Havaların isti keçməsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sərinləşdirmə sistemləri barədə narahatlıqlarının yaranmasına səbəb olub.
Busaat.az xəbər verir ki, havanın isti keçməsinə baxmayaraq, bəzi avtobuslarda sərinləndirmə sistemi işə salınmır.
Problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-a bildirib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub:
“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır”.
O qeyd edib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib:
“Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir”, – deyə Tural Orucov əlavə edib.