Dünyanın son zamanlar qarşılaşdığı böyük siyasi-iqtisadi krizlər, bunun yanında iqlim dəyişikliyi və onun ehtimal olunan təbii fəlakət ehtimalları bütün regional və dünyəvi güc mərkəzlərinin dövlət siyasətində bəzi qeyri-müəyyənliklərə səbəb olub.
Çin, Rusiya və İran kimi ölkələr vahid mərkəzi hakimiyyəti qorumaq üçün sürətlə avtoritar və ya totalitar rejimlərini gücləndirmiş, Qərbdə isə, demokratiya rüzgarı müxtəlif dairələrdə davamlı iqtidar dəyişikliklərinə səbəb vermişdir. Hətta İngiltərə kimi dünya dövləti ard-arda hökumət kabinetlərini yeniləmişdir. Təbii, ölkələrin daxili siyasi arenalarında yaşanan bu gərginliklər ümumi dünyəvi siyasətin və geopolitik natarazlığın sadəcə bəsit bir örnəyidir.
Daha ciddi örnəklər ondan ibarətdir ki, dünyada güc mərkəzləri dəyişir. Hakim söz sahibi ABŞ və Böyük Britaniya olan, əsasən Qərb-ABŞ hegemonyasının hökm sürdüyü təkqütblü dünya sistemi öz əhəmiyyətini itirir və sürətlə çoxqütblü dünyaya keçid veririk.
Burada isə, müxtəlif güc qrupları ilə qarşılaşırıq. Daha çox regional güc mərkəzləri olaraq rast gəldiyimiz bu güc qrupları çoxqütblü dünyanın əsas zəminlərinə çevrilir və yalnız regional aktor olan əsas dövlətlərin timsalında yeni dünya düzəni ilə üz-üzə qalırıq. Yəni artıq dünya siyasəti London və Vaşinqtonun istədiyi ssenarilərlə deyil, bu mərkəzlərin də əsas söz sahibi olacağı regional aktorlarla birlikdə qərarların qəbul ediləcəyi müstəvidə tənzimlənəcək.
Düzdür qeyri-müəyyənlik özünü qorusa da, eyni zamanda Berlin və Paris kimi güclü mərkəzlər mübarizəyə davam etsə də, Qərbəki regional güc mərkəzləri demək olar ki bəllidir: Vaşinqton və London.
Ancaq Şərqdə qeyri-müəyyənlik daha ciddi və xaotik hal almaqdadır. Şərq ölkələrinin hər biri özünün zəngin tarixi keçmişi, əksəriyyətinin günümüz potensialı və imkanlarını ön plana çıxararaq regional güc mərkəzinə çevrilmə istiqamətindəki mübarizəsi daha kəskin xarakter alır. Çin, Hindistan, Pakistan, Rusiya və Türkiyə Avropadan kənarda formalaşacaq güc mərkəzlərinin əsas dominantı olmağa çalışır. Hətta Rusiya və Çinin iddiaları özünün hərbi-siaysi gücündən doğan əminliklə daha irəli müstəvilərə danışınıb. Bu ölkələr çalışır ki, onlar çoxqütblü dünyada əsas siyasi mərkəzə çevrilsin. Yəni bu ölkələr onu hədəfləyir ki, dünya siyasətində regional aktor olaraq deyil, əsas aktor kimi qoşulsunlar.
Buradan bu nəticəyə gəlmək olur ki, yeni dünyada çoxqütblü idarə formatı formalaşacaq, bu idarə formatı isə iki qrupa bölünəcək: Düynəvi mərkəzlər və regional güclər. Dünyəvi güclər bütün dünya üzərində hər məsələdə söz sahibi olacaq, ancaq bu şərtlə ki, onlar müdaxilə etmək istədiyi bölgələrin regional gücləri ilə hesablaşsın. Regional güclər isə, sadəcə öz bölgələrində aktorlara çevriləcək. Ancaq regional güc faktorları öz həmin bölgələrinin əsas söz sahibləri olacaqlar.
Dünyəvi güc mərkəzləri regional güclərin iradəsindən kənar heç bir addım ata bilməyəcək.
Ancaq Qərbin bu nöqtədə narahatlıqlarını azaldan səbəblər var. Bu səbəblərin başında Qərb dairələrinin Şərq ölkələri arasında əkdiyi nifaq toxumlarını misal göstərə bilərik. Məsələn Şərqdə potensial güc mərkəzinə çevriləcək Hindistanın ən böyük rəqibi və düşmən olaraq qəbul etdiyi ölkə Çindir. Eynilə Çin Hindistan təhlükəsini bu şəkildə qiymətləndirir. Pakistan isə, Çinlə yüksək əlaqələr quraraq özünə düşmən hesab etdiyi Hindistana qarşı addımlar atır. Çinin isə, bir çox məsələdə Rusiya ilə maraqları ziddiyyət təşkil edir. Düzdür, hazırda Çin-Rusiya münasibətlərini düşmən mövqedən dəyərləndirmək mümkün deyil, əksinə Qərbin təkqütblü sisteminə qarşı qarşılıqlı əlqələri mövcuddur. Ancaq yenə də, yeni dünyanın formalaşması prosesində Çin və Rusiya mütləq şəkildə üz-üzə gələcək.
Türkiyə faktoruna isə, bir çox nöqtədən baxmaq lazımdır. Türkiyənin geosiyasi coğrafiyası və özünün diplomatik manevr imkanları fürsət verir ki, o, yeni dünyanın ən əsas ölkələrindən birinə çevrilsin. Bəlkə də birincisi…
Ancaq bunun önündə çox ciddi əngəllər özünü birüzə verir:
– Türkiyə iqtisadiyyatı düynaya söz sahibliyini təmin etmək iqtidarında deyil.
– Türkiyənin əsas enerji resursları və ehtiyatları yoxdur, özü kənara bağlıdır. Rusiya öz təbii qaynaqlarından istifadə edərək, Türkiyə üzərində açıq kartla oynaya bilir.
– Türkiyə Şərq-Qərb arasında tranzit mövqedə olduğu üçün, qarşıdurma anında ən böyük kriz elə Türkiyədə hiss olunur.
– Türkiyənin təbii ehtiyatlarının olmaması ilə bərabər, onu dünyada söz sahibinə çevirəcək digər amil – texnoloji inkişaf da yetərincə təmin edilməyib.
Türkiyə özünün bütün imkanlarının ən yaxşı halında regional gücə çevriləcyini, sadəcə bu halda dünyəvi proseslərə qatıla biləcəyini yaxşı hesablayıb. Ancaq özünün bütün imkanlarını regional məsələlərlə sərhədləmək niyyətində deyil. Hər keçən gün daha da möhkəmlənən Türk Dövlətləri Təşkilatı (TDT) Türkiyəyə imkan verir ki, o tək öz regionun deyil, eyni zamanda Qafqazın və Mərkəzi Asiyanın da siyasi həyatına müdaxilə etsin. Bu isə, çox böyük bir coğrafiyada mövcud olmaq deməkdir.
Ancaq Qərbin bu məsələdə də rahat olmağa bir sıra səbəbləri var. Bu səbəblərin biri Rusiyadırsa, digəri Çindir.
Bütün xalqların öz tarixi keçmişi, tarixi kimliyindən yola çıxdığını yaxşı bilən Qərb anlayır ki, Türkiyənin Mərkəzi Asiyaya qədər uzanan geniş nüfuzu onun bu regionda qarşıdurmalara məruz qalması ilə nəticələnəcək. Min illərdir ki, bu egionda çin-türk qarşıdurmaları artıq bir milli kimlik məsələsinə çevrilib, son 300 il ərzində isə, rusların bölgədə əsas söz sahibliyi ön plana çıxıb.
Qısası, əslində Qərb bu kimi faktorları istifadə edərək, Çin-Hindistan, Çin-Rusiya, Çin-Türkiyə, Türkiyə-Rusiya, Pakistan-Hindistan çəkişmələrini alovlandıracaq və regional idarəçilikdə yekun qələbə əldə edə bilməyən bu böyük dövlətlər yeni dünyada – çoxqütblü formatda belə ümumi dünyada əsas aktorlara çevrilə bilməyəcəklər. Şərq ölkələrinin isə, yüz illər sonra əlində çox gözəl fürsətlər cəmləşir. Demokratik quruculuğun və ümumbəşəri dəyərlərin gedərək sarsıldığı dünyada, Şərq yenidən özünün ən güclü dövlətlərini formalaşdıra və dünya siyasətində əsas söz sahibinə çevrilə bilər.
Yeni dünyanın formalaşması ərəfəsində yaşanan qeyri-müəyyənlik Şərq dövlətlərinə belə bir fürsət verir. Ancaq gərək Şərqdə bu fürsət doğru qiymətləndirilsin. Əgər Şərq yüz illər əvvəl etdiyi səhvi təkrarlayarsa, yəni buradakı köklü dövlətlər bir-biri ilə etnik-milli, siyasi-iqtisadi səbəblərdən yenidən ölüm-dirim mübarizəsinə qoşularsa, o halda əlbəttə müəyyən zaman sonra Şərq yenidən öz üstünlüklərini itirmiş olacaq.
Ancaq Şərq Qərbin təcrübələrini istifadə edər, öz aralarında bütün sferalarda əlaqələri genişləndirmək və inkişafa yönləndirmək üçün addımlar atarsa, o halda çoxqütblü dünyada əsas söz sahibi ölkələr elə Şərq ölkələri olacaqdır.
Qərb təcrübəsi göstərir ki, öz aralarında milli-etnik, siyasi-iqtisadi qarşıdurmaları ikinci plana ataraq, ön plana qarşılıqlı əməkdaşlığı və birliyi çıxaran Avropa bu gün dünyanın ən inkişaf etmiş və ən güclü iqtisadi-siyasi-hərbi-mədəni güc mərkəzinə çevrilib. Eyni təcrübədən çıxış edərsə, Şərqin imkanları daha geniş dəyərləndirilməlidir.
Çünki Şərqin dövlətçilik tarixi daha zəngindir, Şərqin təbii ehtiyatları daha çoxdur və Şərq insanı Qərb insanından fərqli olaraq rahatlığı deyil, zəhməti sevir. Şərq insanı gecə-gündüz demədən çalışacaq, quracaq, inkişaf edəcək və yeni-yeni nailiyyətlər əldə edəcək.
Təbii, Qərbin öz demokratik abu-havasında öz insanlarına bəxş etdiyi rahatlığı və geniş imkanları Şərqin avtoritar-totalitar rejimləri ədalətli şəkildə hər kəsə verə biləcəksə…
Busaat.az/Həşim Səhrablı