Səmərqənd görüşü və TDT-nin gələcək əhəmiyyəti – TƏHLİL

image-adsiz-tasarim-1-1-1100x630backend

 Günümüz dünyası beynəlxalq münasibətlər sistemində bərqərar olub, ancaq bu münasibətlər supergüç dövlətlərin hakim olduğu bir zəmin üzərində qurulub. BMT, NATO, Avropa Birliyi (AB), Avropa Şurası (AŞ) və s. kimi təşkilatlar dünyada sülh və təhlükəsizlikdən cavabdeh qurumlar olaraq təqdim edilir.

Bu nöqtədə Birləşmiş Millətlər Təşkilatı (BMT) xüsusilə fərqlənir. Təşkilat dünya ölkələrinin demək olar ki, hamısını özündə birləşdirir və kəmiyyət və keyfiyyət baxımından dünyanın əsas beynəlxalq təşkilatı kimi çıxış edir. Ancaq bu təşkilat özü belə, güclü dövlətlərin hegemonluğu amilindən sığortalanmayıb. Belə ki, BMT-nin daimi təhlükəsizlik şurası sadəcə beş dövlətdən – ABŞ, Çin, Rusiya, İngiltərə və Fransadan ibarətdir. Fikir veririksə, adı çəkilən hər beş dövlət dünya siyasətinə birbaşa müdaxilə edən, dünyanın əsas güclü ölkələridir. Üstəgəl, daimi təhlükəsizlikdən cavabdeh olan bu dövlətlər digərləri üçün həmişə real təhlükə olub, olmağa davam edir. Hətta Rusiya Ukraynada faktiki işğal siyasəti həyata keçirir, Fransa öz qaranlıq keçmişi ilə bu gün müəyyən bölgələrdə sülh və sabitliyin bərqərar olması önündə əsas əngəldir. ABŞ-ın hərbi qüvvələri dünyanın müxtəlif ölkələrində dəfələrlə təcavüzkar addımlar atıb və bu addımlar müxtəlif bəhanələrlə pərdələnib. Çin öz üstünlüklərini istifadə edərək həm sərhədlərindəki ölkələrə qarşı təzyiqlərini artırır, həm də dünyəvi məsələlərdə imperial maraqlarını təmin etməyə çalışır. Eyni zamanda, Çin öz daxilindəki qeyri-çin xalqlara qarşı təhlükələrini davam etdirir, radikal irqçi addımlar atır. İngiltərə isə, günümüzdə müəyyən qədər imperial maraqlarını sərt şəkildə təmin etməkdən qaçsa da, onun da keçmişi təmiz sayılmır və elə indi də imperial maraqlarını düşünür.

Bu dövlətlər isə, aralarındaki ziddiyyət və qarşıdurmalara baxmayaraq, dünya təhlükəsizliyinin daimi üzvləridir…

NATO, AB, AŞ kimi təşkilatlar da Qərb hegemonyasının təcəssümüdür və onların fəaliyyətləri də yaradıldıqları mərkəzlərin maraqları istiqamətində formalaşır. Məsələn, kimsə Avropa Birliyindən Afrikada aclığa qarşı qəti addımlar atmaq əzmi gözləmir. Bu nöqtədə Türk dünyası da özünün maraqlarını təmin edəcək, onu dünyada təmsil edəcək və vahid mərkəzə toplayacaq bir təşkilata ehtiyac duyur. Artıq bu təşkilat mövcuddur. Geriyə onun inkişaf etdirilməsi və bütün sferalarda əməkdaşlıqları genişləndirməsi qalır. Türk Dövlətləri Təşkilatının (TDT) bu istiqamətdə addımlar atması üçün potensialı var.

Türk dövlətlərinin təbii sərhədləri daxilində dünyanın ən zəngin enerji resursları, həmçinin digər təbii sərvətləri var. Bundan başqa dünyanın ən strateji nöqtələri bu təşkilatın fəaliyyətdə olacağı ölkələrdir. Ən əsası, təşkilatın üzvlərindən biri dünyanın ən böyük və ən köklü siyasi mərkəzlərinin biri – Türkiyədir. Türkiyə isə, özünün hərbi qüdrəti və regional təsir imkanları ilə təşkilatın işləkliyini daha da irəli aparacaq faktordur.

Türk dünyasının bütün ölkələri isə, TDT ətrafında birləşməyə məcburdur. Çünki sürətlə qütbləşən dünyada yeni-yeni güc mərkəzləri ortaya çıxmağa başlayır və bu situasiyada təşkilatın üzvləri ayrı-ayrılıqda əsas güc mərkəzlərinə çevrilmək imkanlarına sahib deyil. Enerji resursları və təbii sərvətləri olan türk dövlətləri hərbi-siyasi-texniki sferalarda zəifdir və onların sərhədlərindəki qeyri-müəyyənlik, yəni Rusiya, İran və Çin kimi radikal imperial ölkələrin olması həmin dövlətləri ikinci plana itələyir və həmin qüvvələrin təsir dairəsinə salır.

Türkiyə isə, bütün regional və dünyəvi güclərə qarşı hərbi-siyasi sahələrdə mübarizə əzmində olsa da, onun enerji resurslarının olmaması və təbii sərvətlərinin az olması aparılan mübarizədə qələbə şanslarını azaldır. Həmçinin hazırki situasiyada Türkiyə dünyəvi oyunlarda tək qalarsa, onun hərbi-siyasi gücü hədəfləri aşa bilməyəcək.

Ancaq, Türk dövlətlərinin TDT çərçivəsində vahid mərkəzdə toplanması və bu ölkələrin bir-birinin əksiklərini tamamlaması ilə bütöv Türk dünyası yeni dünyada güc mərkəzi olaraq formalaşacaq və bu güc mərkəzi digər güc mərkəzlərinin siyasi-hərbi təzyiqlərinə məruz qalmamaqla birlikdə, öz milli maraqları fonunda digər regional güclərlə mübarizə aparmaq əzmində olacaq.

Səmərqənd görüşü deməyə əsas verir ki, türk ölkələri yeni reallıqları görə bilib, ölkələrdəki siyasi rejimlər birlik və bərabərlik çərçivəsində müttəfiq əlaqələr qurmağı önəmli hesab edir. Məhz bu nöqtədə, bütün türk yurtları vahid mərkəzə toplaşmağı vacib hesab edir. Bu vahid mərkəz isə, heç bir ölkənin dominant olmadığı, hər kəsin bərabər hüquqlu olduğu təşkilatdır. Yəni, türk dövlətləri öz güc mərkəzini – TDT-ni inkişaf etdirərək, yeni dünyada öz layiqli yerini almağı hesablayır.

Şimali Kipr Türk Cumhuriyyətinin təşkilata müşahidəçi qismində qəbul edilməsi bu reallığın əsas göstəricisidir. Artıq türk dövlətləri özünün bütün təbii sərhədlərində təsirli olmağa və söz sahibinə çevrilməyi, bununla da yeni dünyada güc mərkəzi kimi çıxış etməyi qarşıya hədəf qoyublar.

TDT-nin inkişafı ilə bu gücün formalaşması və təsirli regional mərkəzə çevrilməsi müəyyən bir müddət tələb etsə də, reallaşması imkansız görünmür. Zaman isə, var. Çünki yeni dünyanın formalaşması prosesi ağrılı keçir, dünyada siyasi krizlər bitmək əvəzinə daha da artır. Xaotik vəziyyətin artımı, Rusiya-Qərb, Çin-ABŞ qarşıdurmalarının şiddətlənməsi isə, TDT-nin inkişafı üçün daha qərarlı addımlar atılması üçün zəmin yaradır.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki