8 Noyabr, Zəfər Günündə Azərbaycan xalqının sevinci ikiqat artdı. Çünki Zəfər Gününü qeyd edən xalq, həm də onun Prezidentinin dilindən illərdir eşitmək istədiklərini təkrar eşidirdi.
Zəfər Gününü Şuşada qeyd edən Prezident İlham Əliyev bir sıra önəmli mesajlar verdi. Kiminə görə Ermənistan siyasi rəhbərliyinə, kiminə görə isə tək Ermənistana deyil, bütün rəqib və düşmən ölkələrə hesablanmış bu çıxış əslində bölgədəki real politik vəziyyəti izah edirdi…
Belə ki, İlham Əliyevin çıxışlarını diqqətlə analiz edəndə anlamaq olur ki, bu gün Azərbaycan dövləti və xalqı hansı təhlükələrlə üz-üzədir və bu təhlükələri kimlər yaradıb, kimlər həyata keçirə bilər.
Xülasə olaraq qeyd edək ki, bu gün ilk növbədə Azərbaycanın qarşılaşdığı və davam edən əsas problem onun suverenliyi, ərazi bütövlüyünün pozulmasıdırsa, ikinci növbədə bu problemlərə qonşu dövlətlərin anti-Azərbaycan siyasəti daxildir. Anti-Azərbaycan addımlar isə, hər an Azərbaycan əleyhinə daha genişmiqyaslı əməliyyatların reallaşması riski deməkdir.
Azərbaycan liderinin çıxışı onu deməyə əsas verir ki, Azərbaycan özünə qarşı çevrilmiş bu kimi risklərin səbəbkarı olaraq Ermənistan, İran və Fransanı, bütün bunların timsalında isə, erməni havadarı kimi çıxış edən digər ölkələri qəbul edir. Qısacası, indi bölgədə bir qeyri-müəyyənlik var və bu qeyri-müəyyən atmosferin içində müəyyən olmayan ehtimallardan biri də Ermənistan ordusunun məhv olması fonunda Azərbaycana qarşı hərbi əməliyyatların necə formalaşdırılmasıdır. Çünki Ermənistan ordusu artıq Azərbaycana qarşı hərbi əməliyyata başlamaq gücündə və cəsarətində deyil. Bu halda, qarşı cəbhədə ən son versiya işə salınarsa, yəni Azərbaycana qarşı hərbi əməliyyatlar təşkil edilərsə bunu hansı ölkə reallaşdıracaq? Əslində regionun hazırki vəziyyətində bu sualı cavablandırmaq asanlaşır. Erməni havadarı ölkələri diqqətlə izləsək görürük ki, Fransanın Avropanın “ən qərbindən” Azərbaycana qarşı hərbi əməliyyatlar reallaşdırması mümkün deyil. Əliyev demiş, “xoruz banlayarsa, cavabı mütləq veriləcəkdir”.
Əslində Fransa və Azərbaycanı hərbi müstəvidə qarşılaşdırmaq mümkün deyil. Yanlış informasiyadan qaçmağı lazım bilərək etiraf etmək lazımdır ki, istər canlı qüvvə, istərsə də hərbi-texnologiya cəhətdən qüvvələr nisbəti Fransanın açıq-aşkar üstünlüyü ilə yadda qalır. Ancaq burada ölkələrin ikili qarşılaşdırılması lazım deyil. Fransanın Cənubi Qafqazda hərbi əməliyyat keçirmək imkanları yoxdur. Çünki bu regionun özünün güc mərkəzləri və təsir qüvvələri var. Fransa regionun hərbi-siyasi həyatına birbaşa müdaxilə etmək istəyərsə, ilk növbədə Ankara və Moskvanın ölümcül cavabı ilə üzləşəcəkdir. Meydanda isə, Azərbaycan öz regionunun əsas ölkəsi kimi qalib gələcəkdir. Ona görə də, Azərbacanın qətiyyətli inkişafını əngəlləmək üçün mütləq bir hərbi müdaxilə lazım olacaqsa, Paris bunu birbaşa edə bilməyəcəyini yaxşı bilir. İndi Fransanın tək ümidi regional aktorların birinin əli ilə öz planlarını reallaşdırmaqdır.
Ancaq kim?
Yuxarıda dediyimiz kimi, bu əvvəllər Ermənistan idi. Ancaq indi Ermənistanın əsas hədəfi öz dövlətçiliyini qorumaqdır. İrəvan anlayır ki, bir daha kimlərinsə havadarlığına inanaraq Azərbaycana, dolayısı ilə Türk dünyasına hücum etmək ölümə bərabər riskdir. Gürcüstan da Fransanın oyunlarına qurban olacaq qədər axmaq deyil. Bunun ikisi səbəbi var: Birincisi, Tiflis özünün gərgin hərbi-siyasi vəziyyətində Bakı və Ankara ilə münasibətlərə önəm verir və bu iki mərkəzə ehtiyacı var. İkincisi, Gürcüstanda anlayırlar ki, Qərbə arxalanmaq ən yaxşı halda Qərbin düşmənlərinin təcavüzünə məruz qalmaqdır. Gürcüstanın acı reallığı – Rusiyanın işğalı bunun bariz nümunəsidir.
Geriyə Fransanın Qafqazda Azərbaycan əleyhinə dəstəkləyəcəyi sadəcə üç sərhəd dövlət qalır: Türkiyə, Rusiya və İran.
Türkiyə faktorunu ümumiyyətlə dəyərləndirmək yersiz olacaqdır. Həm ona görə ki, Türkiyə-Azərbaycan müttəfiqliyi və qardaşlığı dünyada örnək münasibətlərdir, həm də ki, Türkiyə və Fransa münasibətləri bütün hallarda rəqabət üzərində qurulub. Hələki Qafqazda rəqabət mühiti qarşıdurmayla əvəz olunub.
Rusiya isə, hazırda öz səhədlərində anti-Qərb siyasəti izləyir. Həm Ukraynada başladılan müharibə, həm də Rusiyanın səhədlərindəki Finlandiya və Skandinaviya ölkələrinə qarşı sərgilədiyi münasibət bunun əyani sübutudur. Şərqi Avropa sərhədlərinin təhlükəsizliyini təmin edə bilməyən Rusiya, Qafqazda Fransanın nəinki tərəfdaşına çevriləcək, əksinə onun Qafqaza müdaxiləsi önündə real əngəl olacaq.
Elə isə, Fransanın geriyə tək bir seçimi qalır – İran.
Elə Prezident İlham Əliyev də Zəfər çıxışında bu ehtimalın mümkünlüyü barəsində siqnallar verib. Fikir veririksə, Əliyevin hədəf taxtasında üç ölkə var idi: Ermənistan, Fransa və İran. Ermənistan və Fransa məsələsinə artıq toxunmuşuq. Geriyə İran qalır…
Əlbəttə İranın bölgədə varlığı Yaxın Şərqdəki güclər nisbətinin parçalanması üçün ideal səbəbdir. Ümumiyyətlə İraın varlığı bütün müstəvilərdə Qərbin maraqlarına uyğun parçalayıcı missiyanı öz üzərinə alıb: İslam dünyasını parçalayan İran faktorudur, Yaxın Şərqdə parçalayıcı qüvvə İrandır, Qafqazda sülh və sabitliyin formalaşmasına əsas maneə yenə də rəsmi Tehrandır.
Fikir vermisinizmi?
Dünyada demokratiya kartını istifadə edərək, bütün nöqtələrə müdaxilə edən, ən azından sərt mövqe ilə tərəfini bildirən Fransa, bu günə qədər İrandakı radikal mollakratiya əleyhinə ciddi addımları ilə yadda qalmayıb. Yaxud da sadəcə “iz azdıran” açıqlamalar verib.
Çünki İranın varlığı Fransanın bölgəyə nüfuzunu asanlaşdırır.
İndi bölgəyə birbaşa müdaxilə edə bilməyəcəyini görən Fransanın mollakratiyanın havadarına çevrilməsi gözləniləndir. Çünki Fransada hesablayırlar ki, Tehran daxili sabitliyi bərpa etdikdən sonra ilk iş kimi xarici siyasətdə məruz qaldığı zərbələri aradan qaldırmağa başlayacaq. Tehran öz regional maraqlarına ən böyük zərbə olaraq rəsmi Bakının addımlarını qəbul edir. Xülasə, Tehranın ilk addımı rəsmi Bakının artan siyasi-hərbi nüfuzuna zərbə vurmaq olacaq.
Dünya siyasətində ciddi dəyişikliklərin yaşandığı hazırki qəliz geosiyasi və ümumi siyasi şərtlərdə Azərbaycanın Fransa və digər böyük dövlətlərin hədəfində olması həm sevindiricidir, həm də təhlükəli…
Ona görə sevindiricidir ki, bütün bunlar deməyə əsas verir ki, Azərbaycan dövləti artıq bütün regional və bəzi dünyəvi proseslərdə aktiv rol alıb. Bu dünya siyasətinə qoşulmaq və özünəməxsus yer tutmaq deməkdir. Ancaq bir tərəfdən də təhlükəlidir. Ona görə ki, hər nə qədər çətin vəziyyətdə olsalar da, hazırda anti-Azərbaycan mövqeyində olan bu dövlətlər dünyada söz sahibi və öz yeri olan böyük dövlətlərdir.
Lakin demək mümkündür ki, bütün təhlükələr qorxunc deyil və təhlükələrin mövcudluğu mütləq məğlubiyyət demək deyil. Əksinə öncədən görülən, plan və proqnozlaşdırıla bilən bütün təhlükələr əslində məğlub ediləcək təhlükələrdir. Sadəcə daha əzmlə çalışaraq, daha ağılla və daha ağıllıların təşkil etdiyi sistemlərlə bütün təhlükələri məhv etmək mümkündür.
Busaat.az/Həşim Səhrablı