Qərbin strateji səhvi: Rusiya, Çin və İran eyni anda hədəfdədir – TƏHLİL

image-what-is-global-studiesbackend

Dünyada davam edən və sürətlənən siyasi dəyişikliklər bərabərində bir sıra problemləri də gətirib. Bu problemlərin başında dünya təhlükəsizliyi, beynəlxalq hüququn tapdalanması, qida çatışmazlığı vəs. kimi məsələləri misal gətirə bilərik.

Bütün bu problemlərin səbəbi isə, tamamilə dövlətlərarası qarşıdurmalardır. Əslində kiçik dövlətlərin qarşılaşması belə ciddi fəsadlara səbəb ola bilməzdi. Məsələnin qəliz tərəfi odur ki, indi üz-üzə gələn, birbaşa müharibə etməsə də, dolayı yollarla hərbi qarşıdurmaların içində olan böyük dövlətlərdir. Biz ABŞ-Qərb bloku ilə Rusiya, İran və Çin kimi ölkələrin qarşıdurmasından danışırıq. Türkiyə, Hindistan, Pakistan kimi ölkələr isə, hələlik bu qlobal müharibədən kənar qalmağı bacarıb. Daha doğrusu kənar qalmayıblar, bu və ya digər səviyyələrdə qarşıdurmaya daxildirlər. Ancaq bu ölkələr tərəf deyillər. Qlobal qarşıdurmada öz maraqlarından çıxış edirlər və qarşılaşan tərəflərlə öz maraqlarına uyğun şəkildə uzaqlaşır, yaxud yaxınlaşırlar.

Qlobal savaşda isə, ədalət ikinci plana keçib. Məsələn, Suriya poliqona çevriləndə tərəflər Suriya xalqının hüquqlarını əsas götürmək, Suriyada insanların daha yaxşı yaşamasını təmin etmək kimi vədlərlə çıxışlar edirdi. Ancaq paraleldə görürdük ki, hər gün Suriyada onlarla sivil öldürülür, minlərlə insan ölkəsini tərk edirdi. Xalqa xoşbəxtlik,rifah və daha yaxşı həyat vəd edən tərəflər əslində bunun tam tərsinə nail olmuşdu. Bilirik ki, müharibələrin də bir ədaləti olmalıdır, ilk başda sivil insanlar müharibə qurbanına çevrilməməlidir. Ancaq biz Suriyada əksini gördük.
Eyni hal Liviya üçün də keçərlidir. Burada da Qərb dairələri, Rusiya və Türkiyə dövlətləri arasındakı regional qarşıdurma ölkənin parçalanmasına, sivillərin rifahına deyil, xaosa düçar olmasına səbəb verdi.

Ən son Ukrayna nümunəsi ilə qarşılaşdıq. Bu örnək isə, Suriya, Liviya və digər bütün əvvəlki nümunələrdən tam fərqli məcrada başladı. Kimsə Suriya və Liviyada əməliyyatlara başladığı zaman işğal niyyəti ilə davranmırdı. Ukraynada isə, Rusiya faktiki işğala başladı və bu işğalı “denazifikasiya” adı ilə pərdələməyə çalışdı.

Nizami Rusiya ordusu birbaşa Ukraynanın paytaxtı Kiyevə hərəkət etdi, ölkənin Şərq rayonlarını işğal etməklə qalmayıb, burada qondarma dövlətlər qurdu və sonra onları “referandum” yolu ilə ihlaq etdi.

Bu addım faktiki olaraq, beynəlxalq sistemin əksiklərini, mənə görə çöküşünü rəsmiləşdirdi. Yanlız bundan sonra gördük ki, dünya, beynəlxalq sistem işğala qarşı sadəcə danışa bilir, əməli addımlar atılması mümkün olmur. Qərarlar, açıqlamalar və rəsmi bəyanatlar sadəcə kağız parçasına çevrilir. Düzdür, bu kağız parçaları təcavüzə məruz qalan tərəflər üçün hüquqi zəmin yaratsa da, özünün güc mexanizmləri məhdud olan təşkilatlar hüquqi zəminin tələblərini yerinə yetirə bilmir.

Gözümüzdə canlanan bu qədər problemlərin isə, tək səbəbi var: Böyük dövlətlər yeni dünyaya hazırlaşır və onlar yeni dünyada öz yerlərini almaq üçün qlobal savaşa başlayıb.

Rusiya bu savaşda tələsik qərar verərək, hələ prosesin başlanğıcında özünü “işğalçı” kimi tanıtdı. Qərb dövlətləri, ABŞ, Çin, Türkiyə, Hindistan kimi ölkələr isə, hələlik əsəblərini cilovlayır və birbaşa hərbi müdaxilələrə başlamayıb. Daha doğrusu, ABŞ-ın da, Qərb dövlətlərinin və Türkiyənin də fərqli ölkələrdə hərbi varlığı mövcuddur, ancaq onlar bunu müxtəlif səbəblərə aid edərək, ən əsası isə, ölkələrin ərazilərinə iddia etməyərək, özlərinin işğalçı olmadığını sübut edir.

Həqiqətən də biz, indiki məqamda Suriyada hərbi varlığı olan ABŞ, Qərb dövlətləri və Türkiyəni işğalçı adlandıra bilmirik. Ancaq Ukraynda əməliyyata başlayan Rusiya ordusu faktiki işğal siyasətini həyata keçirir.

Qlobal savaşın bu qədər ağrılı nəticələr doğması isə, tamamən Qərb blokunun (ABŞ da bura daxildir) səhvlərinin nəticəsidir…

Gəlin baxaq: Yeni dünyanın necə olacağını tam ifadə edə bilirikmi?

Xeyr. Çünki proses tamamlanmayıb vəplanların dəqiqliklə, yaxud müəyyən fərqlərlə həyata keçiriləcəyini kimsə indidən dəqiq deyə bilməz. Ancaq indiki dünyamız hamıya bəllidir: Təkqütblü dünya.

Təkqütblü dünyada ABŞ liderliyində Qərb hegemonyasını görürdük. Qərb yeni dünyaya keçidi görür və çalışır ki, burada da dünyaya ağalıq onun əlində cəmləşsin. Ancaq bu addımlar üçün gecikib.

Ona görə ki, bir zamanlar Qərb üçün çox zəif təhlükə ehtiva edən Çin, bu gün onun həm iqtisadi, həm də hərbi gücünü təhdid edir. Çinin sürətli hərbi-iqtisadi inkişafı onun siyasi təsirlərini də artırır və Qərb bu gücü zərərsizləşdirmək üçün gecikib.

Rusiya bir zamanlar Qərbin müdaxiləsinə (hərbi olmayan) tam açıq idi. Qərb onu rahatlıqla ram edə, Rusiya sərvətlərini talan edə bilərdi. Buna da gecikdilər. Rusiya bu gün Qərbin özünü təhdid edən təcavüzkara çevrilib.

İran isə, Çin və Rusiya qədər olmasa da, Qərb hegemonyasına qarşı effektiv dirənişi ilə diqqət çəkir. Rusiya və Çin ilə müttəfiq əlaqələr quran İran həm Qərbə qarşı əlini gücləndirib, həm də Qərbin baş ağrısına çevrilə bilib.

Əsas təzad bu ölkələrin ayrı-ayrılıqda sahib olduqları güc deyil. Təzad odur ki, Qərb bu üç mərkəzlərinə qarşı bu gün eyni anda mübarizə aparmağa məcbur qalıb. Qlobal savaşın bu qədər qəddar şəkildə davam etməsi də məhz bu səbəbdəndir. Qərb dairələri anlayır ki, ciddi xaos və qarşıdurmalar olmadan Rusiya, Çin və İranı zərərsizləşdirmək, ən azından onlara Qərbin üstünlüyünü qəbul etdirmək mümkün olmayacaq.

Əslində Qərb birbaşa müdaxilə ilə hər üç ölkəni məhv edə bilər. Ancaq bu, Qərbin özünün də ölümcül yaralar alması deməkdir ki, nəticədə yeni dünyada nə Qərb, nə də Rusiya-Çin-İran hegemonyasını görəcəyik. Belə bir hal, sadəcə Türkiyə, Hindistan və uzaq Latın Amerikası ölkələrini qane edir.

Digər tərəfdən Qərb boku öz daxilində ciddi fikir ayrılıqları yaşayır. Almaniya və Fransa kimi ölkələr, yeni dünyada Qərbin və dünyanın əsas siyasi mərkəzinə çevrilmək üçün ABŞ və İngiltərəyə qarşı addımlar atırlar. Rusiya, Çin və İranın nizamsız yüksəlişi məhz Almaniya və Fransanın anti-ABŞ, anti-İngiltərə niyyətlərindən doğdu. Düzdür, almanlar da, fransızlar da daha radikal təhlükələrlə üz-üzə qaldıqlarını görməyə başlayıb, ancaq artıq gecdir. Qlobal savaş radikallaşmadıqca, fəlakətli müharibələr baş vermədikcə Qərbin Rusiya-Çin-İran üçlüsünü zərərsizləşdirmək imkanları yoxdur. Qlobal fəlakətlər isə, Qərbin özündə də ciddi güc itkisi deməkdir.

Dünyanın gələcək taleyi indi tamamilə Qərbin qərarlarından asılıdır. Qərb yeni dünyada da “təkqütblü dünya” xülyalarını reallaşdırmaq istəyirsə, o halda böyük müharibələr hələ irəlidədir. Bu günə qədər olanlar, bundan sonrakı müharibələrin yanında əhəmiyətli dərəcədə zəif qalacaq.
Yox əgər, Qərb yeni dünyada digər güc mərkzələri ilə qarşılıqlı əməkdaşlığı – “çoxqütblü dünya”nı əsas götürəcəksə, o halda fəlakətləri əngəlləmək üçün müəyyən ümidlər doğa bilər.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki