“Xalq bütün gücü və varlığı ilə öz ordusunun yanında oldu” – Politoloqbackend
“Son günlərin hadisələrindən əldə etdiyimiz ən böyük uğurumuz xalq-ordu birliyidir”.
Busaat.az xəbər verir ki, bunu son zamanlar istər Tovuz döyüşləri, istərsə də dünyanın müxtəlif ölkələrində ermənilərlə yaşanan qarşıdurmaların nəticələrini dəyərləndirən politoloq Ərəstun Oruclu bildirib.
Politoloqa görə, ölkəni düşməndən müdafiə etməli olan və müdafiə edən ordunun da bizim müdafiəmizə ehtiyacı var:
“Hibrid müharibənin ən geniş yayılmış komponentlərindən biri də qarşı tərəfin ordusuna yönəlik təxribatlardır. Bu mənada Azərbaycan Ordusu daim hamımızın diqqət mərkəzində olmalı, bütün gücümüz ordunun müdafiəsinə yönəlməlidir. Ordu mərd mübarizə aparanların qurumudur, o, döyüş meydanında düşmənlə qarşı-qarşıya ölüm-dirim savaşı aparır. Elə buna görə də ona ən ağır zərbəni namərdlər arxadan vura bilərlər.
Bizim ordumuz belə hallarla artıq dəfələrlə üzləşib. Odur ki, indi istər sosial şəbəkələrdə, istər mediada, istərsə də adi söhbətlərdə orduya qarşı yönəlmiş istənilən neqativ fikirlərə ani və sərt reaksiya verməliyik. Əks-halda gec ola bilər. Unutmayaq ki, məhz belə təbliğatın arxasında daxilimizdəki düşmənlərin əli ola bilər və adətən belə də olur”.
Ərəstun Oruclu hesab edir ki, silahlı qüvvələrə qarşı hansısa addımı atmazdan əvvəl onların ətrafında neqativ rəy formalaşdırmaq lazımdır. Bu gün belə tendensiyalara qarşı barışmaz mübarizə xüsusilə vacibdir:
“Xalq bütün gücü və varlığı ilə öz ordusunun yanında olduğunu göstərdi, ona arxa, dayaq oldu. Bu da təbiidir, çünki ordu Azərbaycanda yeganə milli qurumdur. Bu isə haqlı olaraq düşmənləri narahat edir və daim edəcək. Özü də təkcə xarici düşmənləri yox”.