Xəbər verildiyi kimi, Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin görüşü baş tutub.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Ermənistanın “Hraparak” nəşri görüşün gizli keçirildiyini, detalları barədə məlumat verilmədiyini iddia edib. Nəşr yazıb ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.
Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Axurik kəndindən təxminən 1,5 km aralıda yerləşir. Vaxtilə Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edib. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib.
Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib.
Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, Türkiyə və Ermənistan arasında 1990-cı illərin əvvəllərindən etibarən təmaslar olub, müxtəlif mərhələ və miqyaslarda, uzunmüddətli və ya qısamüddətli danışıqlar aparılıb.
Ekspert vurğulayıb ki, Türkiyənin Ermənistanla apardığı danışıqları, rəsmilərin görüşləri, müzakirələr adətən Azərbaycanla bağlı olub:
“Qardaş Türkiyə İrəvan hökumətindən Azərbaycan torpaqlarının azadlığını tələb edib. Ankaranın İrəvanla indiki təmaslarında əsas müzakirə mövzularından biri də Azərbaycanla sülh müqaviləsinin bağlanması, Bakının şərtlərinin qəbul edilməsi tələb olunur. Məsələ ondadır ki, Türkiyə və Ermənistan arasında da problemlər, ərazi iddiaları var. Ermənistan dövləti, erməni lobbisi hələ saxta, “soyqırım” iddiasından vaz keçməyiblər. Ermənistanın gerbində Ağrı dağının simvolu var. Yəni Kəpəz dağının, Göyəzənin əksi yoxdur, məhz Ağrı dağı var. Ağrı Türkiyə ərazisidir. Tutaq ki, yaxın günlərdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandı və Ankara-İrəvan münasibətlərinin normallaşmasına da yaşıl işıq yandı. Türkiyə öz ərazisinə qarşı iddiaların qalacağı təqdirdə Ermənistanla münasibətləri yaxşılaşdıracaqmı? Sərhədləri açacaqmı? Mümkün deyil”.
Əhəd Məmmədli: İndiki halda Ermənistanla əlaqələrin bərpası Türkiyənin öz milli maraqlarına ziddir
Ə.Məmmədli qeyd edib ki, Türkiyə özü də Ermənistan hökuməti qarşısında tələblər qoymalıdır:
“Konstitusiyanın dəyişməsini tələb etməlidir. İrəvan Türkiyəyə qarşı ərazi iddialarına da birdəfəlik son qoymalıdır. Bundan sonra Türkiyə-Ermənistan arasında normal diplomatik münasibətlərin qurulması mümkün hala gələcək”.
Müsahibimiz hesab edir ki, indiki halda Ermənistanla əlaqələrin bərpası Türkiyənin öz milli maraqlarına ziddir:
“Nə qədər ki, cənab Rəcəb Tayyib Ərdoğan hakimiyyət başındadır, tam əminəm ki, Türkiyə buna getməyəcək”.