Türkiyə-Ermənistan sərhədləri bir şərtlə açıla bilər – Ərdoğanbackend

“Qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi yeni əməkdaşlıq platformasına mən də çox önəm verirəm”.

 

Busaat.az xəbər verir ki, bunu bu gün Türkiyə və Azərbaycan arasında sənədlərin imzalanması mərasimindən sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Türkiyə Prezidenti deyib ki, 6 dövlətin iştirakı ilə bir əməkdaşlıq platforması yaradıla bilər: “Bunu hörmətli Rusiya Prezidenti Vladimir Putin də qəbul etdi. Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və əgər qəbul edərsə, Ermənistan da bu əməkdaşlıq platformasında yer ala bilər. Beləliklə, bu platforma ilə bir regional barışı təsis edə bilərik. Regional barışın bu bölgədəki ölkələrə gətirəcəyi ilklər var. Bunun üst və alt infrastruktur, siyasi, diplomatik və digər bir çox vəzifələri ortaya çıxır. Mən bu gün də qardaşıma söylədim. Əgər bu məsələdə müsbət addımlar atıldığı təqdirdə biz də qapalı sərhədlərimizi açarıq. Amma yetər ki, bu müsbət addımlar atılmış olsun. Bizi də sərhədlərimizi Ermənistana bağlamaq kimi bir dərdimiz yoxdur. Biz barışın göyərçinləri olmaq, barışın addımlarını atmaq istəyirik. Qaldı ki, bizim Ermənistan xalqına da bir kinimiz yoxdur. Problem Ermənistanın hakimiyyəti ilədir. Ölkəmizdə 100 minə yaxın erməni vətəndaşımız var. Bunların içərisində vətəndaşlıq haqqını əldə edənlər də, etməyənlər də var. Amma biz onları da ölkəmizdə qonaq edirik, çünki insanlara bir kinimiz yoxdur. Məqsəd xüsusən barışa nail olmaqdır. Amma burada liderlik çox önəmlidir”.