Türkiyədə keçiriləcək seçkilərin nəticələri Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikanın paytaxtlarında geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq.
Ankaranın dünya siyasətindəki nüfuzunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun müddət rəhbərlik etdiyi müddətdə əldə etdiyi nailiyyətləri təsdiqləyir. Bununla belə, daxildə və xaricdə onun seçkidə qalib gəlmə ehtimalları qarışıq hisslər doğurur. Ərdoğanın iyunun 19-da getməsini arzulayanlar isə, bundan sonra kimin və ya nələrin baş verəcəklərinə əmin ola bilməzlər.
Qərb liderləri Ərdoğandan sonrasını görməyə şad olacaqlar. O, Rusiyadan raketdən müdafiə sistemləri almaqla NATO-nun təhlükəsizliyini sarsıdıb, İsveç və Finlandiyanın üzvlüyünü əngəlləməklə alyansı məyus edib, dəfələrlə Avropanı qaçqınlarla doldurmaqla hədələyib və son aylarda Yunanıstana qarşı getdikcə daha döyüşkən ritorika səsləndirib. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı təşkil edilmiş çevriliş cəhdlərini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda ittiham edirlər.
ABŞ və Avropa Ərdoğanın dünya siyasətində onların maraqlarına qarşı pozucu təsiri olmasaydı, xüsusən də Qərbin Vladimir Putinlə qarşıdurması gücləndikcə daha rahat hərəkət edə bilərdilər. Onun həmsöhbət kimi faydası məhduddur: Keçən ilin yayında o, Ukraynadan taxıl və bitki yağı axınının davam etdirilməsinə dair razılaşmanın əldə olunmasına kömək etsə də, Ərdoğan digər məsələlərdə Vladimirə heç bir maneə törətmir.
İstanbul EDAM analitik mərkəzinin direktoru Sinan Ülgen qeyd edir: “Ərdoğan məğlub olarsa, onun varisi Türkiyəni Qərb dövləti kimi onlarla eyni mövqeyə gətirəcək və bununla da, Qərb üçün rahat olan fərqli bir xarici siyasət aktyoruna çevirəcək”.
Ancaq bu baş versə belə, heç kim 180 dərəcə dönüş gözləməməlidir. Ərdoğan inadcıl dünyagörüşü ilə türk qurumlarını – hökuməti, ordunu, akademik dairələri, dini qurumları və medianı 20 il ərzində öz siyasi düşüncəsinə uyğunlaşdırıb. İyunun 19-da yeni prezident seçilsə də, Ərdoğanın tikdirdiyi binanı sökmək asan olmayacaq. Ciddi dəyişiklik edilməsi mümkün görünmür. Çünki onun AK Partiyası parlamentdə əhəmiyyətli üstünlüyünü qoruyacaq, dəyişikliyə şiddətlə müqavimət göstərəcək.
Metropoll-un oktyabrın sonlarında apardığı sorğu, bir il əvvəl təxminən 39% olan Ərdoğan meyilli səsin 47,6%-ə qədər artdığını göstərib. Bu, iqtisadi qarışıqlığa rəğmən, bütün çətinlikləri idarə edən rəhbər biri üçün tamamilə heyrətləndirici nəticədir.
Bəs niyə bir çoxları Türkiyənin kursunu düzəltmək üçün hələ də Ərdoğana müraciət edirlər?
Əsas müxalifət partiyaları “Altılı masa” kimi tanınan vahid cəbhə yaradıblar, lakin seçki gününə altı aydan az vaxt qalsa da, onlar hələ prezidentliyə namizədlərini açıqlamayıblar. İki əsas iddiaçı isə aparıcı müxalifət partiyası CHP-dəndir: İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlu və uzun müddətdir partiya sədri olan Kamal Kılıçdaroğlu.
Ərdoğanın rəqib kimi görmək istədiyi namizəd CHP-yə 12 il rəhbərlik edən bir qədər rəngsiz Kemal Kılıçdaroğludur. Bir çox türk politoloqları deyirlər ki, daha gənc, daha xarizmatik İmamoğlu daha güclü rəqib ola bilər. O, 2019-cu ildə ilk səsvermənin nəticələrini qəbul edilmədikdən sonra təkrar keçirilən seçkidə belə, əhatəli bir kampaniya apararaq İstanbul merliyini qazanıb.
Prezident və onun partiyası İmamoğlunu kənarda saxlamaq üçün böyük enerji sərf edib. Keçən ay mer seçki rəsmilərini təhqir etməkdə ittiham edilərək mühakimə olunub, lakin müxalifət onun arxasında birləşib və ola bilsin ki, onun prezidentliyə namizəd olmaq şansı artıb.
Kembric Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Ayşe Zarakol deyir: “İndi İmamoğlu ətrafında güclü bir hekayə var” (Seçki qaydaları bələdiyyə sədrinin prezidentliyə namizədliyini irəli sürməsinə icazə verir, vəkilləri isə məhkumluğu mübahisələndirir).
Lakin Ərdoğanın hələ də sahib olduğu güclü statistikalar göstərir ki, o, hər hansı bir rəqibi məğlub edə bilər. Xüsusən də yazda iqtisadiyyatın bərpası istiqamətində atılan addımlar effekt verərsə, Ərdoğanın qalibiyyət şansları daha da artacaq.
Prezident Ərdoğan Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının investisiyalarına və bank depozitlərinə və Putinin Türkiyəni Rusiyanın təbii qaz ixracatının mərkəzinə çevirmək vədlərinə ümid edir. Ərdoğan, həmçinin, Türkiyənin Qara dənizdəki təbii qaz tapıntılarından da danışaraq, gəlirlərin gözlənilməz olması ilə bağlı iddiaları təşviq edir. Keçən ay o, minimum əmək haqqının 55% artırıldığını açıqlayıb; keçən həftə o, dövlət qulluqçularının maaşlarını və pensiyalarını da artırıb.
Nəzərə almaq lazımdır ki, o və onun partiyası terrorizmin və Qərb xəyanətinin köhnə alverçilərini ifşa edir, habelə homoseksuallığın ailə və İslam dəyərləri üçün təhlükələri haqqında mədəniyyət müharibəsi aparır. Yunanıstana qarşı Türkiyənin hüquqlarını müdafiə etmək isə, millətçi şövqü qızışdırmağa kifayət edir. Bu taktikalar əvvəllər də Ərdoğanın seçkilərdə qalib gəlməsinə kömək edib. Qərb liderləri isə, türklər öz səslərini verənə qədər təzad içində qalacaqlar.
Həşim Səhrablı
Mənbə: Bloomberg