ABŞ-nin Los-Anceles şəhərinin nüfuzlu Bel-Eyr bölgəsində yerləşən ultra-lüks malikanə ipoteka ilə satışa çıxarılıb.
Busaat.az xəbər verir ki, təxminən 7 il ərzində inşa edilən və müasir memarlıq nümunəsi kimi təqdim olunan əmlakın qiyməti təxminən 65 milyon dollar (təxminən 110 milyon manat) olaraq göstərilir.
Təxminən 75 sot ərazidə yerləşən malikanə geniş dizaynı və açıq məkan konsepsiyası ilə seçilir. Döşəmədən tavana qədər şüşə divarlar sayəsində evin daxili və xarici məkanları vahid yaşayış sahəsi kimi birləşdirilib.
Əmlakın açıq hava sahəsində hovuz, istirahət zonası və xüsusi abadlaşdırılmış bağ sahələri yer alır. Daxili hissədə isə şəxsi kinoteatr, tam təchiz olunmuş bar, peşəkar mətbəx və əlavə hazırlıq mətbəxi mövcuddur.
Villa həmçinin “sağlamlıq zonası” ilə diqqət çəkir. Bu hissədə qapalı hovuz, isti və soyuq terapiya hovuzları, sauna, buxar otağı və həm qapalı, həm də açıq idman zalı yer alır.
Əsas yataq otağı qolf meydançasına baxan mənzərə, kamin və spa tipli vanna otağı ilə fərqlənir. Evdə qonaq və xidmətçi üçün ayrıca yaşayış sahələri, iki giriş qapısı, xidmət zonası, iki lift və 5 avtomobillik qaraj da mövcuddur.
Məlumata görə, malikanə üçün aylıq ipoteka ödənişi 422 min dolları keçir ki, bu da sosial mediada geniş müzakirələrə səbəb olub.














