Balans siyasətdən krizə: Səbəblər və günahlar – TƏHLİL

image-3330006backend

Azərbaycan Respublikasında Ulu öndər Heydər Əliyevin iqtidara gəlməsindən sonra ölkənin xarici siyasətində əsas prioritet məsələ kimi bütün güc mərkəzləri ilə balanslı əlaqələrin qurulması əsas götürülməyə başladı. Ölkənin bundan sonrakı bütün xarici əlaqələrində balans tətbiq edildi və anti-Azərbaycan siyasi istəkləri olan ölkələrlə belə balanslı siyasət aparıldı. Azərbaycanın əsas tərəfdaş və müttəfiqi Türkiyədən başqa bütün ölkələrə münasibətində qəribə bir bərabərlik var idi.

Məsələn, İngiltərə və İtaliya kimi ölkələr Azərbaycana tərəfdaş olaraq yanaşdığı halda, İran, Fransa və Rusiya kimi mərkəzlərdə anti-Azərbaycan addımları az və ya çox müşahidə edilirdi. Amma Azərbaycan bütün bu ölkələrə qarşı addımlarında həmişə balans tətbiq etdi, birini digərindən ayırmadan hamısı ilə bərabərhüquqlu və qarşılıqlı əlaqələrə sadiq qaldı.

Əslində bu kimi addımların nəticəsi idi ki, Azərbaycan 1990-cı illərdəki çətin geosiyasi vəziyyətdən alnıaçıq çıxdı və müharibənin vurduğu ağır zərərlərin yaralarını zamanla aradan qaldırdı. Azərbaycanın bu xoşniyyətli addımları ona qarşı ən radikal addımların atılmasının qarşısını aldı və onu açıq hədəf olmaqdan xilas etdi. Ta ki, 2020-ci ildə Azərbaycan Fransa, Rusiya və İranın bütün narazılıq və təhdidlərinə baxmayaraq, öz suverenliyini bərpa etdiyi zamana kimi…

2020-ci ildə baş vermiş “Vətən müharibəsi” tək ermənilərin və Ermənistan dövlətinin məğlubiyyəti ilə yadda qalmamalıdır. Bu qələbə ilə Azərbaycan, əslində rusların 200 illik planına ağır zərbə vurmuş, İran və Fransanın bölgədəki bütün maraq və imtiyazlarının üstündən xətt çəkmişdir.

Təsəvvür edə bilirsiniz, bu, necə böyük bir ümumi dünyəvi prosesdir?!

Azərbaycan özündən qat-qat güclü olan üç ölkəni sadəcə bir döyüşlə, 44 gün ərzində rəzil etdi…

İnanmayanlar Qənimətlər Parkına və oradakı qənimətlərə baxa bilər…

Ancaq indi balans siyasətinin bir sıra məsələlərdə sərt ritorikaya əvəzləndiyini görməkdəyik. Xüsusilə Fransa, Rusiya və İranın Qarabağ məsələsində pozucu fəaliyyətləri, İranın birbaşa Azərbaycanın təhlükəsizliyini təhdid edən addımlar atması fonunda rəsmi Bakının bu ölkələr ilə münaibətlərində balansı qoruyub saxlaması çətinləşir.

Fikir verək: Türkiyə ilə müttəfiq əlaqələr daha da artır, İngiltərə, İtaliya, İsrail, Pakistan ilə əməkdaşlıq perspektivləri genişləndirilir, Orta Asiyadakı türk dövlətləri ilə birlik əlaqələri çərçivəsində ikitərəfli münasibətlərdə daha ciddi addımlar görürük, ancaq qarşılığında Azərbaycan Rusiya və İranla sadəcə qonşuluq prinsipləri çərçivəsində, Fransa ilə isə, Avropa tərəfdaşlığı ilə ötəri əlaqələrə sahibdir. Üstəgəl, ötəri münasibətlərin mövcud olduğu ölkələrlə ciddi fikir ayrılıqları və maraqların qarşıdurması müşahidə edilir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan balans siyasətini davam etdirmək əzmində və marağında olsa da, Rusiya, Fransa və İranın atdığı addımlar onlara qarşı addımlar atılmasına səbəb olub.

30 ildir Ermənistanın əli ilə anti-Azərbaycan siyasi addımlarını həyata keçirən bu mərkəzlər indi “erməni kartı”ndan məhrum olub. Məhz bu məhrumiyyətdən sonra həmin dövlətlərin Azərbaycana qarşı atdığı addımlar üçüncü tərəflərin əli ilə deyil, birbaşa özləri tərəfindən həyata keçirilir.

Belə demək mümkündürsə, artıq kartlar açıq oynanılır.

Masada bu üç ölkə tərəfindən təklənən Azərbaycan isə, əlbəttə ki, özünü sığortalamaq üçün beynəlxalq aləmdə öz tərəfdaşlarının gücünə ehtiyac duyacaq. Bu isə, bu gün açıq şəkildə özünü birüzə verməsə də, Rusiya, Fransa və İranın anti-Azərbaycan addımlarının artması fonunda daha qabarıq formada görünəcək. Azərbaycan tək Türkiyə ilə müttəfiqliyini gücləndirməklə qalmayacaq, daha müasir və güclü silahlara sahib İsrail ilə, Avropada əsas iqtisadi tərəfdaşı İtaliya ilə və dünya siyasətində önəmli pay sahibi olan və dünyanın əsas siyasi mərkəzlərindən biri ingiltərə ilə əlaqələrini daha da inkişaf etdirəcək. Şərqdə isə, Pakistan və Çin kimi ölkələrlə regional maraqlar çərçivəsində daha geniş əlaqələrə şahidlik edəcəyik. Düzdür bu balansı pozacaq, amma Bakı buna məcburdur. Onlar özləri Azərbaycanı balans siyasətini az və ya çox miqdarda pozmağa vadar edirlər…
Əslində indi ən doğru yol balans siyasəti bir müddətlik – dünyada yaşanan qeyri-müəyyənlik başa çatana qədər pozmaqdır. Ona görə ki, qeyri-müəyyən situasiyalarda kimin hansı addımlar atacağı bəlli deyil. Hər an daha güclülər özlərindən zəiflərə qarşı təcavüzkar davrana bilər. Necə ki, 9 ay əvvəl Rusiya Ukraynaya təcavüz edib.

Azərbaycanı bütün təhlükələrdən sığortalamaq üçün risk tərəfləri və tərəfdaşlar ayrılmalıdır. Hər kəsə lazım olan qədər, anlayacağı kimi cavab verilməlidir. Əgər Rusiya, Fransa və İran rəsmi Bakı kimi etibarlı tərəfdaşı itirmək istəmirsə, onda həqiqətən onun bölgədə yaratdığı yeni reallığa cavab verməli, anti-Azərbaycan addımlarından imtina etməli, Azərbaycanın suverenliyi və istəkləri tanınmalıdır. Yalnız bundan sonra bu ölkələrlə balans siyasətini tam anlamı ilə yenidən həyata keçirmək mümkün olacaqdır.

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki