Zelenski Səudiyyə Ərəbistanındadır

image-zelenskibackend

Ukrayna Prezidenti Volodimir Zelenski Ərəb Liqasının 32-ci Liderlər Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanına səfər etdiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, Zelenski “Twitter” hesabında yazıb:

“İkitərəfli münasibətləri və Ukraynanın ərəb dünyası ilə əlaqələrini yaxşılaşdırmaq üçün Səudiyyə Ərəbistanı Krallığına ilk səfərimə başlayıram”.

Zelenski bildirib ki, səfəri zamanı Krım və müvəqqəti işğal olunmuş rayonlardakı siyasi məhbuslar, ukraynalıların ölkəyə qayıtması, 10 bəndlik sülh formulası və enerji əməkdaşlığı kimi məsələləri qaldıracaq.

Bütün bunlarda Səudiyyə Ərəbistanının əsas rol oynadığını deyən Zelenski, münasibətlərini növbəti səviyyəyə çıxarmağa hazır olduqlarını vurğulayıb.

Zelenski 32-ci Ərəb Liqası Liderlər Zirvə toplantısında da çıxış edəcəyini, başda Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman olmaqla digər liderlərlə də ikitərəfli görüşlər keçirəcəyini bildirib.

Digər prioritetin Ukraynadakı müsəlman icmasının qorunması olduğunu ifadə edən Zelenski deyib: “Rusiya işğalından ilk əziyyət çəkən Krım oldu və işğal altındakı Krımda məzlumların çoxu müsəlmanlardır”.

Səudiyyə Ərəbistanına səfəri zamanı Zelenskini Krım tatarlarının milli lideri və Ukrayna parlamentinin deputatı Mustafa Əbdülcəmil Kırımoğlu da müşayiət edib.

Qeyd edək ki, Zelenskinin 10 bəndlik sülh düsturuna Ukraynanın ərazi bütövlüyünün bərpası, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir.

Ötən həftə İtaliya, Almaniya, Fransa və İngiltərəyə ardıcıl səfərlərindən sonra Ukraynanın “sülh formulu”nun bütün görüşlərində müzakirə edildiyini qeyd edən Zelenski bildirib: “İndi tərəfdaşlar arasında bizim sülh düsturumuza əməl etməyə daha çox istək var”.

Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Çinin də təşəbbüsləri var.

Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Polşa, Fransa və Almaniya kimi ölkələr, həmçinin Rusiya və Ukrayna rəsmiləri ilə mümkün sülh üçün danışıqlar aparır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90