Bu gün Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində təşkil edilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edib.
Prezident çıxışı zamanı bir sıra ciddi məsələlərə toxunub. İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa İttifaqının təşkilatçılığı ilə keçiriləcək görüş zamanı Fransa prezidenti Emmanuel Makronun iştirakını istəməsi məsələsinə toxunub və bunu mümkünsüz adlandırıb.
Azərbaycan Prezidenti eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın problıemlərinə də diqqət çəkib.
Busaat.az sözügedən məsələlər ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib:
“Azərbaycan öz siyasi xəttini təyin edərkən, xüsusilə beynəlxalq əlaqələrində, istər təşkilatlarla, istərsə də qonşu dövlətlərlə münasibətlərində beynəlxalq hüququ əsas alır və hüququn aliliyindən yola çıxır. Hətta Qarabağda işğala son verən müharibə belə beynəlxalq hüququn prinsiplərindən doğmuşdu. Belə ki, BMT-nin bu ərazilərin işğalına son qoyulmasına çağıran dörd qətnaməsi vardı və Azərbaycan o qətnamələrə uyğun addım atdı. Eyni zamanda, Azərbaycan qonşu dövlətlərlə əlaqələrində mehriban qonşuluq siyasətini və qarşılıqlı əlaqələri ön plana çıxarır. Məhz bunun nəticəsidir ki, hətta KTMT özü belə onun üzvü Ermənistanın Azərbaycana qarşı tələblərini yetkil şəkildə dəstəkləmir və KTMT üzvü olan digər post Sovet ölkələri anti-Azərbaycan addımlarının inkişafına imkan vermir. Bilirik ki, Ermənistan istisna, Azərbaycanın bütün KTMT üzvü ölkələrlə yüksək səviyyəli siyasi-iqtisaadi əlaqələri vardır”.
Politoloq Emmauel Makronun Avropa İttifaqının təşkil etdiyi görüşdə iştirakı məsələsinə də toxunub: “Emmanuel Makron rəhbərliyində Fransa dövləti Azərbaycana qarşı müəyyən addımlar atmaq istəyir. Azərbaycan Prezidenti Fransanın bu mövqeyinə YAP-ın 30 illik yubileyində kifayət qədər açıq cavab verdi. O tədbirdə mən də iştirak edirdim, cənab Prezident ölkəmizə qarşı həyata keçirilən məkrli addımlara gözəl qarşılıq verdi. Paşinyanın Fransa üzərindən nəsə əldə etmək niyyətləri və buna görə də Makronun Avropa İttifaqının təşkil etdiyi görüşdə tərəf olaraq iştirakını istəməsi əsassız və yersizdir. Ona görə ki, birincisi, münaqişə artıq başa çatıb. İkincisi, Avropa Şurası özü tərəfsizliyini qorusa da, biz artıq Fransanın bitərəf ölkə olduğunu söyləyə bilmərik. Fransa bunu öz siyasi addımları ilə, eləcə də Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilən bəyənnamə ilə sübut edib. Ona görə də, Azərbaycan Fransa və ya hər hansı başqa üçüncü ölkənin tərəf olaraq iştirakını istəmir, istəməyəcək. Avropa İttifaqı özü kifayət qədər ciddi qurumdur və bu yerdə əlavə hansısa ölkənin iştirakına gərək qalmır”.
Ekspert, həmçinin, Prezidentin İranla bağlı səsləndirdiyi fikirləri də şərh edib: “İran məsələsinə gəlincə, qeyd edə bilərik ki, Azərbaycan Prezidenti və Azərbaycan dövləti hansısa dövlətin əleyhinə bir iş görmür. Bildiyimiz kimi, Azərbaycan xalq olaraq ikiyə ayrılıb. Cənubi Azərbaycanda artıq uzun müddətdir ki, milli dövlət qurulması üçün addımlar atılır. Biz bura Şeyx Məhəmməd Xiyabani hərəkatını, Seyid Cəfər Pişəvəri dövlətini və Səttar xanı nümunə kimi göstərə bilərik. Əlbəttə ki, torpaqlarını işğaldan azad edən Azərbaycan cənubdakı soydaşlarının da problemlərinə biganə qalamayacaqdı. Cənub soydaşlarımızın hüquqları mütəmadi olaraq molla rejimi tərəfindən pozulur. Soydaşlarımızın öz dilində təhsil almaq, öz dilində məktəbə getmək və öz dilində televiziya proqramlarını izləmək kimi elementar hüquqları görməzdən gəlinir. Təbii ki, Azərbaycan sivil bir ölkə olaraq, öz soydaşlarının bu kimi problemlərinin həllinə çalışacaq. Artıq Cənubi Azərbaycanda soydaşlarımızın hüquqlarının bərpası üçün ideal zəmin formalaşıb. Deyə bilərik ki, yaxın zamanda Azərbaycan türkləri öz müstəqilliyinə qovuşacaq”.
“Ümumiyyətlə 1925-ci ildə ingilislərin dəstəyi ilə iqtidarı ələ alan Pəhləvi sülaləsi, daha sonra bərqərar olan molla rejimi son illərin nəticəsidir. Ancaq min ildir ki, İranda iqtidar türklarin əlində olub və elə İran adı da 20-ci əsrdə ortaya atıldı. Qısası, İran Azərbaycan türklərinin qanuni dövlətidir və biz burada yenidən Azərbaycan türk dövləti qurmalıyıq. Sözlərimi Səfəvilər dövlətinin unudulmaz lideri Şah İsmayıl Xətaidən bir sitatla bitirmək istəyirəm. İsmayıl Səfəvilər dövlətini qurarkən deyib: “Mən Azərbaycan dövlətini bərpa edirəm”. İndi, inanıram ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyində biz yenidən İranda Azərbaycan dövlətini bərpa edəcəyik” – deyə, politoloq əlavə edib.
Busaat.az