Qan qoxan “sülh”: Məram nədən barətdir? – TƏHLİL

image-1601281778-0809backend

“Rusiya ilə bağlanmış müqavilə, suya yazılmış yazı kimidir…”

“10 Noyabr” razılaşması ilə Azərbaycan tərəfi əmin idi ki, onun hər zaman mehriban qonşuluq prizmasında, qarşılıqlı tərəfdaşlıq və iş birliyi şərtlərində münasibətlərinə önəm verdiyi Rusiya dövləti Bakının haqq səsini dəstəkləyəcək, bölgədə sülh və nizamlanma prosesinə ən az Bakı qədər maraqlı olacaq.

Əslində Bakı özü də fərqində idi ki, Moskva özünə sərf edən müqavilələrə sadiq qalır. O müqavilə ki, Rusiyanın maraqlarına zidd şəkildə nəticələr doğacaq, Rusiya tərəfi həmin müqaviləni müxtəlif yollarla pozur və öz maraqlarından çıxış etməyə davam edir. Bakı bunun fərqində olsa da, ümid edirdi ki, heç olmasa özünün düşdüyü xaoitik durumda Moskva ağıllı davranar və Azərbaycan kimi ehtibarlı tərəfdaş əldə edər. Digər tərəfdən:
“Coğrafiya qədərdir…”

Azərbaycan nə edə bilər ki, onun sərhədləri şovenist imperialistlərlə və imzası suya qarışan mürəkkəbdən ibarət olan xəyanətkar qonşularla həmsərhəddir?!

Əminliklə ifadə edə bilərik ki, sülhməramlı missiya olaraq Azərbaycan torpaqlarına daxil olan rus qoşunları sülhü əngəlləmək üçün gəlib. Birincisi, Rusiya ordusu nə zaman və harada sülhün bərqərar olunmasında rol oynayıb?

Bəlkə Əfqaınstana sülh üçün girmişdilər? Yaxud Suriyada bu məqsədlə varlar? Ümumiyyətlə, Rusiya ordusunun ayaq basdığı torpaqlardan bərəkət də uzaq qaçır. Afrika ölkələri, Liviya, Suriya, Əfqanıstan və s. bir neçə belə nümunə gətirmək olar.

Ukraynaya daxil olarkən, əsas məqsədinin “denazifikasiya” olduğunu deyən Rusiya vardı, bəs ondan nə kimi xəbərlər aldıq? Uşaqlar, qadınlar, bəlkə qocalar nasist idilər?

Beş yaşlı, üç yaşlı uşaqlar nasizmin nə olduğunu nə vaxt öyrənmişdilər ki, Rusiya bu nasistləri “zərərsizləşdirdi?” Bəlkə sivil binalar, enerji infrastrukturları və məktəb-baxça binaları nasist yuvaları idilər?!

Radikal rasistlər əlbəttə ki, bu ritorik sualları da “hə” deyə cavablayacaqlar…

Mövzudan kənarlaşmayaq. Rusiya ordusu və dövləti mahiyyət ehtibarilə istilaçıdır. Onlar üçün beynəlxalq hüquq yoxdur, dünya dövlətləri arasındakı münasibətləri “bərabərlik və qarşılıqlı hörmət” əsasında görmürlər. Rusiyanın dünya dövlətlərinə baxışı “zəiflər və güclülər” olaraq ikiyə bölünür. Zəiflər üzərində “ağa” olan Rusiya, əksinə güclülərlə “ehtiyatlı, yaxud səbrli” davranır…

Mövzumuz heç bu da deyil. Toxunacağımız əsas məsələ Rusiyanın Qarabağdakı “məramıdır”. 2020-ci il, 10 Noyabr tarixindən bu yana Qarabağda yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin bütün addımları sülhə maneə törətməyə hesablanıb. Halbuki onların missiyası tam əksini tələb edir.
Əvvəla, Rusiya sülhməramlıları bölgəyə nəzarət mexanizmini düzgün qura bilməyib. Daha doğrusu qurmaq istəməyib. Dəfələrlə görümüşük və sübutlarla birlikdə müxtəlif məlumatlar yayılıb ki, əraziyə qeyri-qanuni gediş-gəlişlər baş verib.

Daha sonra, Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi ərazilərimizdə müxtəlif Rusiya dövlət orqanlarının şöbələri açılıb. Bununla bərabər bir neçə müddət əvvəl Qarabağda “Rus icması”“Rus mədəniyyət evləri” fəaliyyətə başlayıb. Halbuki, sülhməramlı missiyanın fəaliyyəti sərhədlənir. Sülhməramlı missiya sadəcə sülhə nəzarət edir və bölgədə bu kimi təxribatların nəinki icraçı tərəfinə çevrilir, eyni zamanda bu kimi təxribatları əngəlləyən tərəf olur.

Bununla da bitmir. Rusiya sülhməramlılarının nəzarətindəki bölgələrdəki tarixi toponimlərimiz həmişə “erməniləşdirilib”. Sülhməramlılar tərəfindən seperatçı ermənilərə hərbi sirrlərin öyrədilməsi barədə də müxtəlif məlumatlarla qarşılaşmışıq.

Bütün bu addımlar Rusiyanın “məramının” xəbərçisidir. Məram bəllidir: Qarabağda sülh prosesi maksimum əngəllənməli və Rusiyanın bölgəyə təsir imkanları üçün əsas sayılan Qarabağ problemi davam etməlidir.

Rusiya tərəfi bu məqsədinə çatmaq üçün hərbi qarşıdurma ehtimallarını da qoruyur. Ukrayna kimi böyük və sivil ölkəyə qarşı işğal əməliyyatlarına başlayan bir ölkədən Qarabağda “atəş əmri” gözləmək absurd deyil. Rusiya oyunu qaydalarına görə deyil, özünün maraqlarına uyğun oynayır.
Ancaq indiki məqamda Rusiyanın Qarabağda “Ukrayna versiyasını” reallaşdıracağı inandırıcı görünmür. Ukraynanı “üç günə işğal edənlər” 10 aya yaxındır ki, bataqlıqda ilişib qalır və hər gün daha ağır yaralar alır. Azərbaycan isə, hər gün həm beynəlxalq tərəfdaşlarının sayını artırır, həm də elə Rusiyanın da maraqlı olduğu bir çox beynəlxalq layihələrin əsas tərəfdaşına çevrilir. Heç hərbi baxımdan da Azərbaycan özündən dəfələrlə güclü olan Rusiyaya qarşı müdafiəsiz sayılmır. Son dərəcə müasir İsrail silahlarının və xüsusilə, həmişə Azərbaycanı müdaifə etməyə hazır olan Türkiyə ordusunun varlığı Rusiyanın Azərbaycana qarşı güc istifadəsini əngəlləyən əsas beynəlxalq faktorlardır. Biz bura İngiltərə, Pakistan və İtaliya kimi tərəfdaşları da əlavə edə bilərik.

Rusiyanın məramı nə olur olsun, Azərbaycanın bir məramı var və Azərbaycan dövləti öz məramının – öz suverenliyinin və haqqlarının müdafiəsində qərarlıdır. Bu qərarlılıq Rusiya tərəfindən də qəbul ediləcək. Çünki dünya nizamı artıq dəyişib. Rusiyanın adət etdiyi təcavüzkar siyasət artıq onun maraqlarını qoruya bilmir, əksinə özünə zərər verir. Azərbaycan isə, əvvəl olduğu kimi, indi də mehriban qonşuluq və qarşılıqlı əməkdaşlığa sadiqdir və qonşularından da bu cür davranışlar sərgilənməsini istəyir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki