Tənzilə Rüstəmxanlı: “Bu gün bütün Azərbaycan xalqı əsgərdir” – VİDEObackend

“Azərbaycan öz ərazilərini və əhalisini müdafiə etmək üçün Ermənistanın təcavüzünə cavab verir”.

Busaat.az xəbər verir ki, bu fikirləri İctimai Televiziyanın (İTV) “Diqqət mərkəzi” verilişinin qonağı olan Azəri Türk Qadınlar Birliyinin (ATQB) sədri Tənzilə Rüstəmxanlı deyib.

Tənzilə Rüstəmxanlı bu gün tam həmrəylik nümayiş etdirən bütün Azərbaycan xalqının əsgər olduğunu bildirib:

“Mən birinci Qarabağ müharibəsində xidməti vəzifəmlə əlaqədar cəbhə zonasında olan və o rayonların necə işğal edildiyini öz gözləri ilə görənlərdən biriyəm. Xalqımızın uzun illər ən böyük gözləntisi bu münaqişənin sülh yolu ilə çözülməsi idi. Azərbaycan xalqı, prezidentimiz, dövlətimiz çox böyük səbrlə beynəlxalq qurumların qəbul etdiyi qərarlara riayət edib və xalq o qərarların nə zaman icra olunacağını gözləyib.

Ermənistanın təcavüzkarlıq siyasətinə baxmayaraq, beynəlxalq təşkilatların heç biri işğalçı ölkəni bu siyasətdən çəkindirmək üçün ona qarşı sanksiyalar tətbiq etmədilər, ciddi təzyiq göstərmədilər. Yəni beynəlxalq qurumlar da Ermənistanı Qafqazda terror siyasəti həyata keçirməkdən imtinaya məcbur edə bilmədilər.

Son Tovuz döyüşlərindən sonra da xalqımız, prezidentimiz, dövlətimiz beynəlxalq qurumların heç olmasa, indi qəti mövqe tutacağını səbrlə gözlədi. Amma əvəzində nə baş verdi? Ermənistan yenə də Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalini atəşə tutmaqda, öldürməkdə davam etdi. Baxın, ermənilər Azərbaycanın tək işğal olunmuş ərazilərində yox, Tərtər və digər bölgələrində də mülki əhalini qətl etməklə məşğuldurlar.

Bu gün Azərbaycan xalqı 7-dən 70-ə hər kəs ayaq üstündədir və bu müharibənin nə ilə nəticələnməsini gözləyir. Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə aparır. Azərbaycan isə bu məcburiyyət qarısında öz ərazilərini və əhalisini müdafiə etmək üçün Ermənistanın təcavüzünə cavab verir”.

Verilişi tam olaraq BURADAN izləyə bilərsiniz: