Bakıda Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimi keçirilir.
Busaat.az xəbər verir ki, Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edir.
Azərbaycan Qadınlarının VI Qurultayında “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə müzakirələr aparılacaq.
Tədbirdə iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər çıxış edərək panel mövzular ətrafında fikir və təkliflərini bildirəcəklər.
Yekunda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezident İlham Əliyevə müraciəti səsləndiriləcək.