“Azərbaycan ilə Ermənistan arasındakı məsələlər tam yoluna düşmədən qardaş Türkiyənin Ermənistanla ciddi əlaqələr və rəsmi münasibətlər qurmaması təbiidir”.
Bunu Busaat.az-a siyasi şərhçi Tural İrfan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanması, diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması istiqamətində davamlı səylər göstərir” fikirlərinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Mirzoyan bu münasibətlərin uğurlu olacağı təqdirdə region üçün müsbət dəyişiliklər ola biləcəyini bildirib.
T.İrfan vurğulayıb ki, dost və qardaş ölkə hər zaman Azərbaycanın maraqlarını nəzərə alıb, 30 ilə yaxın sərhədləri Ermənistanın üzünə bağlayıb:
“Amma hazırda həm Azərbaycanla, həm də Türkiyə ilə Ermənistan hakimiyyətinin münasibətləri normallaşır. Demək olar ki, Azərbaycanla həll edilməmiş çox cüzi problem qalıb. Belə demək mümkünsə, bütün mətn yazılıb, sadəcə son nöqtə, imza qalıb. Ermənistan isə öz öhdəlikləri və boynuna düşən məsuliyyəti həll etmədən Türkiyə ilə əlaqələri dərinləşdirmək istəyir. Amma nəzərə almalıdır ki, onun Türkiyə ilə münasibətləri, iqtisadi, siyasi əlaqələri yalnız Azərbaycanla bütün məsələlər həll edildikdən sonra mümkün ola bilər. Əgər bu münasibətlər qurulsa belə şübhəsiz ki, Türkiyə Ermənistana Azərbaycanla yerdə qalan açıq məsələlərin həllini şərt qoya bilər. Bu da təbiidir. Ermənistan Türkiyədən asılıdır, həmçinin Azərbaycanın qüdrətini görür. Azərbaycanın gündən-günə inkişaf edən nüfuz və güclənməsi qarşısında Ermənistan da regionda özünü təqdim etmək istəyir. Ancaq hər halda qeyri-səmimi siyasi addımları ilə xarici təsirlərə uyması bu əlaqələrin normallaşması yolunda son nöqtəni qoymağa mane olur”.
Tural İrfan: Ermənistan Türkiyədən asılıdır, həmçinin Azərbaycanın qüdrətini görür
T.İrfanın fikrincə, Ermənistan müstəqil siyasət yürütmədikcə, ixtiyarı özündə olmadıqca belə nüanslar ortaya çıxacaq:
“Hesab edirəm ki, Ermənistan Azərbaycanın bütün tələblərini icra etdikdən sonra həm Azərbaycan, həm də Türkiyə ilə mükəmməl münasibətlər qurula bilər. Bu, daha sağlam olar. Yeni problemlərin ortaya çıxmasına əsas verməz və Ermənistanın özü üçün də ən doğru və sərfəli olan budur”.