Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau Hava Limanı yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.
Busaat.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.
“Hazırda “Azerbaijan Airlines” aviaşirkətinin Embraer 190 4K-AZ65 hava gəmisinin aviasiya hadisəsinin araşdırılması üzrə komissiya Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 13-cü əlavəsinin müəyyən etdiyi standartlara və tövsiyə olunan təcrübəyə uyğun olaraq işini davam etdirir”, – nazirlikdən Rusiya və Azərbaycanın xarici siyasət idarələrinin bəyanatından sonra istintaqın davam etdirilməsinin və ya dayandırılmasının planlaşdırılıb-planlaşdırılmadığı sualına cavabda qeyd edilib.
Nazirlikdən vurğulanıb ki, təhqiqat başa çatdıqdan sonra yekun hesabat Qazaxıstan Nəqliyyat Nazirliyinin rəsmi saytında dərc olunacaq:
“Hesabatda aviasiya hadisəsinin müəyyən edilmiş səbəbləri, komissiyanın nəticələri və tövsiyələri əks olunacaq”.








