Risklər var: Jurnalistlərimiz Qarabağda maneəsiz hərəkət etməli idi – TƏHLİL

image-318203490_5709893319099286_1571805068143743929_n-5010290751backend

Dünən yayılan və Qarabağda sülhməramlılarla azərbaycanlı jurnalist arasında yaşanan insident bölgədəki real politik vəziyyəti göz önünə qoyur.

Real politik vəziyyəti isə, qarşılaşdığımız təzadlar izah edir. Həmin təzadlar nədir?

-Ermənistandan müxtəlif dövlət və ictimai şəxslər Qarabağa rahat daxil ola bilir. Azərbaycanlı jurnalist öz ölkəsinə daxil ola bilmədi;

-İrandan gələn naməlum şəxslər, işçilər, bəzən də terrorçular Qarabağa daxil ola bilir. Azərbaycanlı jurnalist öz ölkəsinə daxil ola bilmədi;

-Fransalı, ispaniyalı məmurlar Qarabağa daxil ola bilir. Azərbaycanlı jurnalist öz ölkəsinə daxil ola bilmədi;

-Rusiyadan gələn hər kəs öz evinə gəlirmiş kimi Qarabağa daxil ola bilir. Azərbaycanlı jurnalist öz ölkəsinə daxil ola bilmədi;

-Ümumiyyətlə, Qarabağa giriş hər kəs üçün açıqdır, ancaq bir şərtlə ki, həmin o şəxs azərbaycanlı olmasın…

Belə demək mümkündürsə, azərbaycanlılardan başqa hər kəs Qarabağa girə bilir. Bu çox riskli və acı bir reallıqdır. Qarabağda bir hərbi xunta bərqərar edilib. Bu hərbi xuntanın adı “sülhməramlı” kimi yüksək səviyyəli bir ad ilə pərdələnib.

Erməni işğalı və Rusiyanın sülhməramlı missiyası mahiyyət etibari ilə eyni olsa da, məhz, ad olaraq fərqlidir və bu fərq Rusiyanın regionda üstünlüyü de-fakto əlində saxlaması üçün ideal fürsətlər verir.

“Niyə, Rusiyanın sülhməramlı missiyası və erməni işğalı mahiyyət etibari ilə eynidir?” sualının cavabsız qalmasını istəmirəm. Rusiyanın sülhməramlı missiyası və erməni işğalı ona görə eyni mahiyyəti daşıyır ki;

1.Hər iki halda azərbaycanlıların Qarabağa de-fakto nəzarəti əlindən alınıb;

2.Qarabağa nəzarət edə bilməyən Azərbaycan dövləti, burada özü əleyhinə atılan addımlara müdaxilə imkanlarına sahib deyil;

3.Erməni işğalı zamanı “erməniləşdirilməyə” çalışılan Qarabağ, Rusiya sülhməramlılarının nəzarəti ilə “ruslaşdırılma və erməniləşdirilmə” addımları ilə üz-üzə qalıb. Hər iki halda, məqsəd Qarabağı Azərbaycandan qoparmaqdır.

Erməni işğalı zamanı atılacaq addımlar real və bəlli idi: Sülh yolu ilə razılaşmayan işğalçı qüvvələlər hərbi əməliyyatlar ilə bölgədən çıxarılacaq və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin ediləcəkdi… Bu reallıq həyata keçirildi də…
Ancaq Rusiyanın işğalı zamanı atılacaq addımlar hər halda risklər daşıyır: Diplomatiyadan anlamayan Rusiya ilə hərbi qarşıdurma ciddi risklər deməkdir. Hər nə qədər Ukraynada bataqlıqda boğulsa da, canlı qüvvə etibarilə sinifdə qalsa da, Rusiya dünyanın ən müasir və dağıdıcı hərbi-texnoloji arsenalına sahibdir. Onun bir sıra qadağan edilmiş uzaqmənzilli raket silahları var ki, Azərbaycan-Rusiya qarşıdurmasında bu minlərlə sivil ölümü deməkdir…

Diplomatiya da Rusiyaya qarşı mübarizədə effektiv addım sayılmamalıdır. “Yumuşaq siyasət”dən anlamayan bir dövlət ilə diplomatik həll mümkün deyil. Rusiya ilə problemləri o halda diplomatiya yolu ilə həll etmək mümkündür ki, Moskvanın istəklərinə cavab verilsin. Bu isə, Qarabağın “erməniləşməsinə” deyil, “ruslaşmasına” göz yummaqdır. Bakı hər ikisini istəmir, istəməyəcək…

