2020-ci ildə, “10 Noyabr” sazişi ilə kapitulyasiyaya imza atan, beləcə böyük müharibədə məğlubiyyətini eitraf edən və dünyaya biabr olan Ermənistan tərəfi, daha sonra müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etdi. Hələ də Qarabağda Ermənistan ordusunun qalıqları qalmaqda, bununla bərabər Ermənistan tərəfi müxtəlif rəsmi şəxslərin dili ilə Qarabağa iddialar səslədirməyə davam etməkdədir.
Qısacası, rəsmi Bakı “10 Noyabr” sazişi ilə əldə etdiyi hərbi və siyasi qələbəni hər iki müstəvidə de-yure olaraq təsdiqlətdi. Ancaq hərbi zəfər de-fakto qəbul edilsə də, yəni müqavilənin şərtlərinə uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonları boşaldılsa da, sonrakı proseslərdə Moskva, Paris və Tehrandan aldığı cəsarətlə Ermənistan tərəfi Azərbaycanın siyasi mənada qazandığı qələbənin de-yure təsdiqinə imza atdı, ancaq qələbənin de-fakto reallaşmasına imkan vermədi…
Nəticədə iki ildən çox keçməsinə baxmayaraq, bölgədə hələ də siyasi problemlər davam etməkdə, yekun sülh müqaviləsi əldə edilməməkdədir. Ona görə də, rəsmi Bakı mənfur düşmənin özbaşnalıqlarından bezmişcəsinə tarixi həqiqətin bərpasına tələsir.
Xüsusilə, 2023-cü il bu nöqtədə ön plana çıxır. Belə ki, bütün dünyada müxtəlif hərbi və siyasi ekspertlər, hətta rəsmi şəxslərin belə dilindən tez-tez eşidirik ki, 2023-cü il dünya tarixinə bir sıra geosiyasi və önəmli hadisələrlə düşəcək. Bu ilin dünyadakı proseslərlə yanaşı Azərbaycan üçün həm də mənəvi tərəfi var: 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli”dir. Əlbəttə, rəsmi Bakı öz tarixinin ən əlamətdar hadisələrinin həm dünya, həm də özü üçün mənəvi əhəmiyyəti olan 2023-cü ildə həllini daha məqsədəuyğun görür.
Bakı üçün əlamətdar əsas hadisələri belə sıralaya bilərik:
1. Qarabağ problemi tarixə çevrilir, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır, Qarabağ erməniləri digər Azərbaycan vətəndaşlarından nə artıq, nə əksik hüquqlara sahib olmaqla Azərbaycan şəxsiyyət vəsiqələri və pasportunu əldə edir, nəhayət Azərbaycan və Ermənistan dövlətləri arasında tarixi sülh müqaviləsinə imza atılır;
2. Sülh müqaviləsinin imzalanması ilə bütün regiondakı tranzit yollar və digər əməkdaşlıq imkanlarının önü açılır. Bölgədəki ölkələr qarşılıqlı əməkdaşlıq çərçivəsində külli miqdarda qazanc əldə etməyə başlayır və beləcə, Cənubi Qafqazın dünya siyasətindəki yeri və rolu artır, region ölkələri dünya əhəmiyyətli tərəfdaşa çevrilir. Təbii bu halda, Bakı dünyanın əsas mərkəzləri sırasına qoşulmaq imkanı əldə edəcək;
3. Özünün ən böyük problemi olan Qarabağ məsələsi və tranzit və enerji layihələrini təmin edən Azərbaycanın dünya dövlətinə çevrilmək imkanlarının yolu açılacaq və Bakı artıq “daha böyük Azərbaycan” üçün çalışacaq.
Rusiya, Fransa və İran kimi ölkələrin əsas qorxusu məhz budur. Çünki sırası ilə hər üç məqsədinə çatacaq Bakı, həm də Türk Dünyasının inşası və yeni dünya düzənində “güc qütbü”nə çevrilməsində effektiv rol alacaq. Yeni dünya düzəni isə, artıq bəlli olduğu kimi “çoxqütblü dünya” olacaq və buradakı əsas “güc qütbləri”ndən biri də Bakı və Ankaranın müttəfiqliyinin ön planda olduğu Türk Birliyi olacaq.
Bütün bu planların reallaşması başda Fransa, İran və Rusiya imperiyalarının süqutunun başlanğıcıdır desək yanılmarıq. Ona görə də, bu gün “erməni məsələsi”ni bəhanə edən bu güclər Bakını hədəf seçib və onun gücə çevrilməməsi üçün Ermənistan dövlətini istifadə edirlər.
Bakının bu il üçün hesabladığı “maksimum nəticələr” nələrdir demək çətindir. Ancaq ehtimal ki, Bakı 2023-cü ildə ən azı yuxarıda sadaladığımız məqsədlərdən ən azı ilk ikisini reallaşdırmaq istəyir.
İki gün əvvəl Azərbaycan prezidenti İlham Əliyevin çıxışı və səsləndirdiyi fikirlər bunun sübutudur. Azərbaycan bu il ilk iki məqsəddəki kimi, öz suverenliyinin təminatını istəyir və bölgədə və dünyada öz əhəmiyyətini artırmaq üçün tranzit yolların açılmasına və enerji layihələrinin reallaşmasına çalışır.
Hazırkı ümumi dünyəvi situasiya Bakının bu məqsədlərə yaxın olduğunu söyləməyə əsas verir. Əlbəttə, bu məqsədlərin icrası üçün güc istifadəsi qaçınılmazdır və görünən qədəriylə elit ordu birləşmələrinin sayını və hazırlığını, eləcə də hərbi-texniki imkanlarını əhəmiyyətli dərəcədə artıran Bakı hər şeyi vaxtında və doğru hesablayıb. Geriyə planların icrası qalır ki, dünya siyasətində əhəmiyyətli dəyişikliklər görməsək, yaxın zamanlarda planların icrasını görə bilərik.
Həm hüququnun və həm də hərbi gücünün verdiyi səlahiyyətlər artıq rəsmi Bakının insansevər cəhdlərinin önünə keçəcək qədər səbrləri doldurub. Ermənistan tərəfi israrla Azərbaycanın hüquqlarını qəsb etməyə davam edərsə, ilk iki məqsədə çatmaq üçün güc istifadəsinin reallaşması an məsələsinə çevrilib.
Həşim Səhrablı / Busaat.az