Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı?
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,6 % çoxdur.
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (20 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % azdır.
Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir.
Son 1 ildə sektorun kredit portfeli 6,8 % kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.
Qeyd edək ki, bu gün vətəndaşlar müxtəlif qurumlara müraciət etməklə kredit əldə etməyə çalışır. Onlardan biri də kredit ittifaqlarıdır ki, burada 35-40 faizlə kredit verirlər.
Bu qədər yüksək faizlə kredit verən qurum niyə zərərlə işləyir və belə olduğu halda artıq əhali onlara etibar edəcəkmi?İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, burada əsas məqsəd dövlət büdcəsinə ödənməli olan böyük məbləğdə vergidən yayınmaqdır:
“Kredit ittifaqları bank olmayan kredit təşkilatının (BOKT) bir növüdür. Yəni öz üzvlərinə kredit verir. Kredit ittifaqları kənar şəxslərə xidmət göstərmir. Məsələn, 10-40 nəfər toplaşırlar, guya ki, kredit ittifaqı təsis ediblər və yalnız öz üzvlərinə kredit verirlər.
Məsələn, mən müraciət edirəm ki, “mənə kredit ver”. O məni guya ki, üzv qəbul edir və mənə kredit verir. Kreditin də pulunu haradan götürürlər? Burada, öz üzvlərinin pulu olmalıdır, reallıqda gedib bankdan kredit götürüb, adını da qoyurlar ki, guya bu, kredit verir. Kreditin faizi də yüksəkdir. Ancaq bir qayda olaraq o kreditlər qayıtmır. Onu “ümidsiz kredit” kimi silirlər. Əslində kredit ittifaqının rəhbərliyi “şapka” alır, yəni onu cibinə qoyur.
Axırda da göstərirlər ki, mənfəətimiz yoxdur. Mənfəət olmayanda da vergi olmur. Kredit ittifaqı dövlət büdcəsinə 20 faiz vergi verməlidir. Ancaq vergi vermək də istəmir. Zərərlə işlədiyini elan edərək böyük məbləğdə vergidən yayınır. Bu baxımdan, Azərbaycanda real kredit ittifaqları yoxdur. Öz üzvlərinin pulu ilə kredit verən ittifaq Azərbaycanda yoxdur.
Məsələn, xaricdə, İngiltərədə real kredit ittifaqları var. Hazırkı fəaliyyətinə görə, Azərbaycanda kredit ittifaqlarının fəaliyyətinə ehtiyac da yoxdur. Bu sadəcə sui-istifadə mexanizmlərindən biri kimi qalıb. Bank sistemi, cəmiyyət üçün elə bir rolu yoxdur. Mərkəzi Bank da onların fəaliyyətini ciddi tənzimləmir. Ona görə də Azərbaycanda kredit ittifaqları özünü tam doğrultmayıblar və bu baxımdan onlara heç ehtiyac da yoxdur. Elə ləğv etsələr bundan daha yaxşı olar”.
Ekspertin sözlərinə görə, bu gün vətəndaş gedib kredit ittifaqına pul üçün müraciət etsə, onu təmənnasız verməyəcək, “şapka” istəyəcək:
“Ola bilsin ki, girov ya götürsün, ya da götürməsin. Adi vətəndaş onsuzda gedib oradan kredit götürə bilmir. Əlində güclü girovu olan vətəndaş istisna ola bilər.
Ancaq onu formal olaraq onu üzv yazırlar. “Bəxtiyar” filmindəki fraqmentə bənzəyir. Yəni klubun üzvləri “oxumalı” olsalar da kənardan gətirirlər. Kredit İttifaqı da buna bənzəyir.
Ona görə də vətəndaşların çoxu kredit ittifaqından kredit almır. Ən yaxşı variant bankdır. Bankların faizi ən aşağıdır. Kredit ittifaqına vətəndaş qızıl girov verməklə müraciət etsə verəcək, ancaq lombard kimi verəcək”.
Loading...