Tarixin “demo” təkrarı, “qanməramlılar” və Azərbaycan xalqının gələcəyi

Tarixin “demo” təkrarı, “qanməramlılar” və Azərbaycan xalqının gələcəyibackend

Andranik Ozanyanın Türk-müsəlman əhaliyə qarşı qırğınlarını yəqin ki, xatırlayanlar azlıq təşkil etsə də vardır. Azərbaycan Xalq Cümhuriyyəti bu məsələ ilə bağlı Ermənistan Cümhuriyyətinə müraciət ünvanlamışdı. Dönəmin Ermənistan iqtidarı cavab olaraq bildirirdi ki, Andranik ilə artıq heç bir əlaqələri yoxdur, hətta ordudakı nüfuzuna baxmayaraq, ordu da ondan üz döndərib. Özbaşına hərəkət edir və ona görə biz cavabdehlik daşımırıq. Andranik isə Anadoludan Xəzər dənizinə qədər əli Türk qanına batmış məşhur erməni qəhrəmanı, lideridir.

Ermənistan SSRİ iqtidarı isə, sonradan Andranik üçün saysız hesabsız “ölümsüzləşdirmə” tədbirləri həyata keçirmişdi.

Əslində isə, Andranik Ermənistan dövləti ilə qarşılıqlı şəkildə Azərbaycan Xalq Cümhuriyyətinə hücumlar təşkil edir, ancaq dövlət səviyyəsində bunu inkar edirdilər. Daha sonra isə, Andranikin qüvvələri Naxçıvanı rəsmən işğal etmişdi və ancaq Türkiyə ordusunun müdaxiləsi ilə, Kazım Karabekir Paşanın liderliyində Andranik məğlub edilib, Qarabağın dağlıq hissəsinə çəkilmişdi.

Bu gün tarix təkrarlanır. Ermənistan dövləti “diversant qruplar bizim iradəmizdən kənar hərəkət edir” deyə bilər. Ancaq həqiqət budur ki, yüz il əvvəlki kimi, xristian qardaşları olan Qərb və Rusiyanı tarixi Azərbaycan torpaqlarına gətirməklə vəziyyəti öz xeyrinə dəyişmək istəyirlər. Mən siyasəti din üzərindən açıqlamağa utanır, cılızlaşdığım üşün sarsıntı keçirirəm. Ancaq reallıqdır ki, Qərb və Rusiya dövlət siyasətini heç vaxt dəyişmədi, Qərb tamamilə, Rusiya isə, işinə gəldiyi zaman siyasəti dini prinsipləri üzərindən aparır.

