“Əgər İlham Əliyevin bu cür prinsipial mövqeyi ortada olmasaydı, ermənilər çoxdan bu məqsədlərinə müvəffəq olardılar”.
Bunu sentyabrın 27-də prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında
etdiyi çıxışa münasibət bildirən Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Busaat.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, ölkə başçısı çıxışında həm xalqımızda, həm bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə böyük ruh yüksəkliyinin hökm sürdüyünü vurğulayıb:
“Təhlükəsizlik Şurasının iclasında prezident bir daha qeyd etdi ki, “biz haqq yolundayıq, biz özümüzü
müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində
Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü
müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”. Bəli, biz bu savaşda haqlı
tərəfik, haqq yolundayıq və bizim haqlı olduğumuzu dünya liderləri də bilir. Məhz bu səbəbdən,
Ermənistanın Baş naziri zəng etdiyi dövlət başçılarının heç birindən real siyasi və hərbi dəstək ala bilmədi”.
Əlisahib Hüseynov qeyd edib ki, bu gün İlham Əliyevin məqsədyönlü və yorulmaz səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür formalaşmaqdadır:
“Prezident sözügedən iclasda etdiyi çıxışında həmçinin istər yarımçıq hərbi əməliyyatların, istərsə də
yarımçıq sülhün bizi əsla qane etmədiyini və üstəgəl, bizim ərazilərimizdə heç vaxt ikinci erməni
dövlətinin yaradılmasına yol verilməyəcəyini qətiyyətlə vurğuladı. Bu, çox mühüm
məqamdır və dövlət başçımızın bu cür prinsipial mövqeyi təqdirəlayiqdir. Əgər İlham Əliyevin bu cür
prinsipial mövqeyi ortada olmasaydı, ermənilər çoxdan bu məqsədlərinə müvəffəq olardılar. Bu gün dünya ictimaiyyəti Dağlıq Qarabağın bizim əzəli tarixi torpağımız olduğunu bilir və qəbul edir. Dövlət başçımızın da qeyd etdiyi kimi bu gün biz öz torpaqlarımızı işğaldan azad edirik, öz ərazi bütövlüyümüzü bərpa edirik.
Dövlət başçımızın Azərbaycan Ordusunun əks-hücum nəticəsində əldə etdiyi uğurlar münasibətilə
xalqımızı və hərbçilərimizi təbrik etməsi xüsusilə sevindirici hal idi. Prezidentin məcburi köçkün
soydaşlarımıza müraciəti bir Ali Baş Komandana yaraşacaq qədər qətiyyət və inamlılığı ilə diqqətimi çəkdi. Şanlı Ordumuza zəfər diləyir, xalqımıza Qələbə xəbəri arzulayırıq”.
Gülay