Ukrayna yeni, daha uzunmüddətli proqram çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) əhəmiyyətli dəstək ala bilər və onun iqtisadiyyatı bu il ərzində tədricən bərpa olunmalıdır.
Busaat.az xəbər verir ki, Reuters-in verdiyi məlumata görə, bunu BVF-nin icraçı direktoru Kristalina Georgiyeva deyib.
Baş nazir Denis Şmıqal bu həftə bildirib ki, Ukrayna Fondla 15 milyard dollarlıq çoxillik proqram üzrə razılığa gəlməyə ümid edir ki, bu, Rusiyanın bir il əvvəl tammiqyaslı işğal əməliyyatlarından sonra ölkə üçün ən böyük kredit paketi ola bilər.
Georgiyeva səfəri zamanı prezident Volodimir Zelenski, baş nazir Denis Şmıqal, maliyyə naziri Serhi Marçenko və Mərkəzi Bankın sədri Andrey Pışnı ilə görüşüb.
Maliyyə Nazirliyi bildirib ki, BVF 24 fevral 2022-ci il tarixindən etibarən Ukraynaya iki təcili kredit şəklində 2,7 milyard dollar verib. Son dörd ay ərzində Ukrayna BVF ilə iqtisadi siyasətin monitorinqi proqramı çərçivəsində əməkdaşlıq edir ki, bu da tam hüquqlu kredit proqramı üçün ilkin şərt sayılır.
Qeyd edilib ki, Ukrayna xarici maliyyə yardımından çox asılıdır və BVF-nin iştirakı digər xarici sponsorların dəstəyini təşviq etmək və investorları ölkənin iqtisadi siyasətinin düzgün olduğuna əmin etmək üçün çox vacibdir.