Alimlər 16-18-ci əsrlərdə 2 milyondan çox dənizçinin həyatına son qoyan sinqa xəstəliyinin yenidən ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.
Busaat.az xəbər verir ki, bu xəstəlik müasir və inkişaf etmiş cəmiyyətlərdə nadir hallarda rast gəlinir. C vitamini çatışmazlığından yaranan sinqa uzun müddət təzə meyvə-tərəvəz istehlak etməyən dənizçilər arasında vaxtilə geniş yayılmışdı. Buna baxmayaraq, yeni araşdırmalar yaşayış xərclərinin artması nəticəsində sinqa xəstəliyinin sayında yenidən artım müşahidə olunduğunu göstərir.
“BMJ Case Reports” jurnalında dərc olunan bir araşdırma, 51 yaşlı avstraliyalı kişinin bu xəstəliyə tutulduğunu təsdiqləyir. Ayaqlarında ağrılı səpgi şikayəti ilə həkimə müraciət edən xəstədə müxtəlif analizlər edilsə də, ilkin mərhələdə nəticə verməyib. Daha sonra xəstənin pəhrizindəki qidalanma çatışmazlığı araşdırıldıqda, sinqa diaqnozu qoyulub. 51 yaşlı xəstə maddi çətinliklərə görə qida əlavələrini qəbul etməyi dayandırdığını və meyvə-tərəvəzdən çox az istifadə etdiyini bildirib. Həkimlərin təyin etdiyi C vitamini və digər qida əlavələri ilə xəstə sağlamlığına qovuşub.
Lakin alimlər qeyd edirlər ki, sinqa hələ də ciddi nəzarət tələb edir. C vitamini dəri, sümüklər və birləşdirici toxumaların inkişafı üçün vacibdir. O limon, portağal, çiyələk və kələm kimi qidalarda mövcuddur və gündəlik 75-90 qram miqdarında qəbulu tövsiyə olunur. Əks halda, bir neçə ay ərzində sinqa xəstəliyi yarana və bəzi hallarda ölümcül ola bilər. Simptomlar arasında ağrılı səpgi, ayaqlarda şişlik və yorğunluq daxildir.
ABŞ-da 2016-2020-ci illərdə uşaqlar arasında sinqa xəstəliyinin üç dəfə artması müşahidə olunub. Xüsusilə aşağı sosial-iqtisadi təbəqələrdə riskin yüksək olduğu vurğulanıb. Alimlər, həm səhiyyə işçilərinin, həm də cəmiyyətin C vitamininin əhəmiyyətini dərk etməsinin bu xəstəliyin yayılmasının qarşısını ala biləcəyini qeyd edirlər.
Hazırda ciddi narahatlığa ehtiyac olmasa da, ekspertlər xəstəliyin yayılmasını nəzarətdə saxlamağı tövsiyə edirlər.