2025-ci ildə xaricdə təhsil trendləri: tələbələrin seçimində ABŞ liderdir

image-img_1625backend

Xaricdə təhsil son illərdə bir çox gəncin prioritet seçimlərindən birinə çevrilib. 2025-ci ildə isə bu sahədə müşahidə olunan tendensiyalar göstərir ki, tələbələrin ölkə seçimlərinə müxtəlif amillər — iqtisadi sabitlik, viza qaydalarının sadəliyi, təhsil proqramlarının səviyyəsi və məzuniyyət sonrası imkanlar güclü təsir edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən xaricdə təhsil üzrə ekspert Aisa Aslanova bildirib ki,  2025-ci ildə ABŞ yenidən beynəlxalq tələbələr arasında ən populyar istiqamət olub. Dünya üzrə aparıcı universitetlərin əksəriyyətinin məhz ABŞ-də yerləşməsi, həmçinin tibb, mühəndislik, texnologiya və sosial elmlər sahəsində yüksək səviyyəli proqramların təklif olunması bu marağı artırıb. Əlavə olaraq, ABŞ-də müxtəlif ştatların tələbələrə iş və təcrübə imkanları yaratması da müraciət sayına müsbət təsir göstərib. Həmçinin ABŞ hökumətinin son illərdə immiqrasiya qaydalarını bəzi sahələr üzrə sadələşdirməsi də bu artımı dəstəkləyib.

Onun sözlərinə görə, Avstraliya 2025-ci ildə xaricdə təhsil üçün ikinci ən çox seçilən ölkə olub. Burada universitet sonrası iş tapmaq və daha sonra daimi yaşamaq imkanları genişlənib.
Xüsusən də səhiyyə, informasiya texnologiyaları və ətraf mühit mühəndisliyi kimi sahələrdə Avstraliya universitetlərinə böyük maraq var. Hökumət tərəfindən tələbələr üçün təqdim edilən əlavə maliyyə dəstəyi və kampus daxili iş imkanları da bu ölkənin cazibəsini artırır.

Aisa Aslanova: Əsas məsələ təhsil proqramlarının dünya səviyyəsində tanınmasıdır

Mütəxəssis həmçinin qeyd edib ki, Böyük Britaniya hər zaman akademik ənənələri və dünya səviyyəli universitetləri ilə tanınıb. 2025-ci ildə də bu mövqeyini qorumağa davam edir. “Graduate Route” proqramı sayəsində tələbələr universiteti bitirdikdən sonra 2 il (doktorantura məzunları üçün 3 il) Britaniyada işləyə bilirlər. Ən çox seçilən ixtisaslar biznes idarəçiliyi, hüquq, maliyyə və siyasət sahələri üzrədir. Bununla yanaşı, Britaniyanın multikultural cəmiyyəti və zəngin mədəni həyatı da tələbələrin qərarına təsir edən mühüm faktorlardandır.

Aisa Aslanova əlavə edib ki, Kanada 2025-ci ildə də tələbələr üçün cəlbedici istiqamətlərdən biri olaraq qalır. Burada universitet təhsili ilə yanaşı, təhsil müddətində və sonrasında iş imkanlarının genişliyi önə çıxır. Kanada hökumətinin beynəlxalq tələbələr üçün xüsusi immiqrasiya proqramları, xüsusilə “Post-Graduation Work Permit” və “Express Entry” sistemləri vasitəsilə daimi yaşayış hüququ əldə etmək imkanları bu ölkəni daha da populyarlaşdırıb.

Xaricdə təhsil mütəxəssisi Almaniyada təhsillə bağlı suallara da aydınlıq gətirib:

“Almaniya xüsusilə texniki sahələrdə təhsil almaq istəyən tələbələrin prioritet seçimlərindən biridir. Burada dövlət universitetlərinin çoxunda təhsil ödənişsiz və ya çox aşağı məbləğdədir.
Bundan əlavə, Almaniyada tələbələr üçün müxtəlif təqaüd proqramları mövcuddur və məzun olduqdan sonra ölkədə qalaraq işləmək şansı da kifayət qədər yüksəkdir”.

Son olaraq A.Aslanova diqqətə çatdırıb ki, 2025-ci ildə xaricdə təhsil axtarışında olan tələbələr əsasən bir neçə meyara önəm verirlər:

“Əsas məsələ təhsil proqramlarının dünya səviyyəsində tanınması, universitet sonrası iş və immiqrasiya imkanlarının mövcudluğu, təhsil və yaşayış xərclərinin uyğunluğu, sosial mühitin açıqlığı və təhlükəsizliyidir. Bu meyarlar göstərir ki, tələbələr sadəcə diplom əldə etmək deyil, həm də gələcək karyeralarını qurmaq üçün düzgün platforma seçməyə çalışırlar. 2025-ci ilin statistikası isə onu göstərir ki, qarşıdakı illərdə də bu tendensiya davam edəcək”.

Əli Hüseynov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki