Burun əməliyyatından sonra şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir? – Vəkildən AÇIQLAMA

image-1753439439_1753439070-1751862840_11-768x403backend
image-uzb_ads_desk

Burun estetik əməliyyatı xarici görünüşdə ciddi dəyişikliklərə səbəb ola bilər.

Bəs rinoplastikadan sonra əvvəlki fotoşəkillə şəxsin tanınması çətinləşərsə, şəxsiyyət vəsiqəsi və xarici pasport dəyişdirilməlidirmi, yoxsa mövcud sənədlər qüvvədə qalır?

Mövzu ilə bağlı  açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, bu məsələdə əsas meyar əməliyyatın keçirilməsi deyil, şəxsin sənəddəki fotoşəkil əsasında tanınmasının mümkün olub-olmamasıdır.

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsindəki fotoşəkil İCAO standartlarına uyğun olmalı, ümumvətəndaş pasportunun elektron çipində isə vətəndaşın üz təsviri saxlanılmalıdır. Bu tələblərin əsas məqsədi sənəd sahibinin etibarlı şəkildə identifikasiya edilməsini təmin etməkdir.

Vəkil qeyd edib ki, İCAO-nun 9303 nömrəli sənədi də pasportdakı üz təsvirinin sənədin qanuni sahibinin həqiqi görünüşünü əks etdirməsini nəzərdə tutur.

“Estetik əməliyyat nəticəsində baş verən dəyişikliklər o qədər əhəmiyyətli olarsa ki, şəxslə sənəddəki fotoşəkil arasında uyğunluğu müəyyən etmək çətinləşər, sərhəd-keçid məntəqələrində, banklarda, notariat orqanlarında və digər identifikasiya prosedurları zamanı əlavə yoxlamaya ehtiyac yarana bilər. Lakin bu, sənədin avtomatik olaraq etibarsızlaşması demək deyil”, – deyə vəkil vurğulayıb.

Roman Qaraşovun fikrincə, bu məsələdə qanuni məcburiyyətlə praktiki zərurəti fərqləndirmək lazımdır. Yalnız burun formasında dəyişiklik baş veribsə, şəxsin ümumi üz cizgiləri və fotoşəkil əsasında tanınması ilə bağlı problem yaranmırsa, sənədlərin dəyişdirilməsinə hüquqi zərurət yoxdur.

Ancaq rinoplastika ilə yanaşı, digər estetik müdaxilələr də həyata keçirilibsə və nəticədə şəxsin ümumi görünüşü ciddi şəkildə dəyişibsə, əvvəlki fotoşəkil əsasında identifikasiya çətinləşə bilər. Belə hallarda sənədlərin yenilənməsi məqsədəuyğun hesab olunur.

Vəkil əlavə edib ki, qanunvericilik vətəndaşa şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun etibarlılıq müddəti başa çatmamış dəyişdirilməsi üçün müraciət etmək imkanı verir. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin tətbiqi barədə Əsasnamənin 2.24-cü, ümumvətəndaş pasportu ilə bağlı müvafiq Əsasnamənin isə 3.12-ci bəndi bu hüququ nəzərdə tutur.

Beləliklə, vəkilin qənaətinə görə, burun estetik əməliyyatından sonra şəxsiyyət vəsiqəsinin və xarici pasportun dəyişdirilməsi avtomatik hüquqi öhdəlik deyil. Bununla belə, xarici görünüşdəki ciddi dəyişikliklər sənəddəki fotoşəkillə şəxsin eyniləşdirilməsini çətinləşdirirsə, gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün sənədlərin yenilənməsi daha məqsədəuyğundur.// konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki