Davamlı sabitlik, qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı effektiv mübarizə hər bir dövləti daha da güclü edən əsas amillərdəndir.
Bu gün dayanıqlı iqtisadi inkişafa nail olan, müstəqil siyasət yeridən, tərəfdaşları ilə etibarlı əlaqələr quran Azərbaycan dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən həm də “sabitlik adası” kimi tanınır. Təsadüfi deyil ki, ölkəmiz son illər mühüm siyasi-iqtisadi tədbirlərə, mədəniyyətlər və dinlərarası sammitlərə, böyük idman yarışlarına uğurla ev sahibliyi edir. Mürəkkəb və həssas coğrafi regionda yerləşən Azərbaycanda sabitliyi, asayişi qorumaq, həm vətəndaşların, həm də xarici turistlərin, çoxsaylı nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etmək o qədər də asan deyil. Bütün bu sadalanan məsələlərin arxasında Azərbaycan polisinin əməyi, gecə-gündüz bilmədən ayıq-sayıqlığı, dövlətə və xalqa xidmətinin nümunəsi dayanır.
Daxili İşlər Nazirliyi rəhbərliyinin, hər bir əməkdaşının vəzifəsi və amalı budur – dövlətə, dövlətçiliyə sadiqlik, asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizəni davam etdirmək, vətəndaşın etimadını qazanmaq. Həmin çətin, məsuliyyətli, eyni zamanda şərəfli missiyanın öhdəsindən layiqincə gəlməyə çalışan daxili işlər orqanları əməkdaşlarının iyulun 2-i peşə bayramıdır.
Ötən əsrdən başlayan çətin və şərəfli bir yol
Azərbaycan polisi çətin və şərəfli bir yol keçib. Ölkəmizdə polis orqanı tariximizin şanlı səhifələrindən biri sayılan Xalq Cümhuriyyəti ilə yaşıddır. Müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan dərhal sonra qurucu babalarımız mühüm bir sənədə imza atırlar. 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk və nizamlı polis qüvvələri təşkil edilir. Elə ilk günlərdən gənc dövlətin polis əməkdaşları ölkədə qayda-qanun yaradılması, eləcə də ermənilərin törətdiyi vəhşiliklərin qarşısının alınması üçün qətiyyətli addımlar atırlar.
Təəssüf ki, göstərilən bütün səylərə baxmayaraq gənc cümhuriyyəti qorumaq mümkün olmur və Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edilir. Sovet dövrünün tələblərinə uyğun milis qüvvələri formalaşdırılır. Siyasi formasiyalar, idarəçilikdə ideoloji yanaşmalar dəyişə də daxili işlər orqanlarının əməkdaşları qarşısında qoyulan vəzifələr dəyişməyib- respublikanın hər yerində əmin-amanlığın, ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi. Daxili İşlər Nazirliyinin tabeliyindəki bütün qurumlar bu tapşırıqların yerinə yetirilməsi üçün bilik və bacarıqlarını əsirgəməyiblər.
Ulu Öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də respublikanın rəhbəri seçildikdən sonra daxili işlər orqanlarında da mühüm işlər həyata keçirilir, peşəkar və milli kadrların hazırlanaraq mühüm vəzifələrə irəli çəkilməsi, maddi-texniki bazanın gücləndirilməsi yol ilə xidmət keyfiyyətinin artırılması, şəffaflığı təmin etməklə vətəndaşların Daxili İşlər Nazirliyi sisteminə inamının qaytarılması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atılır.
Tarix və zaman xalqımıza öz müstəqilliyini bərpa etmək üçün ikinci dəfə şans yaradır. Lakin yenidən müstəqilliyini əldə edən ölkəmizdə sabitliyin olmaması, mərkəzi idarəçilikdə səriştəsizlik, daxili siyasi çəkişmələr, separatizm meylləri və üstəlik də Ermənistanın işğalçılıq hərəkətləri Azərbaycanı real təhlükə ilə üz-üzə qoyur. Xalqın israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində dövlətin vacib strukturlarında-o cümlədən, Daxili İşlər Nazirliyində ciddi islahatlar aparılır, mühüm işlər görülür. Ümummilli Lider Heydər Əliyev daxili işlər orqanlarının vəzifə və hədəflərini konkret müəyyənləşdirir: “Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır”.
Ali rəhbərliyin tapşırıqlarını, hüquq və vəzifələrini düzgün yerinə yetirən Azərbaycan polisi həmin mürəkkəb vaxtlarda bir-birinin ardınca baş verən dövlət çevrilişlərinin qarşısını almağı bacardı, vətəndaşları qorxu içində saxlayan qanunsuz silahlı qruplaşmalar, kriminal ünsürlər tərksilah edildi. Gənc dövlətdə sabitlik bərpa olundu, vətəndaşların əmin-amanlığı, vacib dövlət obyektlərinin mühafizəsi həyata keçirildi. İnsanlarda dövlətə, onun polisinə etimad artdı, onlarda sabah inam yarandı.
Yeri gəlmişkən, ölkədə Polis gününün iyulun 2-də qeyd edilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır, belə ki, Heydər Əliyevin 1998-ci il mayın 24-də imzaladığı 710 saylı Fərmanla daxili işlər orqanlarında çalışanların peşə bayramı hər il iyulun 2-də qeyd olunur.
Hər şey Vətən üçün
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimiz bütün sahələrdə mühüm nailiyyətlər qazanmaqdadır. Ölkədə aparılan islahatlar Daxili İşlər Nazirliyinin çoxşaxəli və gərgin fəaliyyətində də özünü göstərir. Dövlət başçısının “Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti, peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır”- tapşırığını daxili işlər orqanlarının hər bir əməkdaşı əzmlə yerinə yetirməyə çalışır.
Bir neçə il öncə bütün dünya COVİD-19 infeksiyasının yaratdığı ciddi təhlükə ilə üz-üzə qalmışdı. Vətəndaşların sağlamlığını qorumaq, koronovirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq, xəstəliyin vurduğu ziyanı azaltmaq üçün dövlətin atdığı təsirli addımlarla yanaşı həmin dövrdə polis əməkdaşlarının fədakarlığını xalqımız müsbət qiymətləndirir. Çünki sərt karantin rejimi tətbiq edilən müddətdə öz həyatlarını real təhlükəyə atan Azərbaycan polisinin fəaliyyəti xidməti vəzifə ilə yanaşı həm də əsl vətəndaşlıq mövqeyi idi.
Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. İqtisadi və hərbi gücü, dünyada nüfuzu, daxili sabitliyi, eləcə də dövlət-xalq birliyi sayəsində 44 günlük Vətən savaşında torpaqlarımız erməni işğalından azad olundu, ölkənin suverenliyi, ərazi bütövlüyü tam təmin edildi. Düşmən tapdağından azad edilən doğma yurdlarımızda qürurla dalğalanan üç rəngli dövlət bayrağımız gücümüzün, zəfərimizin, birliyimizin simvoludur.
Vətən müharibəsində, xüsusilə bir günlük anti-terror əməliyyatlarında Azərbaycan polisi böyük qəhrəmanlıq nümayiş etdirdi. Dövləti, torpağı canından əziz sevərək işğalçıya sarıdıcı zərbə vuran polislərimiz birinci Qarabağ savaşında şəhidlik zivəsində ucalan poqon yoldaşlarının da ruhlarını sevindirdilər.
İşğaldan azad edilən ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün Daxili İşlər Nazirliyi bu gün konkret addımlar atır, öz üzərinə düşən işləri əzmlə yerinə yetirir.
İnformasiya texnologiyalarının sürətlə artdığı bir dövrdə kibercinayətkarlığın, narkotiklərin qanunsuz dövriyyəsinin və insan alverinin artması cəmiyyət üçün problemə çevrilməkdədir. Belə hallara qarşı mübarizə üçün yeni texnoloji avadanlıq və texnika, metod və yanaşma tələb olunur. Dövlət başçısının diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi ən müasir texniki avadanlıq, nəqliyyat vasitələri ilə təmin edilir, daxili işlər orqanlarının maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Kibercinayətkarlığa, o cümlədən digər qanunsuz əməllərə qarşı aparılan mübarizədə qazanılan uğurlar Daxili İşlər Nazirliyində fəaliyyətin düzgün istiqamətdə qurulduğunu sübut edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında daxili işlər orqanlarının işinə dəfələrlə yüksək qiymət verib: “Mən çox şadam ki, Azərbaycan polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Azərbaycanda cinayətkarlığa qarşı mübarizə yüksək səviyyədədir”.
Ölkə başçısının verdiyi yüksək qiymət polis əməkdaşlarını ruhlandırmaqla yanaşı onların məsuliyyətini daha da artırır. Sabitliyin möhkəmləndirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması, idarəetmədə şəffaflığın təmin olunması, xalqın polisə inamının artırılması, maarifləndirmə işinin gücləndirilməsi sahəsində qazanılan uğurlar belə düşünməyə əsas verir.
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu ilin ilk rübünün yekunları ilə bağlı keçirilən DİN Kollegiya iclasında söylədikləri buna sübutdur:
“Qeydə alınmış 8.930 cinayətin 85 faizi açılıb. Ağır, xüsusi ilə ağır cinayətlər, qəsdən sağlamlığa ağır zərər vurmalar, mülkiyyət əleyhinə olanlar, xüsusi ilə oğurluqlar, soyğunçuluqlar, quldurluqlar, informasiya texnologiyalarından istifadə etməklə törədilənlər, habelə qrup halında və ailə münaqişəsi zəminində baş verənlər, əvvəllər məhkum olunmuşlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquqa zidd əməllər 2023-cü ilin 3 ayı ilə müqayisədə azalıb”.
Ölkəmiz iki mühüm hadisə ərəfəsindədir. Sentyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Noyabrda isə paytaxtımız BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ev sahibliyi edəcək. Hər iki mühüm dövlət əhəmiyyətli tədbirdə DİN-nin üzərinə də böyük işlər düşür.
İnanırıq ki, daxili işlər orqanlarının rəhbərliyi və bütün şəxsi heyəti onlara tapşırılan bu vəzifələrin də öhdəsindən layiqincə gəlməyi bacaracaqlar. Çünki bu gün peşə bayramını qeyd edən Azərbaycan polisi hər zaman olduğu kimi, bu gün də Dövlətin yanında, xalqın arasındadır!