İş saatları dəyişir? İqtisadçıdan əmək bazarı ilə bağlı AÇIQLAMA

image-images-2026-10-19t124753-637backend
image-uzb_ads_desk

İşə erkən başlamaq, saatlarla tıxacda qalmaq və uzun iş saatları müasir əmək bazarında həm işçilərin sağlamlığına, həm də əmək məhsuldarlığına təsir edən əsas amillərdəndir. Bir çox hallarda işçilərin iş yerində keçirdiyi vaxt onların real fəaliyyətinin səmərəliliyi ilə üst-üstə düşmür. Bəs iş qrafikinin dəyişdirilməsi, işə başlama saatlarının fərqləndirilməsi və çevik iş rejiminin tətbiqi əmək məhsuldarlığını artıra, stressi azalda və iqtisadi səmərəliliyi yüksəldə bilərmi?

Mövzu ilə bağlı açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, iş qrafikinin dəyişdirilməsi bütün sahələrdə eyni qaydada tətbiq edilməməli, hər bir sektorun xüsusiyyətləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, işə başlama saatlarının fərqləndirilməsi ilk növbədə nəqliyyat sıxlığının azaldılmasına xidmət edə bilər.

“İş qrafikinin dəyişdirilməsi iş saatlarının daha tez bitməsi demək deyil. Məsələn, bir müəssisədə iş saatı 09:00-da, digərində isə 10:00-da başlaya bilər. Bu, insanların eyni vaxtda yola çıxmasının qarşısını almaq və tıxacların yükünü azaltmaq məqsədi daşıyır. Hamı eyni saatda işə gedəndə, tədris müəssisələrində də dərslər eyni vaxtda başlayanda yollarda sıxlıq daha da artır. Buna görə də iş qrafiklərinin fərqləndirilməsi təkcə əmək məhsuldarlığı və işçilərin sağlamlığı baxımından deyil, nəqliyyat probleminin həlli istiqamətində də əhəmiyyətlidir”, – ekspert qeyd edib.

G.Hüseynova əmək məhsuldarlığının artırılması üçün iş vaxtının deyil, görülən işin nəticəsinin əsas götürülməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, işçi üzərinə düşən vəzifələri daha qısa müddətdə yerinə yetirirsə, həmin şəxsin qalan vaxtı səmərəsiz şəkildə iş yerində keçirməsi məqsədəuyğun deyil.

“Əgər işçi ona tapşırılan işi səkkiz saat əvəzinə dörd-beş saata tamamlaya bilirsə, əlavə üç-dörd saat iş yerində gözləməsinə ehtiyac olub-olmadığı nəzərdən keçirilməlidir. Həmin vaxtın daha səmərəli istifadəsi işçinin başqa fəaliyyətlə məşğul olmasına, əlavə gəlir qazanmasına və ümumilikdə iqtisadi fəallığın artmasına şərait yarada bilər”.

İqtisadçı uzaqdan işləməyin mümkün olduğu sahələrdə də çevik iş rejiminə üstünlük verilməsini məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, işini kompüter vasitəsilə məsafədən idarə edə bilən əməkdaşın hər gün saatlarla yolda vaxt itirməsi zəruri deyil. Belə işlərdə məsafədən çalışma imkanlarının genişləndirilməsi həm vaxta qənaət, həm də əmək səmərəliliyi baxımından faydalı olar.

Ekspert iş rejiminin insanların psixoloji vəziyyətinə təsirinə də diqqət çəkib. Bildirib ki, uzun müddət tıxacda qalmaq, erkən saatlarda evdən çıxmaq və gec saatlarda geri qayıtmaq stress səviyyəsini yüksəldə, bu isə işçinin fəaliyyətinə mənfi təsir göstərə bilər.

“İşçinin psixoloji vəziyyəti onun əmək fəaliyyətində özünü göstərir. Uzun müddət tıxacda qalmaq stressi və əsəbiliyi artırır. Nəticədə iş məhsuldarlığı da aşağı düşə bilər. Buna görə də sahələrin xüsusiyyətlərinə uyğun iş qrafikləri müəyyənləşdirilməli, əmək məhsuldarlığının yüksəldilməsinə yönələn proqramlar hazırlanmalıdır”, – G.Hüseynova vurğulayıb.

O, əmək məhsuldarlığının artırılması üçün işçi hüquqlarının qorunmasını da vacib şərtlərdən biri hesab edir. Ekspertin fikrincə, bəzi iş yerlərində əməkdaşların istirahət və nahar fasilələrindən tam istifadə edə bilməməsi iş rejiminin səmərəliliyinə mənfi təsir göstərir.

“İşçinin bir saatlıq nahar fasiləsi varsa, həmin vaxtdan tam istifadə etməsinə şərait yaradılmalıdır. Təəssüf ki, özəl sektorda elə hallar olur ki, əməkdaş cəmi beş-on dəqiqə ərzində yeməyini yeyərək yenidən işə qayıdır. Halbuki nahar fasiləsi işçinin istirahəti və şəxsi ehtiyacları üçün nəzərdə tutulub. Bu müddətdə onun iş yerində qalması da məcburi olmamalıdır. Belə hallar əmək məhsuldarlığına mənfi təsir göstərən amillərdəndir”, – ekspert bildirib.

G.Hüseynova iş saatlarının yuxu rejiminə və fərdi bioloji ritmə uyğunlaşdırılmasının da əhəmiyyətini qeyd edib. Bununla belə, yeni iş qrafikinin bütün sahələr üçün eyni dərəcədə uyğun olmayacağını bildirib.

Onun sözlərinə görə, xüsusilə restoran və digər xidmət sahələrində iş prosesi fərqli təşkil olunur. Məsələn, bəzi restoran əməkdaşları hazırlıq işlərinə görə səhər saat 05:00-06:00-da oyanmalı olurlar. Bu sahələrdə işə başlama vaxtının gecikdirilməsi iş prosesinin vaxtında tamamlanmasına mane ola bilər. Buna görə də hər bir müəssisənin iş yükü, əməkdaşların vəzifələri və xidmətin göstərilmə saatları nəzərə alınmalıdır.

Ekspert mağazalarda çalışan satıcıların iş rejiminə də diqqət çəkib. O, bildirib ki, uzun iş saatları, erkən işə başlamaq və evə gec qayıtmaq əməkdaşların stress səviyyəsini artıra bilər. Bu isə müştərilərlə ünsiyyətdə də özünü göstərir.

“Bəzən alıcı məhsulla bağlı məlumat almaq istəyəndə satıcı ona sərt cavab verir. Halbuki bu münasibətin səbəbi müştəri deyil, işçinin həddindən artıq yorulması və gərginliyidir. Ona görə də əmək məhsuldarlığını artırmaq üçün ilk növbədə işçilərin psixoloji vəziyyətinə və əmək şəraitinə diqqət yetirilməlidir. İqtisadi səmərəlilik əldə etmək üçün insan amili nəzərə alınmalıdır”, – deyə G.Hüseynova bildirib.

İqtisadçı yekunda qeyd edib ki, çevik iş qrafiki və iş saatlarının fərqləndirilməsi müəyyən sahələrdə əmək məhsuldarlığının yüksəlməsinə töhfə verə bilər. Lakin belə dəyişikliklər tətbiq olunarkən bütün sektorların xüsusiyyətləri nəzərə alınmalı, əsas meyar işçinin üzərinə düşən vəzifələri keyfiyyətlə və vaxtında yerinə yetirməsi olmalıdır.// Konkret.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki