“2017-ci ilin aprelində Rusiyanın Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında 21 yaşlı hərbçi Dmitri Yalpayev qətlə yetirildi. Ekspertlər bildirirdilər ki, boğazından aldığı bıçaq yaralarından ölən hərbçinin qətli məişət xarakterlidir. Ancaq bu məsələ o vaxtdan şübhəli olaraq qalır, çünki bu qətl Ermənistanda anti-Rusiya meyllərinin baş qaldırdığı vaxta təsadüf edirdi. Sonradan qətli kimin boynuna yazdılar, bilmirəm. Ancaq Gümrüdəki hərbi bazada çoxsaylı erməni hərbçilərinin xidmət etdikləri faktdır və istisna deyil ki, cinayət heç də məişət zəminində baş verməmişdi”.
Bu sözləri Ermənistan-Rusiya münasibətlərini Oxu.Az-a şərh edərkən Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Deputatın sözlərinə görə, İrəvanda Rusiyaya arxa çevirmək tendensiyaları tək Nikol Paşinyanın hakimiyyətdə olduğu dövrə təsadüf etmir. Hələ Serj Sarqsyanın vaxtında ermənilər Rusiyanın forpostu olmaqdan heç bir perspektiv əldə edə bilməyəcəklərini görüb Qərbə doğru meyllənməyə başlamışdılar:
“Ermənistanda anti-rus atmosferinin formalaşmasında Rusiyanın bu ölkədəki hərbi bazasının ciddi önəmi var. Məsələn, beş il bundan qabaq Gümrüdəki hərbi bazada xidmət edən kiçik serjant Valeri Permyakov silahını götürərək xidmətini tərk edib və yaxınlıqdakı yaşayış məntəqəsində bir evə daxil olaraq sakinlərinin hamısını qətlə yetirib. Qətldən tək bir faktı qeyd edim: Permyakov evdə olan iki yaşlı körpənin sinəsinə altı dəfə hərbi bıçaqdan zərbə endirib. Cinayətin üstü bildiyim qədər örtülü olaraq qalıb. Kiçik serjanta sadəcə olaraq 22 illik həbs cəzası verdilər. Ancaq qətlin xarakteri göstərirdi ki, ortada nə isə başqa mətləblər var. Bəllidir ki, rus hərbçi kimdənsə qisas alırdı. Çünki onun xidmətində indiyədək heç bir mənfi təzahür büruzə verməyib. İstisna etmirəm ki, o, yerli erməni hərbçiləri tərəfindən hansısa təhqir və ya sıxıntılara məruz qalıb”.
E.Allahverdiyevin sözlərinə görə, məhz bu andan Ermənistanda Rusiyaya qarşı kütləvi aksiyalar keçirilir, mediada təhqir dolu yazılar dərc olunmağa başlayıb:
“Məsələn, əvvəl səfirlik qarşısında qətli törətmiş serjantın Ermənistana təhvil verilməsi tələbləri ilə mitinqlər keçiriblər. Sonra bu aksiyalar daha da kütləviləşib. Mediada “Rusiya bizə nə verib axı?” şüarlı yazılar dərc olunmağa başlayıb. Bu tendensiyaların kulminasiya nöqtəsinə 2016-cı ilin aprel döyüşlərindən sonra təsadüf edilib. Anti-Rusiya çıxışları daha da şiddətlənib, hətta Gümrü hərbi bazasının ləğv edilməsi tələbi irəli sürülüb”.
E.Allahverdiyevin fikrincə, bütün bu olanların unudulmadığı bir reallıqda indi Rusiyanın Gümrüdəki hərbi bazasından ermənilərə silah-sursatın ötürülməsinə dair faktların olması təəccüb doğurur. “Rus hərbçisinin Gümrüdə vəhşicəsinə qətlə yetirilməsi nə tez unuduldu?” – deyə deputat təəccüblənir.
Xatırladaq ki, Prezident İlham Əliyev İtaliyanın RAİ-1 telekanalına müsahibəsində belə faktların olduğunu bildirib.
Deputat qeyd edib ki, birinci Qarabağ Savaşında ermənilər pul, hətta alkoqol müqabilində Qarabağda dislokasiya olunmuş hərbi hissələrdən silah-sursat əldə edib bizə qarşı istifadə edirdilər:
“Bu faktları sonrakı illərdə özləri tərəfindən yazılmış çoxsaylı kitab və məqalələrdə qeyd ediblər. İndi isə Gümrüdəki bazadan ermənilərə silah ötürülür və bu silah nəticə etibarilə, bizə qarşı istifadə olunur. Ümid edək ki, bu çirkli mexanizmin heç bir rəsmi detalları yoxdur və ermənilərin silahlandırılması rəsmi Moskvanın xəbəri olmadan həyata keçirilir. Əgər belədirsə, Rusiya bu prosesin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir”.