“Abituriyent” jurnalının 12-ci nömrəsi nəşr edilib. Jurnalın bu sayında ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb.
Bildirilib ki, 2023-cü ildə ümumilikdə 8631 nəfər təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil aldığı müəssisədən xaric edilib. Bunlardan 4551 nəfəri bakalavriat, 1267 nəfər magistratura, 1496 nəfər tam orta ixtisas bazası, 1317 nəfər isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Qeyd edək ki, bu elmi-statistik təhlillər 2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müxtəlif səpkili imtahanların ayrı-ayrı istiqamət və çoxsaylı parametrləri üzrə aparılıb. Təhlillər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə yerinə yetirilib. Dövlət İmtahan Mərkəzində aparılan elmi-statistik təhlilin nəticələri hamı üçün açıqdır. Bu nəticələr respublika pedaqoji ictimaiyyəti, təhsil qurumları və müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən müxtəlif səviyyə və miqyaslı konfrans və görüşlərdə müzakirə edilir. Bununla da təhsillə bağlı strateji əhəmiyyətli qərarlara yol açılır. Burada ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təklif və tövsiyələr irəli sürülüb.
Təhsil eksperti Elmin Nuri Busaat.az-a açıqlamasında deyib ki, “Abituriyent” jurnalının 12-ci nömrəsi Azərbaycan təhsilinin ümumi mənzərəsini əks etdirən çox vacib bilgi-bələdçidir.
Ekspert bildirib ki, şəxsən o, hər il jurnalın 12-ci sayını almağa tələsir:
“Düşünürəm ki, bu jurnal təhsillə maraqlanan hər bir kəsin masaüstü materialı olmalıdır. Jurnalda öz əksini tapan maraqlı faktlardan biri 2023-cü ildə 8631 tələbənin universitetdən xaric olunmasıdır. Xaricolunma səbəbləri arasında illik təhsil haqqını ödəyə bilməmək, davamiyyətin pozulması və digər neqativ hallar var. Çox təəssüf ki, konkret hansı səbəbin neçə faiz təşkil etdiyini əks etdirən datanı görə bilmirik. Amma düşünürəm ki, səbəblərdən ən çox pay illik təhsil haqqının ödənə bilməməsinin üzərinə düşür. Burada bir sıra məsələlər var. Təbii ki, bu, ürəkaçan mənzərə deyil. Məncə, maddi-sosial məsələlər nəzərə alınmalıdır. Artıq bir neçə ildir ki, Azərbaycanda Təhsil Krediti Fondu fəaliyyət göstərir. Fond universitetlərlə görüşlər keçirir, maarifləndirmə işləri aparır, tələbələri onun xidmətindən istifadə etməyə cəlb edir. Ancaq bununla yanaşı, görürük ki, Fonda müraciətlər arzuolunan səviyyədə deyil. Baxmayaraq ki, maddi dəstək məhz tələbələrin özlərinə lazımdır, təhsil haqqı ilə bağlı stimullaşdırıcı proqramdır. Tələvə Kredit Fondu təhsil haqqının 80 faizini öz üzərinə götürür. Tələbə isə universiteti bitirib işləməyə başladıqdan sonra 20 il ərzində həmin vəsaiti dövlətə qaytarır”.
Həmsöhbətimiz vurğulayıb ki, Tələbə Kredit Fondunun şərtləri “C” almayan, loru dildə desək, “3” qiyməti almayan tələbələri əhatə edir. Yəni göstəriciləri “A” və “B” olan tələbələr kreditdən istifadə edə bilirlər:
“Düşünürəm ki, təhsil haqqına görə, universitetdən xaric olunanların əksəriyyəti “C” kateqoriyasına aid olan tələbələrdir. Çünki ümumi göstəriciləri “C” olduğu üçün kreditlərdən istifadə edə bilmirlər. Ona görə də təhsil haqqını ödəmək imkanında deyillər”.
Elmin Nuri: Universitetdən xaric olunanların əksəriyyəti “C” kateqoriyasına aid olan tələbələrdir
E.Nuriyə görə, Tələbə Kredit Fondunun tədrisə maraq göstərən tələbələrə şərait yaratması başadüşüləndir. Ancaq Fondun həmin kateqoriyada olan tələbələrlə bağlı addım atması yaxşı olar:
“Əlbəttə, universitetlər də bu məsələdə güzəştə gedə bilər. Lakin etiraf edək ki, universitetlərin başqa gəlir mənbəyi yoxdur. Universitetlər özfəaliyyət proqramını, öz maddi xərclərini ancaq tələbələrin təhsil haqqı hesabına təmin edir. Sadəcə bir neçə aylıq güzəştə gedə bilərlər. Ümumən isə deyim ki, səbəbindən asılı olmayaraq, tələbələrin ali təhsil ocaqlarını tərk etmələri onların karyerası, gələcək əmək bazarı üçün xoş olmayan məqamdır”.