Almeyda “Neftçi”yə ismarıc verir? – Şifrəli açıqlama
“Qarabağ”dan ayrıldığını söyləyən Riçard Almeyda hələ də gələcək karyerasıyla bağlı qərar verməyib.
Busaat.az xəbər verir ki, braziliyalı futbolçu Qazaxıstan mətbuatına müsahibəsində konkret olaraq “Qarabağ”ı tərk etdiyini demişdi. Amma “futbolinfo”ya açıqlamasında ikibaşlı danışmağa çalışıb.
Sitat: “Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm. Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hal-hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda “Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.
Almeyda “Neftçi”yə keçmək ehtimalından da danışıb: “Mən bunu bəyan edirəm ki, mən heç zaman “Neftçi”də oynamayacam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da “Qarabağ”dı. Bütün uğurlarım bu klubladır. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidir. Azərbaycanda oynaya biləcəyim tək komanda “Qarabağ”dı”.
Məlum məsələdi ki, Azərbaycanda “Qarabağ”ın təklif etdiyi maaşı başqa heç bir klub verə bilməz. Bu mənada “milliləşdirilmiş” braziliyanın “Neftçi”yə aşkar ehyam vurduğu görünür. Maraqlıdı, Almeyda “Neftçi” “kisənin ağzını açarsa” yenə bu mövqeyində qalacaqmı, yoxsa “ağ-qaralar”a “siz mənə “Qarabağ” qədər pul verə bilməzsiz” demək istəyir?!








