölçüdə yaradılmasına nail olunan bir problemin – yəni 97 illik bir zillətin 44 günə bitirilməsi ilə dayanmaq istəmirik:

Biz 1905, 1918-ci illər qırğınlarının dəhşətini hələ də unutmamışıq; biz əslində Gülüstan, Türkmənçay müqavilələri ilə başımıza gətirilən erməni müsibətindən birdəfəlik qurtulmaq istəyirik.

Yəni 97 illik bir problemin həllinə qane olmaq istəmirik, 200 ilə keçmək istəyirik. Hətta 1920-ci ildə bizdən qoparılan Zəngəzuru, Meğrini, Gorusu, Qafanı, Göyçəni arzulayırıq.

O ayrı məsələ ki, 45 gün öncə indiki uğurları yalnız xəyal edə bilərdik; o ayrı məsələ ki, 45 gün öncəyə qədər 28 ildir əlimizdən alınan Şuşanı yalnız yuxularımızda görə bilərdik…

Bu xalq qələbəni dadıb, bu xalq 270 ildən sonra ilk dəfə olaraq itirdiyini geri qaytarmağa başladı və indi 270 ilin dəhşətlərini həll etməyə qalxıb.

İnanın, hər birimizin altşüurumuzda bu istək var; hər birimiz Nadir şahdan sonra param-parça edilib, dağılan, milyonlarla kvadrat kilometrlik ərazimizdən qalmış bir ovuc torpağa necə sıxışdırıldığımızın AĞRISINI yaşayırıq. İndi bu ağrını da üstümüzdən atmaq üçün dayanmaq istəmirik! Çünki QƏLƏBƏ bizi bir millət olaraq oyadıb, bütövlədib və dirildib.

Amma dünyanın reallıqları var axı!

Azərbaycan Respublikası bütün təzyiqlərə ona görə sinə gərə bilir ki, həm güclüdür, həm də hüququn aliliyini əsas götürür.

Əlbəttə, arqumentlərdən biri odur ki, ermənilər niyə qayıtmalıdır? Qarabağa qayıdırlarsa, onda Ermənistandan qovulan azərbaycanlılar da geri qayıtsın. Məntiqlə də elədir – Dağlıq Qarabağdan gedən rəsmi 130, qeyri-rəsmi isə 60 minin əvəzində Ermənistandan 250 min insanımızın geri qayıtmasını tələb edə bilmərikmi?

Edə bilmərik: çünki onda Bakıdan və Sumqayıtdan gedənləri qarşılamağa hazır olmalıyıq. Biz isə buna nəinki indi, heç min il sonra da hazır olmayacağıq!

Beləliklə, nəticə:

Bu gecə elan edilən üçtərəfli Bəyanat Dağlıq Qarabağ uğrunda apardığımız savaşın təntənəsidir: heç bir hissə qapılıb, dünyanı üstümüzə qaldırmağa, erməniləri qorumaq, bizə hərbi-siyasi təzyiq üçün güdükdə durub, “beynəlxalq hüquqi əsas” axtaran supergüclərə fürsət verə bilmərik.

Azərbaycan – boyuna, imkanlarına görə onsuz da mümkünsüzü mümkün etdi; onsuz da İlham Əliyev heç kəsin ağlının ucundan belə keçirə bilmədiyi uğurlara imza atdı.

İndi də İlham Əliyev perspektivdə ölkəmizi mümkün hərbi-siyasi və ən başlıcası da iqtisadi təzyiqlərdən qorumaq üçün möhtəşəm bir diplomatik razılaşma imzaladı.

Ermənilərin muxtariyyət istəyini belə cəhənnəmə vasil etdi və məsələni bitirdi!

İlham Əliyev nəyi, nə zaman və necə eləmək lazım olduğunu ideal şəkildə bilən çox nəhəng siyasətçidir.

O bilir nə edir; O bilir hansı vaxt hansı addımı atır!

Lazım olacaqsa, zamanı gələcəksə, nəyi necə etməyi də O çox yaxşı bilir!

İndisə onillərlə gözlədiyimiz Qələbədən zövq alaq!

İndisə Şuşaya gedəcəyimiz günü səbirsizlikə gözləyək! axar.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90