Qarabağ məsələsində Bakı indi daha ciddi regional qarşıdurma ilə üz-üzə qalıb. Əvvəl bölgədə sadəcə “erməni işğalı” faktoru ön planda idisə, indi üç faktor ön plana çıxıb: “erməni işğalı”, “seperatçı dövlət” və ən əsası, sülh üçün gəlib məramında imperializm olanlar…

Birinci faktor (Erməni işğalı) artıq məğlub edilib və o, bu oyunda “ən zəif bənd”dir.

İkinci və üçüncü faktorlar isə, hazırda ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Seperatçıların dövlətə çevrilməsi inandırıcı görünməsə də, razılaşmalıyıq ki, indi bu amil ciddi şəkildə aktiv təhlükəyə çevrilir. Xüsusilə Fransanın həm Qərbdə, həm də dünyada belə bir amilin sponsoruna çevrilməsi təhlükəni daha da artırır. Biz hansısa sıradan ölkədən danışmırıq, bu, Fransadır. Fransa isə, hazırki dünyanın əsas sahiblərindəndir…

Üçüncü faktor – sülh üçün gəlib məramında imperializm olanların atdığı addımlar artıq ciddi şəkildə narahatlıq doğurur. Rusiya tərəfi açıq-aşkar birüzə verir ki, onlar Qarabağda tərəfsiz və sülhməramlı deyillər, onlar Qarabağda anti-Azərbaycançıdırlar və bu istiqamətdə addımlar atmağa davam edəcəklər. Bu isə, Fransa faktorundan daha ciddi təhlükədir. Çünki Rusiya həm dünyanın əsas ölkələrindən biri, həm də regionumuzun nüvə silahına sahib tək ölkəsidir. Üstəgəl, Moskvada hələ də “Çarizm və Sovetizm” arzuları davam edir. Cənubi Qafqaz isə, bu arzuların əsas hədəflərindəndir.

İndi rəsmi Bakı eyforik düşünənlərdən uzaq olmalı, özünü onların fikirlərinə qapayaraq, riskləri doğru qiymətləndirməlidir. Bəlli məsələdir ki, Bakı Moskva-Tehran-Paris üçlüsünün anti-Azərbaycan siyasi addımları qarşısında tək mübarizə aparmaq imkanlarına sahib deyil.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bu qüvvələrə qarşı döyüş elan edə bilməz. Etməməlidir. Həmçinin, Azərbaycan bu qüvvələrə qarşı dipolmatiya ilə də öz maraqlarını tam şəkildə reallaşdıra bilməyəcək.

Bütün mümkün həll yolları tükənibmi?

Yuxarıdakı dəyərləndirmələr real politik situasiyanın izahı olsa da, bu dəyərləndirmələr bütün yolların tükəndiyi anlamına gəlməməlidir. Əksinə, Bakı çox ciddi geopolitik oyunun mərkəzində, hazırda oyun qurucusudur. Geosiyasi rəqabətdə qalib gəlmək Bakının tək ərazi suverenliyini bərpa etməsinə deyil, onun regionun əsas ölkələrindən birinə çevrilməsinə səbəb olacaq.

Buna nail olmaq üçün Bakının beynəlxalq əlaqələrini daha da inkişaf etdirməsinə ehtiyacı var. Bakını yüksək amallarına sadəcə beynəlxalq tərəfdaşları ilə “dünyəvi maraqları” çatdıra bilər. Dünyanın ən vacib bölgələrindən birinin ən vacib ölkəsi olan Azərbaycan bu üstünlüyünü beynəlxalq tərəfdaşlarının maraqlarının inşasına, beləcə beynəlxalq məsələlərdə öz mövqeyinin təminatına çevirə bilər.

Xülasə, Bakının Qarabağ problemini, daha doğrusu Qarabağda davam edən “kənar qüvvələrin özbaşnalığını” həll etməsi üçün beynəlxalq faktora çevrilməyə, bunun üçün isə, beynəlxalq tərəfdaşları ilə münasibətlərini daha irəli səviyyəyə çatdırmasına ehtiyac var.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki