İyulun 14-də ali təhsil müəssisələrinə qəbulun blok imtahanı mərhələsinin ikinci cəhdi başa çatdı. Məlumat üçün deyək ki, blok imtahan mərhələsinin ikinci cəhdinə maraq ötən illə müqayisədə çox olub.
Busaat.az-ın məlumatına görə, belə ki, ümumilikdə 66 567 abituriyent bu il üçün şanslarını ikinci dəfə sınayıb. Bunlardan 22 898 nəfəri I ixtisas qrupu, 17 434 nəfəri II ixtisas qrupu, 21 196 nəfəri III ixtisas qrupu, 5 039 nəfəri IV ixtisas qrupu üzrə imtahan verib.
Bu rəqəmləri boşuna səsləndirmədik. Statistikadan da göründüyü kimi, artıq bir müddət sonra on minlərlə insanı düşündürəcək əsas məsələ-universitetlərə ixtisas seçimi yenə də əsas müzakirə olunan predmetə çevriləcək.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Busaat.az-a açıqlamasında ixtixsas seçimi zamanı diqqət ediləsi vacib detallardan, abituriyent və valideynlərin yaşadıqları gərginlik və bunun neqativ təsirlərindən danışıb:
“On minlərlə abituriyent, həmçinin onların valideynləri, müəllimləri və s. qəbul imtahanı seqmentini genişləndirən, onu yüz minlərin maraq dairəsinə çevirən detal rolunu oynamaqdadırlar.
Sırf bu səbəb hər ilin avqust ayında bir sıra şəxslərin, əsasən də, sosial mediada insanların psixologiyasına təlqin etməyi bacaranların əlavə gəlir mənbəyinə səbəb olur. Onlar cidd-cəhdlə qəbul imtahanlarından sonrakı ən vacib proses – universitetlərə ixtisas seçimini həyata keçirəcəklərini, bu məsələdə 100 faizlik “qarantiya”nı “hədiyyə edəcəklərini” bildirir, valideyn və abituriyentlərin həssaslığından istifadə edərək asan yolla gəlir qazanmaqdadırlar. Təbii ki, illərini universitet və təhsil amilinə həsr etmiş, eləcə də qəbul məsələləri ilə bağlı zəruri datalar və onların nəticələrini mükəmməl əxz etmiş insanların bu işlə-el dili ilə desək, “kodlaşdırma” ilə məşğul olmalarına etirazımız yoxdur. Amma onların sayı digərləri ilə müqayisədə həddindən artıq azdır”.
Müsahibimiz qeyd edib ki, bu səbəbdən də abituriyent və onlarən müəllim-valideynləri bu məsələdə xüsusi diqqətli olmalı, gəncin təkcə tələbə adını qazanması üçün yox, eləcə də gələcək karyerasında, əmək bazarındakı mövqe və nüfuzunda birbaşa təsir gücü olan ixtisas seçiminə xüsusi önəm verməlidirlər.
Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalları, eləcə də maarifləndirici video-rolik, yazılı materiallar, həmçinin, Abituriyent Məsləhət Mərkəzlərindən faydalanmaqla, vacib dataları özləri üçün analiz etməklə müsbətə doğru xeyli addım atmış olarlar.
E.Nuri düzgün ixtisas seçimi ilə bağlı bir neçə vacib detalları da vurğulayıb. Onun sözlərinə görə, ixtisas seçimi təkcə ötənilki keçid balını əsas götürərək, göstərilən nəticəyə uyğun 15 xanalıq cədvəlin sıralanması deyil. Burada başqa vacib göstəricilərə də diqqət etmək lazımdır:
“İxtisas seçimi ən az qəbula hazırlaşmaq və imtahan qədər həyəcanlı və diqqət edilməli bir məsələdir.Proses zamanı əsasən, bir neçə detala xüsusidiqqət etmək lazımdır:ixtisasın gələcəyi haqqında məlumatlı olmaq; ixtisasın hansı universitetdə daha prestijli olduğunu bilmək;ixtisasın keçid balı;ixtisasa ayırılan plan yerləri;toplanan bal;bal statistikası;seçim edərkən sıralamaya. Amma deyim ki, bunlardan ən vacibi plan yerləridir. “Kodlaşdırma” zamanı nəzər yetirməli olduğumuz ən vacib detal həmin ixtisas üçün ayrılan plan yerinin sayıdır. Çünki bir ixtisasın nə qədər vacib olduğunu ona ayrılan yerdən müəyyən etmək olur. Bəzən abituriyent ixtisas seçimi zamanı daha çox ixtisasın keçid balına önəm verir. Bu yanlışdır. Düzdür, ixtisasın keçid balı da önəmlidir, amma plan yerlərinin sayından sonra! Misal üçün ötən il II qrup üzrə dövlət sifarişli yerlərin sayı artırılsa da, III ixtisas qrupu üzrə isə əksinə azaldıldı. Bunun əsas səbəbi: dövlət sifarişli yerlərin sayı hansı ixtisaslar üzrə artırılırsa, deməli, 4 ildən sonra həmin ixtisasın əmək bazarındakı yüksək mövqeyi və tələbatlılıq göstəriciləri nəzərə alınıb! Qısacası belə deyək: plan yerlərinin sayı hər hansı bir ixtisasın gələcək taleyinin, eləcə də əmək bazarındakı mövqeyinin pasportudur. Amma bu amil təkcə pasport rolunu da oynamır. O həm də abituriyentin universitet tələbəsi olmasını təmin edəcək əsas “vizit kart”lardan biridir. Yetər ki, ona xüsusi diqqət və məntiqli yanaşma tətbiq olunsun”.
Təhsil tədqiqatçısı plan yerlərindən sonra ixtisas seçimi zamanı diqqət yetirilməli olan növbəti vacib məqam kimi, düzgün sıralamanı da qeyd edir. Onun fikrincə, sıralama məntiqi əsaslarla həyata keçirilməli, təkcə toplanan keçid balı yox, abituriyentin maraq dairəsi və ixtisasa adekvatlığı da ön plana çəkilməlidir:
“İxtisas seçimi texniki proses olaraq o qədər də qəliz deyil. Burada çox yığcam və konkret mexanizm var: yığılan bala uyğun ixtisasların keçid balı nəzərə alınmaqla 15 xanalıq bir sıralamanın aparılması. Amma ixtisas seçiminin özünün çox ciddi dərinlikləri, nəzərə alınmalı bir çox meyarlar var. Təəssüf ki, bu meyarlardan qətiyyən xəbəri olmayan, ümumiyyətlə, təhsildən, ali məktəblərə qəbul prosedurundan, ixtisaslardan, hər şeydən məlumatsız qalan şəxslər ildə cəmi 10 günlük ixtisas seçimi ilə bağlı özlərini “mütəxəssis” hesab edirlər. Hətta bu insanların belə müəyyən sosial rifahı nəzərə alaraq xidmət haqqını 200 manata qaldırılmasını halları da vardır ki, bu sadəcə insafsızlıq hadisəsidir.
Bu, valideynlərin həyəcanlı, gərgin vəziyyətindən sui-istifadə etmək, yaranmış psixoloji ortamdan öz maddi mənafeyi naminə yararlanmaqdır. Məhz bu cür insanlar istisas seçiminə formal olaraq 15 xananın doldurulması hadisəsi kimi baxır və bunu maksimum yarım saata həyata keçirməyə çalışırlar.
Amma texniki proses dediyimiz sıralama da belə ən azı 2,5 və ya 3 saat vaxt aralığında həyata keçməlidir. Çünki burada plan yerlərini, keçid ballarını, aidiyyatı ixtisas qrupuna olan müraciətləri, dövlət sifarişlərlərini və s. nəzərə alaraq texniki işləri görmək olar. Abituriyent 350 baldan yuxarı yığıbsa, onun zatən 15 yerin 1-dən tələbə adını qazana bilməsi çox da sual doğurmur. Amma burada çox ciddi məsələlərə yer vermək lazımdır – uyarlıq məsələsi. Məsələ 15 xanaya ixtisasların yazılması deyil. Hər bir ixtisas yazıldıqca plan yerləri, keçid balları ilə yanaşı həmin abituriyentin bu ixtisasa uyarlığını yoxlamaq lazımdır. Bundan əlavə, həmin ixtisasın abituriyentin maraq dairəsi, gələcək üçün beynində pis-yaxşı hazırladığı hədəflər paketi ilə nə qədər əlaqəli olması da zəruridir. Məsələn, marağı, sevgisi pedaqoji fəaliyyətə olan xanım abituriyent üçün yalnız keçid balını nəzərə alaraq, tutaq ki, muzeyşünaslıq və abidələrin qorunması ixtisasını yazsaq və o, məhz bu ixtisasa qəbul olunsa, sizcə, onun xoşbəxtlik göstəricisini yüksək olacaqmı? Odur ki, hər bir ixtisas sistemə yükləndikcə abituriyentin də fikri soruşulmalıdır”.
Elmin Nuri: Hər bir ixtisas sistemə yükləndikcə abituriyentin də fikri soruşulmalıdır
E.Nuri sonda bu ilin ixtisas seçimi üçün də özünün bir neçə proqnozunu səsləndirib:
“Ötən il abituriyentlərin 53 min nəfəri tələbə adını qazanıb. Bu il isə 60 minə yaxını həmin imkanı əldə edəcək. Ancaq bir məsələni qeyd etmək lazımdır ki, bu plan yerləri, əsasən, I ixtisas qrupunu əhatə edəcək. Burada da Rİ altqrupunda İT əsaslı ixtisaslarda, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, kompüter elmləri kimi ixtisaslarda bu artım öz sözünü deyir.
Həmçinin biz bu il II qrupda da plan yerlərinin sayında 95 faiz artım gözləyə bilərik. Bunu əsaslandıran səbəblər var. Çünki II ixtisas qrupuna, çox təəssüflər olsun ki, əvvəlki illərə nisbətən maraq və diqqət azalıb. Beləliklə, I və II ixtisas qrupunda çox ciddi rəqabət, bir çox abituriyentin kəsiləcəyini gözləyə bilmərik. Ancaq III ixtisas qrupunda ciddi rəqabətin olacağı gözlənilir.
Keçid ballarının artımının məhz III ixtisas qrupunda olduğunu düşünürük. Bu, ötən il də belə oldu. Çünki III qrup, əsasən, pedaqoji yönümlü ixtisaslardan ibarətdir. Burada, əsasən, müəllimlik ixtisası var. Plan yerlərini əmək bazarının tələbi müəyyənləşdirir. Müəllimlik ixtisasına isə əmək bazarında o qədər də ehtiyac yoxdur. Hər il MİQ imtahanı keçirilir və çox sayda müəllimin kənarda qaldığını görürük.
Kifayət qədər normal bal toplayan, hətta müsahibədən də keçən, ancaq vakant yer çox az verildiyinə görə kənarda qalıb yalnız namizəd kimi qeydə alınan müəllimlər hələ “n” qədərdir. Belə olduğu halda müəllimliklə bağlı ixtisasları artırmaq, əmək bazarını daraltmaq işə yaramır.
Bu baxımdan da III qrupda keçid ballarınını artacağını gözləyirik. Bu qrupda həddindən artıq yüklənmələr olur və əmək bazarına uyğunluq məsələsi getdikcə zəifləyir. İndi XXI əsrin, süni intellekt dövrünün tələbləri var, daha çox mühəndislik, İT ixtisasları lazımdır, ancaq əksinə, biz III qrupa marağın artdığını görürük”.
“I, II, IV qruplarda keçid balının artması ötən illərə nisbətən o qədər də hiss olunmayacaq, ancaq biz bunu III qrupla bağlı deyə bilmərik. III qrupda rəqabət, keçid ballarının artması və plan yerlərinin o qədər də çox olmaması abituriyentlərin işini digər qruplardan bir qədər çətinləşdirəcək”-, deyə Elmin Nuri əlavə edib.