“Bruegel” analitik mərkəzinin araşdırmasına görə, Avropada insanları və müəssisələri enerji qiymətlərinin sürətli artımından qorumaq üçün xərclənən vəsait 800 milyard avroya qədər artıb.
Busaat.az xəbər verir ki, bu barədə “Reuters” yazır.
Məlumata görə, 2021-ci ilin sentyabrından Avropa İttifaqının (Aİ) üzvləri 681 milyard avro, Böyük Britaniya 103 milyard, Norveç isə 8,1 milyard avro ayırıb və ya ayırmağı planlaşdırır.
Beləliklə, enerji böhranının aradan qaldırılması üçün ümumi xərclər noyabrda 706 milyard avrodan 792 milyard avroya çatıb, çünki ölkələr Rusiyanın regiona qaz tədarükünü kəsməsinin nəticələri ilə mübarizə aparmağa davam edir.
Almaniya daha çox, 270 milyard avro xərcləyib ki, bu da Avropanın qalan hissəsindən əhəmiyyətli dərəcədə yüksək göstəricidir. Avrozonanın ən böyük iqtisadiyyatının arxasında 150 milyard avrodan az xərcləyən Böyük Britaniya, İtaliya və Fransa dayanır. Adambaşına ən çox pul xərcləmişlər Lüksemburq, Danimarka və Almaniyadır.
Ölkələrin enerji böhranı ilə bağlı xərcləmələri koronavirus pandemiyasından xilas olmaq üçün ayrılan 750 milyard avroluq fondla müqayisə edilə bilər.
Analitiklərin fikrincə, hökumətlər dəstəklərinin böyük hissəsini benzinə ƏDV-nin azaldılması və ya elektrik enerjisinin pərakəndə satış qiymətlərinin məhdudlaşdırılması kimi pərakəndə enerji qiymətlərinin məhdudlaşdırılmasına yönəlmiş tədbirlərə yönəldiblər.
Nəticə etibarı ilə, dövlətlərin bu böyüklükdə maliyyələşdirməyə uzunmüddətli dəstəyi davam etdirmək üçün maliyyə ehtiyyatları tükənir. Tədqiqat müəllifləri bunun əvəzinə əhalinin aşağı gəlirli təbəqələrini və iqtisadiyyatın strateji sektorlarını dəstəkləməyi daha məqsədəuyğun hesab edirlər.