Erməni diversantlarının yüz il əvvəlki terrorçu dəstələri örnəyində atəşkəsi pozmaq məqsədi bəllidir: Azərbaycan və Ermənistanın ərazilərdə sülhü təmin edə bilməməsi bəhanəsiylə, yüz il əvvəl olduğu kimi, xarici qüvvələr ki, onlar bölgədə erməni şovinizminin dəstəkçiləridir, əraziyə cəlb ediləcək. Bundan sonra, eyni Naxçıvanın işğalı zamanında olduğu kimi, fərqli arqumentlər irəli sürülərək mübahisəli ərazilərdə ermənilərin maraqlarının təminatı üçün addımlar atılacaq. Xatırlamaq yerinə düşər ki, məhz Andranik Naxçıvanı işğal etdikdən və Naxçıvan onun işğalından təmizləndikdən sonra, öncə ingilislər, daha sonra amerikalılar bölgəyə gəlmiş, de-fakto və de-yure Azərbaycan ərazisi olan Naxçıvanı Ermənistanın tərkib hissəsi etmək üçün səbəblər ortaya atmışlardı. Ancaq sonda Naxçıvan xalqının iradəsi bütün planları pzomuş, Türkiyənin həlledici dəstəyi ilə əvvəlcə Moskva, sonra Qars müqavilələri ilə Naxçıvan problemi həll edilmişdi. O zamanlar, Türkiyə ordusu Naxçıvandakı vəziyyəti dəyişmiş və Azərbaycanın Naxçıvan bölməsinin erməniləşdirilməməsinə nail olmuşdu. Ancaq, indi Türkiyənin Qarabağda buna nail olacağı ümidi ilə gözləmək lazım deyil. Nə vaxta kimi, başqa ölkələrin yardımları ilə ölkəmizi qorumaq gözləntisi ilə yaşayacağıq? Bəlkə, sabah Türkiyə özü ciddi problemlərlə üzləşdi və Azərbaycana lazımi dəstək verə bilmədi? Unutmamaq lazımdır ki, Anadolu türklərinin işğala məruz qaldığı həmin 1920-ci illərdə Azərbaycan həm müstəqilliyini, həm də AXC dönəmində sahib olduğu geniş əraziləri itirdi.
Artıq öz problemlərimizi özümüz həll edib, öz ayaqlarımız üzərində durmalıyıq. Azərbaycan iqtidarı bunu xalqına borculudur və etməlidir.
Başa düşmək asandır ki, Azərbaycanda güclü Rusiya meyilli qüvvələrin təsir obeykləri var və qəsdli şəkildə “içəridən çökdürmə” problemləri Azərbaycan dövlətinin bəzi məsələlərdə önünə əngəllər çıxarır. Ancaq belə qüvvələrin zərərsizləşdirilməməsi, dövlət təhlükəsizliyinin tam təmin edilməməsi də elə iqtidarın öz problemidir və iki ciddi problem paralel şəkildə həllini tapmalıdır.
Azərbaycan iqtisadi potensialı ilə qısa zamanda dünya gücünə sahib olma ehtimalı olan bir məmləkət ikən, 30 illik müstəqillik zamanı bu gücə hələ tam çatmamışıq. Önümüzdə İsrail örnəyi var. Onlar müstəqilliklərini elan etdikdən sadəcə 5-6 il sonra bütün bölgəsəl güclərə meydan oxumağa başlayıb, qısa zamanda da məğlub etmişdilər. Çünki quru torpağı sənayeyə çevirən millət olmaqla bərabər, içəridəki satqınlıq və xainlikləri də vaxtında zərərsizləşdirmişdilər.
Rusiyanın və Qərbin Qarabağın dağlıq hissəsində oynadığı oyun bəllidir. Necə ki, yüz il əvvəl, “Anadolu Türklərinə yardım” adı ilə Azərbaycan Türklüyünün müstəqilliyinə son verdilər, indi də “Sülhməramlı missiya” adı ilə, bəlkə Azərbaycanın müstəqilliyinə göz dikməyiblər, ancaq Qarabağda, tarixi Azərbaycan ərazisində ikinci Ermənistan dövləti qurmaq planlarını addım-addım həyata keçirirlər.
Tarixi bilməyənlər, iddia edə bilər ki, 8 Noyabr qələbəsi ən parlaq və həlledici, sondur. Ancaq həqiqət budur ki, bugünkü Azərbaycan dövləti tarixinin ən şanlı qələbəsi 15 Sentyabr – Bakının bolşevik-daşnak işğalından qurtulması günüdür. Ancaq o da, bizi tam qələbəyə çatdırmamamış, əksinə Bakıdakı uğurlar əvvəlcə Zəngəzur, Naxçıvan, sonra isə Qarabağda savaşlara səbəb olmuş, ən sonda müstəqillik itirilmişdi.
Tarix isə, yaşayır. Heç kim, heç nə unudulmur. Bugün daha güclü olmaq üçün tək yol var: ermənilərə bir güllə atarkən, daxildəki satqınların qoluna yüz qandal taxmaq lazımdır!
Yoxsa, 31 Mart, 20 Yanvar, 26 Fevral təkrarlanmaqla qalmayacaq, yeni tarixlərə baxıb, keçmiş tarixlərə şükür edəcəyik.
Milli iradə göstərmək vaxtıdır. Qarabağda sülhməramlı missiyasına ehtiyac yoxdur. Qarabağda Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə ehtiyac var. Bunu da, ancaq Rusiya “qanməramlı qüvvələri”nin oradan çıxarılması ilə həyata keçirmək olacaq. Onsuz da, həmin qüvvələr sülhü təmin edə bilmir. Çünki sülhdən başqa hər cür “işlə” məşğuldur.
Unutmaq lazım deyil ki, Qarabağ Azərbaycandır, Azərbaycanın qəlbidir. Oranın itirilməsi ölümdür. Qəlbi olmayan insan necə yaşayar ki?!
Qarabağ milli suverenliyimiz, milli mövcudluğumuzdur.

Həşim Səhrablı, Siyasi və hərbi jurnalist

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90