Ölkəmizdə mühüm proses: içməli suya alternativ tapıldı – Qiymətlər enir?

image-su-baki-1121-768x403backend
image-uzb_ads_desk

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsal edəcək zavodun tikintisi Azərbaycanda su təminatının yaxşılaşdırılması baxımından mühüm layihələrdən biri hesab olunur. Zavodda gündəlik 300 min kubmetr su istehsalı nəzərdə tutulur. Rəsmilərin açıqlamasına görə, layihənin həyata keçirilməsi əhali üçün su tariflərinin artmasına səbəb olmayacaq, mümkün əlavə xərclər dövlət tərəfindən qarşılanacaq.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması Azərbaycanın su qıtlığının aradan qaldırılmasına nə dərəcədə kömək edə bilər? Bu layihə ölkənin içməli su təminatında hansı dəyişikliklərə səbəb olacaq? Qiymətlər də ucuzlaşa bilərmi?

Biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, dəniz suyunun duzsuzlaşdırılması Azərbaycan üçün yeni məsələ deyil:

“2009-2010-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Salyan rayonunun Xıdırlı kəndi yaxınlığında duzsuzlaşdırma zavodu inşa edib. Xəzər dənizindən götürülən su duzsuzlaşdırılaraq, əsasən, Ələt, Hacıqabul və Ələt-Astara istiqamətində əkilən yaşıllıqların suvarılmasında istifadə olunub. Hətta zavodun açılışında həmin dövrün ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov suyun keyfiyyətini nümayiş etdirmək məqsədilə onu içib. Bununla da suyun hətta içməli və texniki məqsədlər üçün istifadə oluna biləcəyi göstərilib. Dəniz suyunun duzsuzlaşdırılması, xüsusilə körfəz ölkələrində və şirin su ehtiyatları məhdud olan dövlətlərdə geniş yayılmış praktikadır. Bu təşəbbüsü yalnız alqışlamaq olar. Çünki iqlim dəyişiklikləri fonunda BMT Azərbaycanı qarşıdakı 30 ildə şirin su ehtiyatlarının təhlükəli dərəcədə azala biləcəyi ölkələr sırasına daxil edib. Bu risk realdır. Çayların aşağı axınında yerləşməyimizə və qonşu ölkələrdən gələn suların bir hissəsinin ərazimizdə toplanmasına baxmayaraq, əhalinin sayı, ərazinin xüsusiyyətləri, relyef və iqlim baxımından şirin su ilə bağlı problemlərimiz var və bunun artacağı gözlənilir”.

Ekoloq bildirib ki, bu məsələnin ən qüsurlu tərəfi onun qiyməti ilə bağlıdır:

“Duzsuzlaşdırılmış su digər alternativ mənbələrdən əldə edilən su ilə müqayisədə baha başa gəlir. Duzsuzlaşdırma texnologiyası, eləcə də bu prosesdə istifadə olunan avadanlıqların ehtiyat hissələri, filtrlər və membranlar kifayət qədər bahalıdır. Buna görə də xərcləri dövlətin qarşılaması normaldır. Çünki dövlətin vətəndaşları təmiz və keyfiyyətli içməli su ilə təmin etmək öhdəliyi var. Duzsuzlaşdırılmış suyun bütün böyük şəhərlərin tələbatını ödəyəcəyini düşünmürəm. Bu, yalnız alternativ mənbələrdən biri ola bilər. Eyni zamanda, istifadə olunmuş suları da təmizləyərək texniki su kimi istehsalatda və digər uyğun sahələrdə yenidən istifadə etməliyik. Qonşu ölkə Türkiyədə bəzi binalarda istifadə olunmuş sular təmizləyici qurğulardan keçirildikdən sonra, məsələn, avtomobillərin yuyulmasında istifadə edilir. Biz isə Quba və Oğuzdan milyonlarla dollar vəsait hesabına qurulmuş infrastruktur vasitəsilə Bakıya gətirilən suyu avtomobil yuma məntəqələrində sərf edirik. Halbuki bu məqsədlər, eləcə də yaşıllıqların suvarılması üçün texniki sudan istifadə etmək mümkündür”.

Ekspert qeyd edib ki, su ehtiyatlarının qorunması üçün müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır:

“Məsələn, Hövsan yolu boyunca qazon sahələri gündən-günə artır. Halbuki Bakı üçün qazon adlandırdığımız həmişəyaşıl ot örtüyü uyğun seçim deyil. Bu bitki növü bataqlıq şəraitinə uyğunlaşdığı üçün yay aylarında gündə iki dəfə, səhər və axşam suvarılmağa ehtiyac duyur. Buna görə də şəhərin yaşıllaşdırılmasında, eləcə də həyət və bağlarda, villaların ərazilərində bu cür bitkilərdən istifadə məhdudlaşdırılmalıdır. Qazonlar nə qədər cəlbedici görünsə də, təbii resurslarımızın qədrini bilməli, sudan israfçılığa yol vermədən və qənaətlə istifadə etməliyik. Körfəz ölkələrinin təcrübəsinə də bu baxımdan diqqət yetirmək lazımdır. Həmin ölkələrin bir çoxu bizdən daha varlı olsa da, su ehtiyatlarının məhdudluğu səbəbindən yüksək su sərfiyyatı tələb edən yaşıllaşdırma üsullarının tətbiqinə ehtiyatla yanaşır. Belə ərazilərin saxlanılması həm su, həm insan resursları, həm də infrastruktur və su təchizatı şəbəkəsi baxımından əlavə xərc tələb edir. Su təchizatını həyata keçirən aidiyyəti qurum bu sahədə müntəzəm nəzarəti təmin etməli, suyun keyfiyyətini davamlı şəkildə yoxlamalıdır”.// globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki