Tarix yazan Ali Baş Komandan: Azərbaycan xalqı sıx yumruq kimi birləşdibackend

Şirvan şəhər Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu Bəhman Quliyev yazır…

Azərbaycan Prezidenti Ali Baş Komandanın müdrik siyasəti nətcəsində bu sabah günəşin üzündən bütün duman, çiskin çəkildi. Səmamız məqsədimiz kimi aydın göründü. 30 ilə yaxın bir zamanda insanların keçirdiyi iztirab və qəm-kədər bir anın içində sevincə çevrildi. Müzəffər Azərbaycan Ordusunun və onun sərkərdəsi İlham Əliyev tariximizə yeni bir gün yazdı. Noyabrın 10-da prezident İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bu müraciət xalqın tarixində yeni bir günün başlanmasıdır. Bu elə bir gündür ki, zaman-zaman Azərbaycan xalqını ərənliyini, torpaq uğurunda savaşını, böyüklüyünü, bütövlüyünü, lazım gələndə bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Bu, Azərbaycanın qələbə sorağıdır.

Azərbaycan Ordusu bu gün Vətən Müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi.

Ali Baş Komandan, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını alaraq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başlaması və qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Bu günlər ərzində 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, deyən Azərbaycan prezidenti İlham Əliyevin bu qürurverici ifadələrindən əzəmətli görəsən nə ola bilər?!

Prezident onu da bildirib ki, bu gün biz bir daha bütün dünyaya böyük və məğrur xalq oduğumuzu sübut edirik. Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk. Noyabrın 10-u xalqımız və dövlətimiz üçün tarixi bir gündür. Bəli, bu gün Azərbaycanın güclü və yenilməz ordusu var. O ordu ki, döyüş meydanın da öz gücünü göstərə bildi. Ermənistanın Azərbaycana qarşı 28 ildir davam edən hərbi təcavüzünə, 28 illik işğala son qoyuldu. Tarixi ədalət öz yerini tapdı. Xalqımızın 28 illik Qarabağ həsrəti sona çatdı. Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında rəşadətli ordumuzun müzəffər yürüşü düşmənə göz dağı çəkdirdi. 40 gündən bir az çox davam edən döyüşlərdə şanlı ordumuz parlaq qələbələrlə xalqımıza sevinc, düşmənə isə rüsvayçı məğlubiyyətin acı taleyini yaşatdı. Bəli, bu gün bütün dünya ordumuzun gücünə, xalqımızın birliyinə şahidlik edir. Əlbəttə ki, son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl abu-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu bu qələbəmizi şərtləndirdi.

Ən mühüm məqamlardan biri də milli məsələlərdə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizə və ordumuza həmrəylik nümayiş etdirdi. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. İmkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Burada Ali Baş Komandanın möhkəm iradəsi öz sözünü dedi. İlham Əliyev döyüş meydanında olduğu qədər, arxa cəbhədə də mənfur düşmənin dəyirmanına su tökənləri susdurmağı bacardı. Bəli, bütün bunlar Azərbaycan dövlətinin gücünün, Ordumuzun yenilməzliyinin, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin bariz nümunəsidir. Bu qələbə bir daha bizim kimliyimizi bütün dünyaya bəyan etdi.

Artıq bir reallıq var: Qarabağ Azərbaycandır!

Azərbaycanın tarixinə qızıl hərflərlə yeni bir tarix yazan Ali Baş Komandan İlham Əliyev tarixi qələbəmizə imza atmaqla bu reallığı bir daha təsdiq etdi. Bu gün Qarabağın tacı olan, alınmaz Şuşa qalasında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda müqəddəs Azərbaycan bayrağı qürurla dalğalanır. Şuşanın alınması Ermənistanı tam tərki-silah etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin ağ bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Dövlət başçısı tərəfindən Şuşa sevincini yaşadıqdan sonra noyabrın 9-da prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Sanki hadisələr xronoloji ardıcıllıqla davam edirdi. Bu sevincləri yaşadan Azərbaycan əsgəri qəhrəmanlıq simvoluna çevrildi. Hiyləgər düşmənlə üz-üzə torpaq uğrunda savaş, ölümün gözünə dik baxmaq bu idi. Döyüşdən qorxub qaçan erməni Azərbaycan əsgəri qarşısında məğlub olduğunu dünyaya göstərdi.

“Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik”, deyə bildirən Prezident onu da qeyd edib ki, torpaqlarımızı ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtlərinə razılığını verdi. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaqdır. Bəyanatda göstərilir ki, Ermənistan öz üzərinə öhdəlik götürür ki, qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olunur.

Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır. Artıq qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur. Sənəddə əksini tapmış müddəalar Ermənistanın faktiki olaraq kapitulyasiyaya razılaşdığını göstərir. Bu müharibədə Azərbaycan mülki insanlarla müharibə aparmadı və Ermənistandan fərqli olaraq, etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın. Lakin Ermənistan tərəfindən mülkü əhaliyə dəfələrlə atəş açıldı. Mənfur düşmən tərəfindən 93 mülki şəxs atəşlə öldürüldü, 400-dən çox mülki şəxs yaralandı. Azərbaycan Ordusu, əsgəri isə intiqamını döyüş meydanında aldı.

Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi və prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi. Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində ölkəmizə qarşı olan hücumları darmadağın etdi.

Bu tarixi qələbə Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bu gün xalqımızın qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və Azərbaycan Ordusuna ehtiramı sonsuzdur. Qələbə məğrur Azərbaycan xalqına çox yaraşır. Bu böyük qələbə işğal altında olan bütün torpaqlarımızı özümüzə qaytardı. Bu qələbə xalqımızın 30 illik ümidsizliyinə son qoydu, tarixi ədaləti bərqərar etdi. 30 ildə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qisası layiqincə alındı. Bu Böyük Qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.