“Azərbaycan Ermənistanla danışıqlarda Fransanın iştirakından imtina etməlidir” – EKSPERT RƏYİ

image-az_france_flagbackend

Dünən Fransa Senatı Azərbaycan əleyhinə qətnamə qəbul edib. Qətnamə birbaşa beynəlxalq hüquqa zidd olmaqla bərabər, bölgədə düşmən münasibətləri alovlandırmağa səbəb olacaq təsirlərə malikdir.

Dünyada baş verən ümumi siyasi gərginliklər fonunda Fransanın Azərbaycana qarşı belə bir addım atması birmənalı qarşılanmayıb.

Busaat.az sözügedən məsələ ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib:

image-yusiff

“Məlum olduğu kimi Fransa senatı tərəfindən bundan əvvəl də 2020-ci il noyabrın 25-də və Fransanın Aşağı Palata Milli Assambleyası tərəfindən 2020-ci il dekabrın 3-də Azərbaycan Respubvlikasının əleyhinə qətnamələr qəbul edilmişdi. Həm o qətnamələr, həm də son qətnamə faktiki olaraq Azərbaycana qarşı siyasi baxımdan təzyiq göstərilməsinə cəhd kimi qəbul olunmalıdır. Fransanın bu mövqeyi uzun illərdir ki, davam edir. Sadəcə əvvəllər bu ölkənin erməni sevgisindən qaynaqlanan addımları daha çox pərdəarxası şəkildə həyata keçirilirdisə Makronun hakimiyyətə gəlişi ilə vəziyyət dəyişib. Artıq Fransa açıq şəkildə regionda separatizmi dəstəkləyən, hər fürsətdə Azərbaycan və Türkiyə əleyhinə mövqe orataya qoyan və bu mövqeni Avropa İttifaqı daxilində aktiv şəkildə təbliğ edən dövlətə çevrilib”.

Politoloq Fransanın anti-Azərbaycan və anti-Türkiyə mövqeyinin səbəblərini izah edib: “Təbii ki, bu mövqenin arxasında təkcə Fransada erməni lobbisinin güclü olması dayanmır. Fransanın bu cür anti-Azərbaycan və anti-Türkiyə mövqeyi birbaşa Fransanın özünün rügiondakı maraqları ilə bağlıdır. Ermənistan isə Fransanın öz maraqlarını təmin etməsi üçün bir alətdir. Fransa prezidenti Emmanuel Makronun Vətən müharibəsi dönəmində Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədi ilə ciddi səylər göstərdiyi, Fransa Xarici İşlər Nazirliyinin ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəklədiyi uzaq tarix deyil və hər birimiz bunun şahidləriyik.

Zamanında ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq münaqişənin həlli ilə bağlı beynəlxalq vasitəçi rolunda iştirak edən və əslində tərəfsiz mövqe sərgiləməli olan Fransanın açıq-aşkar anti Azərbaycan mövqe sərgiləməsi rəsmi Parisin Ermənistanın Cənubi Qafqazda oynadığı pozuculuq roluna dəstək kimi qəbul etmək lazımdır. Başqa sözlə ifadə etsək Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı deyil və məhz bu baxımdan da Azərbaycana qarşı mövqe sərgiləməklə bir növ Ermənistana “qorxma biz səninləyik” mesajını verir və faktiki olaraq onları sülh prosesindən uzalaşdırır”.

Ekspert ötən Azərbaycan əleyhinə qəbul edilən qətnamənin əsas hədəflərindən danışıb: “Məlum qətnamə Cənubi Qafqazdakı hərbi-siyasi vəziyyəti gərginləşdirməyə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasının qarşısını almağa hesablanıb. Aydındır ki, Fransa Senatının məlum qətnaməsi iki ildir ki, 10 noyabr Bəyanatına əməl etməyən, davamlı olaraq ölkəmizə qarşı terror və təxribatçılıq siyasəti həyata keçirən Ermənistanı öz bəd əməllərini davam etdirməyə həvəsləndirəcək, qarşıdurma meyllərini gücləndirəcək.

Digər bir tərəfdən senatın bu qətnaməsi Fransanın ədalət anlayışının nə qədər qüsurlu olduğunu göstərir. Otuz illik erməni işğalı dövründə yüz minlərlə azərbaycanlının vətənindən didərgin salınmasına, təməl insani haqlarından məhrum edilməsinə, minlərlə soydaşımızın ermənilər tərəfindən qətlə yetirilməsinə, amansız işgəncələrə məruz qalmasına göz yuman Fransanın Azərbaycanı ittiham etməsi, vaxtı ilə ermənilərin Qarabağda yaratdığı qondarma qurumun müdafiəsinə qalxması tarixi riyakarlıq və absurd kimi dəyərləndirilməlidir. Təcavüzə məruz qalan Azərbaycanın deyil, terrorçu Ermənistanın yanında yer alan və onun ölkəmizə qarşı ərazi iddialarını dəstəkləyən Fransa, bununla beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaqda, erməni faşizmini açıq şəkildə müdafiə etməkdədir”.

Ekspert həmçinin qəbul edilən qətnamənin Azərbaycana qarşı törədə biləcəyi mənfi təsirləri dəyərləndirib: “Qəbul olunmuş qətnamə tövsiyyə xarakterlidir və praktiki mərhələdə işləyəcəyi gözləntisi azdır. Xüsusilə Avropa üçün həyati əhəmiyyət kəsb edən enerji resursları baxımından qətnaməninin dəstəklənməsi real görünmür. Rusiyanın enerji daşıyıcılarından azad olmaq istəyən Aİ-nin siyasi mərkəzi Azərbaycandan neft və qaz alışında maraqlıdır. Fransanın təkbaşına embarqo qərarının bizim üçün elə bir əhəmiyyəti yoxdur, çünki Azərbaycanın qaz və nefti Fransaya ixrac olunmur. Rəsmi Bakı bu istiqamətdə Cənub Şərqi Avropa ölkələri və İtaliya ilə əməkdaşlıq edir. Qətnamədə qeyd olunan və “Dağlıq Qarabağ” adlı qondarma qurumun müstəqilliyinin tanınması ilə bağlı çağırışlara da Avropa İttifaqı ölkələrinin qoşulması inandırıcı deyil. Çünki həmin ölkələr Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edirlər və bununla bağlı dəfələrlə də mövqe bildiriblər”.

Politoloq Azərbaycanın Fransaya qarşı atmalı olduğu addımlardan danışıb: “Qəbul olunmuş Qətnamə yalnız siyasi mahiyyət daşıyır və rəsmi Bakının da buna uyğun addımlar atması şərtdir. Buraya Fransaya rəsmi Nota verilməsindən tutmuş, Ermənistanla aparılan danışıqlarda Fransanın hər hansı bir formada iştirakından imtina olunmasının rəsmi şəkildə elan olunmasına qədər müxtəlif addımlar aid edilə bilər. Bununla yanaşı rəsmi Bakı Korsika adasının öz müqəddəratını təyin etməsi ilə bağlı qətnamə də qəbul edə bilər və Fransa tərəfindən törədilmiş Əlcəzair soyqırımının tanınması istiqamətində addımlar da atıla bilər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki