Ermənistan Xarici İşlər Nazirliyi “Novoya qazeta”nın Dağlıq Qarabağa ezam olunmuş müxbiri İlya Azarın akkreditasiyasını ləğv edib.
İlya Azar “Novaya Qazeta”nın xüsusi müxbiri
Çərşənbə axşamının ilk yarısı Qarabağda qeyri-adi dərəcədə sakit keçdi: Xankəndinin atəşə tutulması müvəqqəti dayandı. “Novaya Qazeta”nın müxbirləri Şuşaya yaxınlaşdılar, burada yaxınlarda yerli sakinlərin dediyinə görə, yüzlərlə hərbçi və polis məmuru olduğu bir mədəniyyət mərkəzini bombalanıb. Dağlıq Qarabağ (işğal altında olan Qarabağdakı qondarma qurum – red.) hərbi itkilərinin 320 nəfər olduğunu iddia etsə də, könüllülər itkilərin daha çox olduğunu, əsgərlərin silah və geyim formasının çatmadığını və cəbhədəki vəziyyətin acınacaqlı olduğunu söyləyirlər. 6 oktyabr axşamı Xankəndi yenidən bombalandı.
“Novaya Qazeta” Dağlıq Qarabağdakı münaqişə tərəflərindən heç birini dəstəkləmir və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır. Eyni zamanda müxbirlərimiz hadisə yerindən obyektiv məlumatlar ötürür və hər iki tərəfi dinləməyə çalışırlar. Əgər məlumatda vətəndaşların müharibədə iştirak etmək və ya ölkələrini bu cür münaqişələrə xas olan şəkildə dəstəkləmək kimi duyğusal istəkləri varsa, bunu görməməzlikdən gələ bilmərik. Müharibə müharibədir, bürokratiya isə qrafik üzrədir. Oktyabrın 4-də Şuşada bombalanan mədəniyyət mərkəzinin binasına yaxınlaşan kimi polis bizə yaxınlaşdı. Binanın şəklinin və görüntüsünün çəkilməsinə icazə vermədilər və bunun üçün bizə polis bölməsinə getməyi təklif etdilər.
Bombardman nəticəsində uçan, hərbçilərin iclas keçirdiyi Mədəniyyət Evi. Pavel Volkov tərəfindən çəkilmiş foto
Yarım saat sənədlərimizi yoxlayarkən və qiymətli vaxtın boşa getməsindən qəzəbləndiyimiz zaman nəhəng polis Georgi əvvəlki iki gündən fərqli olaraq gecə və səhər Şuşada sakitçilik olduğunu söylədi. “Birlikdə mehriban yaşamalıyıq” deyir. “İstəməyənlər …”, – Estoniyadan olan müxbir Anton tələsik ona söyüşünü bitirməsinə icazə vermir.
“Hətta ****** dən daha pisdir” deyə Georgi gülümsəmədən qəbul edir. Nəhayət, klub binasını çəkməyə icazə verilir, yalnız çöldən, xilasedicilərin hələ də içəridə çalışdığını və orada olmağın təhlükəli olduğunu deyirlər.
Sürücümüz Sinod deyir ki, bina bombalandıqda içəridə 600 hərbçi və polis olub. Onun sözlərinə görə, atəşə məruz qalmamaq üçün 600 nəfər görüş üçün xüsusi olaraq mülki binada toplaşıblar. “Ancaq onları satan bir xain olub. Və aşkardır ki, belələri bizdə çoxdur”, – deyə Sinod qəzəblənir.
Bomba altında olan binalar fonunda hərbçilərin iclas keçirdiyi Mədəniyyət Sarayından uçan damın hissələri. Pavel Volkov tərəfindən çəkilən foto
Raket mədəniyyət evinin tam mərkəzinə tuş gəlib. Ondan 50 metr radiusda qırmızı dam örtükləri görünür, ətrafdakı asfalt qırıntılarla doludur. Partlamayan “Smerç” raketi yolun kənarındadır. Səliqəli zolaqlı lentlə əhatə olunub.
Mədəniyyət mərkəzindən bir qədər aralıda, sarı rəngli yağış paltoları geyinən cavan oğlanlar zərif ağacların altında görünürlər. Bunlar binadakı dağıntıları sökən Qarabağ (qondarma qurum –red.) Fövqəladə Hallar Nazirliyinin xilasediciləridir. Onlardan biri Arut asfaltda girən raketin ertəsi gün xilasedicilər artıq binada işləyərkən atıldığını çəkinərək bildirir. Onun dediyinə görə, 4 oktyabr tarixində klubda hərbçilərin həqiqətən də toplantısı olub və orada təxminən 300 nəfər olaraq iştirak edib. Xilasedicilər binadan artıq 19 cəsədi çıxarıblar.
Hərbçilərin iclas keçirdiyi Mədəniyyət Evi bombardmandan sonra. Pavel Volkov tərəfindən çəkilmiş foto
Xilasedicilərlə söhbət etdikdən sonra klubun qarşısındakı yaşayış binalarına tərəf getdim – partlayış dalğasından şüşələri tökülmüşdü. Birdən hava basqını siqnalı çalındı – həmkarlar, xilasedicilər və polislər mədəniyyət mərkəzinin zirzəmisinə qaçırlar (içərisində qan izləri olan dəbilqə və avtomat silahının sınıq qundağı da görünür), mən ən yaxın yaşayış binasına girdim.
Siqnal qısa müddət sonra kəsildi (hava müdafiəsi dronu görəndə belə olur) və çox sakitlik oldu. Vaxt sanki donub. Yağış yağır, açıq giriş qapısından qırılan şüşə qırıqlarının üstündən qaçan bir pişik balası görürəm, ardınca böyük bir pişik gəlir, yəqin ki, anasıdır.
Həyəcan siqnalı zamanı boş şəhərdən gəzən yerli sakin. Pavel Volkov tərəfindən çəkilmiş foto
Birdən küçədən söhbət səsi gəlir, ehtiyatla bayıra baxıram və kamuflyajlı iki yaşlı kişini görürəm. Sanki heç nə baş vermir. Mən onlara bağırdım: “Çölə çıxa bilərik?” Görünür niyə gizləndiyimi anlamırlar.
Çölə çıxan kimi şəhərdən uzaqda üç partlayış eşidirəm.
“Bu, ehtimal ki, Xankəndidir”,- deyə yanıma gələn qara papaqlı bir adam bildirdi. Adı Mixaildir, qaynaqçıdır, oğlunu cəbhəyə göndərib, özü isə könüllü kimi yazılıb və növbəsini gözləyir. “Xankəndində olmusunuz? Böyük bir kilsə gördünüz? Onun damını mən yığmışam. Şuşanın yarısını da mən yığmışam”,- deyə hiyləgərcəsinə gülümsəyir.
Digər bir yerli sakin Yuri bizə yaxınlaşır və yarımçıq qalmış, lakin möhkəm bir binaya girməyi təklif edir – ora daha təhlükəsizdir.
“Nəzərə alın ki, burada yalnız bir mədəniyyət mərkəzi bombalanıb, baxmayaraq ki, pilotsuz təyyarələr hər zaman buraya uçur, Xankəndi isə Stalinqrad kimi görünür. Dünən ora 100-dən çox “Smerç”dən atəş edildi”, – deyə Yuri bildirir.
“Dronlar tamamilə qadağan olunmalıdır, bu şeytani, əclaf silahdır! Ancaq sizə bir sual verəcəyəm: Rusiya bütün bunlara necə baxır?”, – deyə qaynaqçı Mixail mənə müraciət edir.
Putinin Dağlıq Qarabağdakı nümayəndəsi kimi xidmət etməkdən bezdiyim üçün “Bütün Rusiya üçün danışa bilmərəm”, – deyə yayındırıcı cavab verirəm.
– Bəs müharibənin artıq Rusiyanın qapısında olduğunu başa düşürsən?
– Fikrim budur ki, müharibə dayandırılmalıdır, – yeganə qələbə qazanmaq formulundan istifadə edirəm
– Düzdür, amma bu vaxtında edilməlidir, – deyə Mixail ağırlıqla bildirir.
Mixail. Fotoqraf İlya Azar
Qarabağdakı hər kəs bir jurnalistlə söhbətində qaçılmaz olaraq Azərbaycan ordusunu mülki obyektlərə və mülki şəxslərə atəş açmaqda günahlandırmağa başlayır. Azərbaycanın yaşayış binalarına uçan erməni raketləri barədə isə hamısı susur.
– Gəncənin atəşə tutulması barədə nə düşünürsünüz? – deyə Mixail və Yuridən soruşuram.
– Mülki insanlara atəş açmadılar, yalnız aerodroma atdılar. Bizimkilər bütün qaydalara əməl edirlər! – deyə Mixail bir az əsəbi halda cavab verir.
– Təbii ki, atəş açanda hər şey hədəf dəymir. Bilmirəm, orada dinc insanlara dəyib, yoxsa yox, çünki burada internetimiz yoxdur, – Yura daha məntiqli danışır. – Lakin azərbaycanlılar şəhərləri vuracaqları barədə xəbərdar etmirlər.
– Bütün məsuliyyət onların üzərinə düşür! Bu cavab zərbəsi idi, – deyə Mixail əlavə edir.
Şuşanın dumanlı küçələrində, bu sakit səhərdə belə çox az adam var, bəziləri Ermənistana yola düşüb, lakin əksəriyyəti zirzəmilərdə oturur. Xankəndindən fərqli olaraq burada elektrik hələ də var, mağazalar açıqdır.
—
Şuşa və Xankəndinə gedən yol praktiki davamlı serpantinlərdir. Qarabağa payız gəlib: dağ yamaclarındakı ağaclar sarı və narıncı rəngə boyanıb, üçüncü gündür bura yağış yağır. Dərənin o tayındakı nadir yaşayış məntəqələrinə baxanda adama elə gəlir ki, düşən duman düşmüş raketlərin tüstüsüdür.
Gorus-Xankəndi şossesindən mənzərə. Pavel Volkov tərəfindən çəkilmiş foto
Sürücümüz Sinod Estoniya jurnalistlərinə Ermənistanı təbliğ etməkdən usanmır, eyni tezisləri bir neçə dəfə təkrarlayır: “Azərbaycanlılar Orta Asiyadan gələn incik köçərilərdir, bura onların doğma yurdu deyil. Vanqaya da getdilər və o, onlara buraların onların torpaqları olmadığını və itirəcəklərini söylədi. Soyqırım baş verir və ermənilər olmasa, bütün dünya çökəcək, buna görə geri dönüş yoxdur. Ərdoğanın Rusiyaya yönələn raketləri çatdırması üçün Ermənistana ehtiyacı var və müdaxilə etməlidir, çünki bura onun cənub qapısıdır”.
Yolun kənarında kəskin döngələrdən birində çox sayda maşın yığıldı, hətta qadınlar və qocalarla dolu sarı rəngli adi bir avtobus var. Kişi sürücülər və sərnişinlər küçəyə tökülüb aşağı baxdılar – oradakı yamacdakı kolların içərisində yoldan çıxan qara bir cip aşıb qalmışdı. Bir kişi yanıma gəlir və özünü təqdim edir: “Mən Ermənistan və Rusiya Yazıçılar Birliyinin üzvüyəm, Mıtişidə yaşayıram və bura əsgərlərə, insanlara şeir oxumağa, erməni xalqına dəstək olmaq üçün gəlmişəm. Mənim yanımda raketlər partladı, dostum!”
– Necə idi?
– Sizə demək istəyirəm ki, həqiqətən qorxuludur. Dostum, bir şeir deməyimi istərdin?
İşğal altında olan Qarabağdan Ermənistana qaçqınları aparan avtobusda bir qadın. Pavel Volkov tərəfindən çəkilmiş foto
Mən razılaşmaq üçün ağzımı açmaq istəyəndə şair avtobusa çağrıldı və özünü təqdim etmədən də yola çıxdı. Könüllülər ipi gətirib cipə kömək edirdilər, maşında bir nəfər qalmışdı. Dostları işləyərkən könüllü Artur Ovannisyan mənə dostlarını dəfn etmək üçün cənub cəbhəsindən doğma Gümrüyə getdiyini və cəbhədə baş verənləri izah etdi. Bəlkə də özü ölmək istəmədiyi üçün Gümrüyə gedib.
“Onlar (Ermənistan hakimiyyəti) insanları aldadır! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərdilər. Bizə “Bağışlayın, güllə yox, bağışlayın, tank yoxdur” deyirlər. Güllə keçirməyən jiletlər – tamamilə resursunu itirib. Orada heç bir şey yoxdur. “Yemək maşını” gəlir, yolda hər şeyi boşaldır və yemək istəyirsinizsə, “Qrad” atəşi altında 4 kilometr getməlisiniz. Səkkiz dostumuzla dörd gün gecələr gedib dörd xətt üçün yemək gətirirdik”, – deyə Artur danışır, o çox həyəcanlıdır. Ayağında şəpik, başında qara papaq və pencəyinin yaxasında qumbara asılıb.
Artur. Pavel Volkov tərəfindən çəkilmiş foto
Avtomobildən daha əvvəl düşən yaşlı bir qadın Arturun yanına qaçır, ondan maşını çıxartmasına kömək etməsini xahiş edir, lakin o, şəpiklərinə işarə edir: “Baxın, mən şəpikdəyəm, gedin”.
– Cəbhəyə necə getdiniz? – deyə mən dəqiqləşdirirəm.
– Sadəcə gəldim, sənədim belə yox idi, avtomat aldım və irəli getdim. Orada iki qardaşım var idi və onların ardınca getdim və orada qaldım. Mən Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu bir insanla müharibə deyil, təyyarələrə qarşı, “Qrad”a qarşı müharibədir.
– Və deyəsən Azərbaycan piyada qoşunları da vaxtaşırı irəliləyir?
– Artıq 4-5 xəttdən geri çəkilib onu təslim edəndə onlar iki xətt irəliləyirlər.
Arturun sözlərinə görə, o cəbhədə, Cəbrayıl bölgəsində vuruşub. Azərbaycanlılar artıq bir neçə dəfə Cəbrayılı tutduqlarını iddia ediblər, hətta bayraqlarını qaldıran bir video da göstəriblər, lakin ermənilər bunun saxta fakt olduğunu iddia edirlər. Göründüyü kimi, şəhər artıq bir neçə dəfə əldən ələ keçib, lakin ümumilikdə cəbhədə baş verənlər barədə praktik olaraq heç bir məlumat yoxdur. Əgər Azərbaycan Dağlıq Qarabağın hüdudlarına yaxınlaşıbsa belə, bu hələ o qədər də əhəmiyyət kəsb etməyib.
“Dünən biz Hadrutda idik (Bütün müharibə günlərində ağır bombardman edilən bir şəhər. – IA), zabitlər gəlib komandirin mühakimə olunacağını söylədilər. Gecə bütün gəncləri toplayıb və onlara Cəbrayıldan getmələrini əmr edib. Yuxarıdan gələn əmrlərə də tabe olmayıb. Özü deyirdi: “Bunlar gənc oğlanlardır, on gündür çağırılıblar, amma onlara silah verilir”. Nə edirsiniz? Bu uşaqlar hara qədər gedəcək? Yaxşı mən xidmət etmişəm, lakin bu xidmətim də orada kömək etməyəcək. Aviasiya və artilleriyaya qarşı avtomat nə edəcək? Mən səngərdə canlı bir cəsəd kimi idim”,- deyə Artur bildirdi. O, Qarabağdakı hərbi komandanlıqdan və Ermənistan rəhbərliyindən açıq şəkildə çox narazıdır.
Pavel Volkov tərəfindən çəkilmiş foto
Başqa bir könüllü, Arturun dostu, bizə yaxınlaşır və təsdiqləyir: “Orada hər şey çox pisdir. Cəbrayıldan, ön xətdən gəlirik”.
– Səlahiyyətli orqanlar itkinin təxminən 200 nəfər olduğunu bildirir. Bu həqiqətə oxşayır? – deyə mən soruşuram. Ermənistan hakimiyyəti ölən əsgərlərin şəxsi məlumatlarını yayımlayır, eyni zamanda artıq 3 mindən çox düşmən əsgərini məhv etdiklərini də bildirirlər, buna görə hücumun obyektiv cəhətdən daha çətin olduğu düzəlişi ilə belə, bu rəqəmlər şübhə doğurur.
– 200 nəfər gözümün önündə, bizim xəttimizdə öldü! Ümumilikdə minlərlə ölü var! – Artur əmindir.
“Ermənistandakı yuxarıdakı ******* (pis insanlar) deyirlər: “Cəbrayıl, irəli”, amma o artıq yoxdur, – deyə kamuflyaj gödəkçəli və adi cins şalvarda olan başqa bir könüllü əlavə edir.
– Bundan sonra nə olacağını düşünürsən?
– Bu müharibəyə baxdıqdan sonra, əgər belə döyüşsək, hər şeyi verəcəyimizi anladım. Azərbaycanlılar Laçını geri qaytarmaq istəyirlər, amma onlar o qədər harınlayıblar ki, Ermənistana kimi gedə bilərlər”,- deyə Artur cavab verir və Gümrüyə davam edir.
—
Laçının mərkəzindəki kiçik bir meydanda (ermənilər bu şəhəri Berdzor adlandırırlar) bütün mağazalar açıqdır, hərbçilər skamyada oturub siqaret çəkirlər. Kəndin elə bil ki, yaxınlığında müharibə getmir. Yerli sakin deyir ki, çərşənbə axşamı bir-iki dəfə burada həyəcan siqnalı çalınıb, lakin bombalanmayıb. Əvvəlki günlərdə, bildiyiniz kimi, Laçında bir körpü bombalandı (bundan sonra Qarabağ keçid məntəqəsi Ermənistan ərazisinə köçürüldü, lakin o da körpünün yanındadır və atəş hədəfinə çevrilə bilər).
Sayıq bir qadın, yerli bir KQB zabiti olduğu ortaya çıxan və forma geyən bir adamı çağırdı. Pasportumdakı möhürlərə uzun müddət baxdı, hara və niyə getdiyimi, Xocavənd və Ağdərəyə gedib-getmədiyimi öyrəndir.
– Hansı məqsədlə maraqlanırsınız?
– Yalnız maraqlanıram. Bu ərazidə nə etmək istəyirsən?
– Sakinlərlə söhbət edirəm.
– Çətin ki, rusca danışacaq birini tapacaqsan.
– Onda bizə bəlkə sən deyəsən, vəziyyət necədir?
– Mənim sənə bir şey söyləməyimə icazə verilmir, – deyə cavab verir və ayrılır.
Siqaret çəkmək üçün çölə çıxan dükan sahibi 60 yaşlı Armen Laçın körpüsünün dörd dəfə bombalandığını, ancaq Laçının özünə hələ atılmadığını söyləyir. Yeddinci gün qohumları ilə birlikdə cəbhəyə gedən qardaşı oğlunu axtardığını, lakin tapa bilmədiyini söyləyir. “Kaş ki, atışma bir az dayansaydı və cəsədlər yenidən yığılsaydı”,- deyə kədərlə deyir.
Pavel Volkov tərəfindən çəkilmiş foto
Laçının girişində nəhəng və müasir bir supermarket var. Bu mağaza yerli mağazalar fonunda nə qədər qeyri-adi görünürsə, sahibi Stepan da buna bənzərdir. Təmiz qırxılmış çənə və süni xəz yaxalı dəbdə olan mavi palto geyinib. Stepan rus dilini bilmir, amma ingilis dilində səlis danışır. 20 il ABŞ-da yaşayıb, orada “bank sektorunda” çalışıb, lakin 2016-cı il müharibəsindən sonra “vətənpərvərlik hissi ilə” vətəninə dönüb.
Stepan CNN-in Qarabağdakı müharibəni daha ətraflı işıqlandırması üçün erməni diasporunun Hollivuddakı yolları bağladığını söyləyir, lakin Minsk Qrupu həmsədrləri (ABŞ, Rusiya və Fransa) da daxil olmaqla böyük ölkələrin “öz maraqlarına” sahib olduqlarından da şikayətlənir.
Stepan, dükan sahibi. Pavel Volkov tərəfindən çəkilmiş foto
Mağazanın ortasında dururuq, bir neçə on kilometrlik məsafədə bomba partlayır və bəzi absurd siyasət elmi konfransının iştirakçıları kimi ingilis dilində dünyanın taleyi barədə danışırıq. Stepan özü hələ cəbhəyə göndərilməyib, ancaq növbədə dayanıb bir zəng gözləyir.
Tərcümə etdi: Ədalət Verdiyev, ordu.az