Ulu öndərin ana dilimiz uğrunda tarixi təşəbbüsü…

image-1-2backend

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirib. O, yaxşı bilirdi ki, ana dili hər bir xalqın milli sərvətini, varlığını təsdiq edən və millətin formalaşmasında vacib olan bir amildir. Ana dilimizin çətin sınaqlardan keçdiyi dövrdə, yəni Azərbaycanın Sovet İmperiyasının tərkibində olduğu illərdə “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərdi. Bu zaman ölkədə rəsmi dövlət dili rus dili oldu və tədbirlərdə radio, televiziya və mətbuatda əsas dil kimi rus dilindən istifadə olunması ölkədə fərqli bir psixologiyanın yaranmasına gətirib çıxardı. Artıq siravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu.Ancaq Ümummilli lider Heydər Əliyevin dilə münasibəti hər kəsə örnək oldu.1969-1982-ci illərdə Sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. Həmçinin onun səyləri nəticəsində 1978-ci ildə Azərbaycan SSR-in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi, həm də Azərbaycan Respublikası Sovet hakimiyyətindən çıxıb müstəqilliyini bərqərar etdikdən sonra da Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və təkmilləşdirilməsinə dair bir sıra əmr və fərmanlar imzaladı. Onun bu cür dilə verdiyi dəyər və göstərdiyi xidmətlər uzaqgörən dövlət başçısı olduğunun əsas göstəricisi idi.

Ana dilini bilməyib bu dildə səlis danışa bilməyən dövlət məmurlarına müəllim tutub bu qədim və zəngin dilin qayda-qanunlarını öyrənib bu dildə rəvan  danışmağı tələb edən Heydər Əliyev deyirdi: “Oturun, müəllim tutun bu dili öyrənin… məgər dünyadan bu dili bilməyə- bilməyə çıxıb gedəcəksiniz? Axı belə şey olmaz.” Ulu öndər gənclərə Nizamini, Füzulini, Nəsimini, Vaqifi, Sabiri, Mir Cəlili oxumağı tövsiyə edərək deyir ki, gənclər ana dilimizi yaradan və yaşadan bu söz dahilərini oxumasa, oxuya bilməsə tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək və bütün bunları bilməyənin isə vətənpərvər olması mümkün deyil. Bununlada görürük ki, Heydər Əliyev ana dilimizin incəliklərini öyrənməyi kimliyindən asılı olmayaraq hər kəsdən tələb edib. Çünki vətənpərvər olmağın əsəs göstəricisi ana dilini sevmək və ondan istifadə etmək olduğunu bilirdi.

 

 Kəmalə Həsənova

Azərbaycan Dillər Universiteti

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki