The New York Times: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir” – Atəşkəs davamlı olmayacaqbackend

Ermənistanla Azərbaycan ötən şənbə günü atəşkəs haqda razılığa gəliblər. Tərəflər arasında bir neçə gün idi davam edən amansız döyüşlər məhz bundan sonra bir qədər səngiyib. Halbuki, hərbi əməliyyatların başlamasından cəmi iki həftə sonra atəşkəs razılaşmasının əldə olunacağına çox az ekspert inanırdı. Qeyd edək ki, son döyüşlər 30 ildir davam edən münaqişədə son illərin ən miqyaslı hərbi əməliyyatları idi.

Atəşkəs razılaşması Ermənistan və Azəbaycanın xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada apardıqları 10 saatlıq danışıqlardan sonra əldə edilib. Bu, artilleriya atəşlərinin, dron zərbələrinin və mövqe döyüşlərinin heç olmasa bir müddətdə dayanacağına ümidlər yaradıb.

Xatırladaq ki, sentyabrın 27-də başlamış əməliyyatlar nəticəsində hər iki tərəfdən yüzlərlə insan həyatını itirib.

Lakin atəşkəs razılaşmasının qüvvəyə minməsindən sonra da tərəflər bir-birini yeni hücumların təşkilində ittiham edir. Münaqişənin getdiyi Dağlıq Qarabağın mərkəzi şəhəri olan Stepanakertdə (Xankəndi – WM) yaşayan insanlar şəhərin atəşə tutulmadığını deyirlər. Ermənistan Müdafiə Nazirliyi də cəbhə bölgəsində nisbi sakitliyin olduğunu bildirir. Lakin atəşkəs razılaşmasından 12 saat sonra Stepanakertdə yenidən atəş səsləri eşidilməyə başlayıb.

Azərbaycan Müdafiə Nazirliyisə Dağlıq Qarabağın yaxınlığında yerləşən Tərtər rayonunun atəşə tutulduğunu bəyan edib.

Bu arada, Beynəlxalq Qırmızı Xaç Komitəsi atəşin dayandırılmasından sonra cəbhə bölgəsində (etnik ermənilərin yaşadığı Dağlıq Qarabağla Azərbaycanın nəzarət etdiyi rayonların arasında) qalmış cəsədlərin qaytarılması prosesinin təşkilinə hazır olduğunu açıqlayıb.

Dağlıq Qarabağın mərkəzi şəhərində fəaliyyət göstərən jurnalist Qeqam Baqdasaryan nəşrimizə bildirib ki, “hazırda ərazidə partlamamış bombaların axtarışı həyata keçirilir”.

Cənubi Qafqazda yerləşən Dağlıq Qarabağ regionunun dənizə çıxışı yoxdur. Qafqaz dağları Avropa ilə Asiyanın kəsişməsində, Xəzər dənizilə Aralıq dənizinin arasında yerləşir. Regionun əhalisi 150 min nəfərdir. Ərazisi Kentukidən belə, kiçik olan Dağlıq Qarabağ regionu böyük geostrateji əhəmiyyətə də malik deyil. Amma regional fövqəldövlər bu bölgəyə böyük maraq göstərir. Rusiya, İran və xüsusilə Türkiyə bu bölgədə nüfuz savaşı aparır.

Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir. O, 1990-cı ilin əvvəllərində baş vermiş müharibədən sonra Ermənistana yaxın olan qondarma hökumətin nəzarətindədir. Həmin müharibə nəticəsində 20 min insan həyatını itirib, 1 milyon mülki azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Azərbaycan tərəfi bildirir ki, bu gün o, işğal altındakı ərazilərini azad etməyə çalışır. Ermənistan isə bu ərazilərin Azərbaycana güzəştə gedilməsinin Dağlıq Qarabağdakı ermənilərin məhvi ilə nəticələnəcəyini bildirir.

Hər halda, görünən odur ki, tərəflər heç bir güzəştə hazır deyil. Üstəlik, son aylarda istər Ermənistan, istərsə də Azərbaycan rəsmiləri ritorikanı daha da sərtləşib.

BMT-nin hesabatına əsasən, son toqquşmalarda Ermənistan tərəfindən artıq 400 hərbi qulluqçu həlak olub. Hər iki tərəfdən ümumilikdə 50 mülki şəxs həyatını itirib. Bakı hərbi itkiləri haqda məlumat vermir.

“Bu müharibənin başlaması heç kimi təəccübləndirmədi”, – deyə Azərbaycanın paytaxtı Bakıda fəaliyyət göstərən Beynəlxalq Böhran Qrupunun təhlilçisi Zaur Şiriyev bildirir: “Amma heç kəs müharibənin niyə məhz indi başladığını anlamır”.

O, atəşkəsin uzun müddət davam edəcəyinə inanmır: “Şənbə günü elan edilmiş atəşkəs razılaşmasında konkret coğrafi məlumatlar yer almayıb, hansısa müddət göstərilməyib. Hər an onun qüvvədən düşdüyü elan oluna bilər”.

Azərbaycanın regiondakı əsas müttəfiqi NATO üzvü olan Türkiyədir. Bu gün Ankara bir zamanlar Sovet İttifaqının tərkibində olmuş Cənubi Qafqazda Rusiyaya meydan oxuyur.

Yerevanın isə Moskva ilə müdafiə sazişi var. Bu ölkədə Rusiyaya məxsus hərbi baza da yerləşir. Lakin Moskvanın Bakı ilə də əlaqələri sıxdır.

Cənubi Qafqazdan cənubda yerləşən İran da regionda əsas oyunçulardan biridir. Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani oktyabrın 10-da rusiyalı həmkarı Vladimir Putinə zəng edib. Onlar Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Beləliklə, Rusiyanın vasitəçiliyilə əldə edilmiş atəşkəs razılaşmasına əməl edilib-edilməməsi əslində, Vladimir Putinin postsovet ölkələri olan qonşularında cərəyan edən hadisələrə təsirinin hansı dərəcədə olduğunu göstərəcək.

Bakıda hesab edirlər ki, Yerevan sülh istəyirsə, hərbi birləşmələrini Dağlıq Qarabağdan çıxarmalıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ötən şənbə ölkəsinin hərbi əməliyyatları davam etdirməyə hazır olduğunu da bəyan edib. Türkiyəli rəsmilər isə qardaş ölkə adlandırdıqları Azərbaycanı istər döyüş meydanında, istərsə də danışıqlar masasında dəstəklədiyini vurğulayırlar.

“Azərbaycan təxminən 30 ildir işğal altında olan torpaqlarını öz imkanları və iradəsi ilə geri qaytara biləcəyini Ermənistana və bütün dünyaya nümayiş etdirdi”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır. Yerevanla Bakı arasındakı atəşkəs razılaşmasına istinad edilən Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Azərbaycan Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün son fürsəti verib”.

Müəllif: Anton Troyanovskiy

Mənbə: The New York Times

(İngilis dilindən tərcümə – WorldMedia.Az